Yuxarı

Yağdan sonra ət - Ucuzlaşma növbəsində hansı məhsul var?

Yağdan sonra ət - Ucuzlaşma növbəsində hansı məhsul var?

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. İndiyədək bu dərəcə 15 faiz idi.

Maraqlıdır, yağdan sonra hansı məhsulun gömrük rüsumunun azaldılmasına ehtiyac var?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bu haqda danışıb:

"Azərbaycana gətirilən məhsulların böyük əksəriyyətində gömrük rüsumu yüksəkdir. Məhsullara 15 faizlik rüsum tətbiq olunur. Yerli istehsalın tələbatı ödəmədiyi, bu səbəbdən xaricdən gətirilən həmin məhsulların gömrük rüsumunun 15 faizdən aşağı salınması müsbət addım olardı. Yerli istehsal zəifdirsə, tələbatı tam ödəmirsə, həmin məhsullara 15 faizdən aşağı rüsum tətbiq etmək lazımdır”. 

Maraqlıdır, gömrük rüsumunun azaldılması kütləvi ola bilərmi:

"Birdən-birə bir neçə məhsul üzrə gömrük rüsumlarının aşağı salınması büdcəyə ayırlan planın doldurulması ilə bağlı problemlər yaradacaq. Ola bilər ki, gömrük orqanlarının büdcə qarşısında öhdəlikləri məsələsi bir çox məhsullarda gömrük rüsumlarının endirilməsinə mane olsun. Hökumətin qlobal yanaşması olsa, 2018-ci il gömrük orqanlarından yığılacaq məbləğlərin, planın azaldılması da gündəmə gəlməlidir. Gömrük orqanları gələn il üçün 2 milyarddan daha artıq vəsait toplamalıdır. Proqnozun azaldılması da gündəmə gəlsə, o zaman ölkəmizə gətirilən bir çox məhsul növləri üzrə gömrük rüsumları azaldıla bilər. Lakin bunun kütləvi şəkildə olacağına inanmıram. Əks halda büdcəyə daxilolmalar ciddi şəkildə azala bilər”.

N.Cəfərlinin sözlərinə görə yağdan sonra ət və ət məhsulları üzrə gömrük rüsumunun aşağı salınması zəruridir: 

"Azərbaycana xaricdən gətirilən toyuq ətinin gömrük rüsumu son zamanlar daha da artıb. Bununla belə, xarici ölkələrdən gətirilən toyuq ətlərinin sayının azaldığı müşahidə edilib. Bəzi proqnozlarda bildirilirdi ki, xaricdən ölkəmizə daha az sayda toyuq əti gətirilərsə, bu zaman yerli istehsal artar, bazarda ucuzlaşma olar. Yerli istehsalçılar xaricdən gətirilən toyuq ətinin qiymətinin yüksəlməsini görüb qiymətləri daha da qaldırdı. Quş ətinə qoyulan gömrük rüsumu 5 faizədək endirilə bilər. Ətə tələbat artsa da, istehsal səviyyəsi aşağıdır. Ən çox qiymət artımı ət və ət məhsullarında müşahidə edilir. Bu sahədə də gömrük rüsumları aşağı salınmalıdır”.

Nigar





Həftənin ən çox oxunanları