Yuxarı

Kredit bazarı çöküb: Bank vermir, istehlakçı da almır

Kredit bazarı çöküb: Bank vermir, istehlakçı da almır

Devalvasiyadan sonra bankların kredit şərtlərini ağırlaşdırması kredit portfelinin azalmasına səbəb oldu.Kredit portfelinin ümumi həcmində azalmalar olsa da, bu özünü ən çox istehlak kreditlərində büruzə verir. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Pul Siyasəti İcmalında göstərilir ki, 2017-ci ilin 9 ayında istehlak tələbinin komponentlərindən biri olan ev təsərrüfatlarına verilən kreditlərdə 16.7 faiz azalma müşahidə olunub. Eyni sahə üzrə verilən kreditlərdə isə ötən il 30.1 faiz azalma qeydə alınmışdı. İstehsal kreditlərinin həcminin azalmasını ekspertlər bir neçə amillə əlaqələndirir.

İqtisadçı ekspert Vüqar Bayramov "Cümhuriyət” qəzetinə şərhində istehlak kreditlərinin həcminin azalmasını bankların ağır kredit şərtləri və yüksək faiz tətbiq etməsi ilə əlaqələndirib:

"İstehlak kreditlərinin həcminin azalması gözlənilən idi. Çünki banklar kredit şərtlərini ağırlaşdırıb və kredit üçün müraciət edən vətəndaşların imkanlarını xeyli məhdudlaşdırıb.Digər tərəfdən, xüsusilə, manatın iki devalvasiyasından sonra vətəndaşların istehlak kreditinə marağı azalıb.Alıcılıq qabiliyyətinin aşağı düşməsi müşahidə olunur.Nəticədə əvvəlki dövrlərlə müqayisədə, neftin qiymətinin ucuzlaşması əhalinin gəlirlərinə ciddi təsir göstərdi.Bu amilin özü də istehlak kreditlərinə tələbin azalmasına səbəb oldu.Eləcə kreditlərin ödənişi ilə yaranan problemlər də istehlak kreditlərinin həcminin azalmasına təsir göstərdi.Kredit tarixçəsi pisləşən vətəndaşların sayı artır və artıq onlar kredit almaq imkanına malik deyillər.Bu baxımdan istehlak kreditlərinin həcminin azalması bir tərəfdən, şərtlərin ağır olmasıdırsa, digər tərəfdən, vətəndaşların müraciət imkanlarının, xüsusilə də kredit tarixçəsi ilə bağlı məhdudlaşması ilə bağlıdır”.

Vüqar Bayramov hesab edir ki, növbəti dövrlərdə də istehlak kreditlərinin həcminin artması gözlənilmir:

"Çünki şərtlər ağır, faizlər yüksək olaraq qalır. Yəni, bir tərəfdən, banklar iş yerindən arayış tələb edir, digər tərəfdən faizlər yüksəkdir və bu da kreditlər əlçatanlığını itirir. 

Digər tərəfdən, kredit tarixçəsi pisləşən vətəndaşların tarixçələrini yaxşılaşdırılması ilə problemlər qalmaqdadır.Təklif edirik ki, devalvasiya zamanı kredit tarixçəsi pisləşən, ancaq sonradan ödəniş edən vətəndaşların kredit tarixçəsi yaxşılaşdırılsın.Kredit tarixçəsi baxımından güzəştlər olunsun ki, onlar yenidən istehlak kreditlərindən istifadə edə bilsin.
Xüsusilə, postneft dövründə problemli krediti olan hər bir vətəndaşın kredit tarixçəsinin pisləşməsi doğru deyil.Bu baxımdan çox vacibdir, xüsusilə, ödənişi bərpa etmiş vətəndaşların kredit tarixçəsi yaxşılaşdırılsın.Əks halda, istehlak kreditinə olan tələbin azalması davam edəcək.Əmək müqavilələri elektrondur.Harda işləməyindən asılı olmayaraq, ancaq elektron əmək müqaviləsi olan şəxslər kredit üçün müraciət edə bilər.Elektron olmayan əmək müqaviləsi anlayışı artıq yoxdur.Əgər müqaviləsi varsa, o, artıq elektron olacaq”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları