Yuxarı

SOCAR etibarını itirir?

SOCAR etibarını itirir?

"Standard & Poors" (S&P) beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini "BB" səviyyəsindən "BB-" səviyyəsinədək azaldıb. Təşkilatın yaydığı məlumata görə, reytinq üzrə proqnoz stabildir. S&P SOCAR-ın uzunmüddətli korporativ kredit reytinqini "CreditWatch Negative" siyahısından çıxarıb. "Reytinqin aşağı salınmasına səbəb odur ki, fikrimizcə, SOCAR-ın yüksək və artan borclanmasından irəli gələn risklərin kompensasiyası üçün dövlət dəstəyi kifayət qədər olmaya bilər. Bundan başqa, SOCAR-ın yüksək əsaslı xərcləri, aqressiv maliyyə siyasəti də qərarımıza təsir edib", - deyə məlumatda vurğulanıb.

Bununla yanaşı, S&P qeyd edir ki, SOCAR dövlətin neft-qaz sektorunda əsas aktivi olduğu üçün zərurət yarandığı halda hökumət dövlət şirkətinə lazımi dəstəyi verəcək. S&P SOCAR-ın Azəri-Çıraq-Günəşli layihəsində payının 11,6 faizdən 25 faizədək artırılmasını şirkətə verilən davamlı dəstəyin bariz nümunəsi kimi dəyərləndirir.

Bundan başqa, agentlik qeyd edir ki, ölkənin bank sektorunun zəifləməsi SOCAR-a da neqativ təsir edib. Buna baxmayaraq, S&P iddia edir ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xarici öhdəliklərinin restrukturizasiyasının SOCAR-a təsiri məhduddur.

SOCAR-ın xarici öhdəliklərinin kifayət qədər böyük hissəsinin ABŞ dollarında ifadə olunmasına diqqət çəkən S&P bildirir ki, bu, dövlət şirkətini valyuta risklərinə məruz qoyur. Buna baxmayaraq, S&P vurğulayır ki, SOCAR-ın likvidliyi idarəolunan səviyyədədir. S&P hesab edir ki, yaxın 2 il ərzində SOCAR-ın reytinqinin yüksəlməsi sual altındadır. Bunun əsas səbəbi kimi şirkətin öhdəliklərinin yüksək olması göstərilir.

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə bildirib ki, Dövlət Neft Şirkətinin fəaliyyətinin əsas hissəsi maraqlar əsasında qurulur:

"SOCAR Azərbaycanın əsaslı investor şirkətlərindən biridir. Yəni, Azərbaycanı investisiya ölkəsi kimi tanıdan SOCAR olub. Şirkət öz layihələri ilə Rumıniyada, Ukraynada, Gürcüstanda və digər dövlətlərdə çıxış etməklə Azərbaycanı investisiya tələb edən ölkələr sırasına qoşub. Amma enerji bazarında qiymətlərin düşməsi nəticəsində SOCAR çətin duruma düşdü. Bu çətin durum xarici borclarla bağlıdır. Şirkət maliyyə mənbələri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmədi, hazırda da kifayət qədər borcu var. Doğrudur, hökumət hardasa bu borclara qarantiya verir, amma bu göstəricilər şirkətin cazibədarlığına, reytinqinə təsir edir. Bu, aksiomdur. Sadə misal gətirək, bankdan kredit almaq istəyən vətəndaşın kredit tarixçəsinə baxırlar. Kimdir, nəçidir, krediti ödəməyə qabiliyyəti varmı-yoxmu bunlar öyrənilir. Kifayət qədər kredit borcu olan vətəndaşa kredit verilmir. Amma kimin ki, problemi yoxdur, krediti vaxtında ödəyir, ona dərhal imtiyazlı şərait yaradılır. Bu, müştərinin cazibədarlığını artırır, reytinqini yüksəldir. Şirkətlə də bağlı vəziyyət eynidir”.

İqtisadçının sözlərinə görə, son iki il ərzində SOCAR sürətlə özünü itirməkdədir:

"Təsadüfi deyil ki, bu gün hansısa reytinq agentlikləri onun cazibədarlığının aşağı düşdüyünü qeyd edirlər. SOCAR çətin bir dövrə gəlib çatandan sonra istiqrazlar buraxdı. Bu, birbaşa şirkətin ağır durumda olmağı haqqında bir işarə idi. İqtisadiyyatda belə anlayış var, vəziyyəti haqqında mənfi proqnozlar verilən dövrdə istiqrazların, səhmlərin buraxılması, birbaşa çətinlik haqqında siqnaldır. Şirkət bununla çox sadəlövh yola getdi. İctimaiyyətə məlum oldu ki, proses nə yerdədir. Reytinq təşkilatları çox yaxşı bilir ki, şirkətin kimə nə qədər borcu var, öhdəlikləri nə vaxt götürüb və nə vaxt verilməlidir. Agentlik bunların hamısını əsas tutaraq şirkəti bu cür qiymətləndirib. Bu da təbiidir”.

Bugünkü reytinq göstəricisi SOCAR-ın investisiya fəaliyyətinə necə təsir göstərəcək?

İqtisadçı hesab edir ki, şirkətin reytinqinin aşağı düşməsi, investisiya fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir etməyəcək:

"Çünki investorlar hansısa ölkə qarşısında təkliflə çıxış edirlər. Sərmayə qoymalıdır ki, həmin layihə həyata keçsin. Bu nöqteyi-nəzərdən hesab etmirəm ki, reytinqinin aşağı düşməsi SOCAR-ın imicinə təsir edəcək. Ancaq öz aktivlərinə yeni investisiyaların cəlb olunmasına, şübhəsiz mənfi təsir göstərəcək. Ən azından investisiya fondları, institusional mərkəzlər danışıqlara gedəndə onu əsas tutacaqlar ki, şirkət borc altındadır”.

SOCAR reytinqini artırmaq üçün nə etməlidir?

Fuad İbrahimovun qənaətincə SOCAR reytinqini artırmaq üçün ilk növbədə şəffaf audit aparmalıdır:

"Ümumiyyətlə, şirkət öz çətinliklərini açıq bəyan etməlidir. Qərb iqtisadiyyatda bu növ bəyanatlar şirkətin sağlam fikirləri haqqında məlumat verir. Müxtəlif yollarla öz çətin vəziyyətini maskalayıb, ört-basdır etməklə ki, "vəziyyətim yaxşıdır” demək, şübhələri artırır. İnformasiya texnologiyaları dövründə ehtiyatla yanaşmaq lazımdır ki, ömürlük damğa vurulmasın. İlk növbədə sağlam, şəffaf audit aparmaqla mövcud problemləri bəyan etmək lazımdır. Eyni zamanda da şəffaf layihə irəli sürülməlidir ki, perspektivdə bu problemlərdən necə çıxmaq olar. Əgər bunlar olsa, daha tez və sağlam investisiya cəlb etməklə vəziyyətdən çıxmaq olar”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları