Yuxarı

AZAL-a 1.9 milyard dollarlıq yatırım

AZAL-a 1.9 milyard dollarlıq yatırım

AZAL şirkəti  ilə Boeing arasında 5 ədəd Boeing 787 Dreamliner təyyarəsinin alınmasına dair razılaşma əldə olunub. Qeyd edək ki, razılaşma Dubayda keçirilən 2017 Dubai "Air Show "beynəlxalq aviasərgidə elan olunub.

Elan olunmuş sövdələşmənin reallaşdırılması nəticəsində AZAL-ın Boeing şirkətindən aldığı 787 Dreamliner təyyarələrinin sayı 7-yə çatdırılacaq. Azərbaycanın Boeing ilə razılaşdırdığı 5 ədəd 787 Dreamliner təyyarəsi sifarişinin ümumi dəyəri hazırkı qiymətlə 1.9 milyard dollar təşkil edir. Bununla yanaşı Azərbaycanın Boeing-dən 2 genişfüzelyajlı yükdaşıyan təyyarə almaq niyyəti də şənbə günü açıqlanıb. Yükdaşıyan təyyarələrin alınmasına dair sənədin bir müddətdən sonra Boeing ilə AZAL arasında rəsmiləşdiriləcəyi gözlənilir.

Məlumdur ki, bu gün ölkədə ciddi maliyyə çatışmazlığı var. Bu baxımdan AZAL-ın 1.9 milyard dollara təyyarə alması nə dərəcədə səmərəli  olacaq?

Maraqlıdır, yeni alınacaq təyyarələr AZAL-a lazımdırmı? Ümumiyyətlə, bu xərcləri kim ödəyəcək? 

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində AZAL-ın iri layihələrinə dövlətin təminat verdiyini deyib. Ekspert hesab edir ki, dövlətin bütün dəstəyinə baxmayaraq AZAL yenə də zərərlə işləyir: "Əslində  coğrafi mövqeyi və infrastrukturu imkan verir ki, Azərbaycan hava limanları arasında "xaba” çevrilsin. Amma çox təəssüf ki, AZAL dövlət şirkəti mövqeyindən istifadə edərək demək olar ki, bazarda yeganə inhisarçı gücə çevrildi. Digər şirkətlərin  də Azərbaycanda normal fəaliyyət göstərməsi imkansız hala gəldi. Sərnişindaşımada  AZAL-ın birbaşa və ya portnyorlar vasitəsilə payı 98 faizdir. Bu çox böyük bir rəqəmdir. Ona görə də rəqabətli mühit olmadığı üçün AZAL-ın idarəetməsində də problemlər var. Dövlətdən ciddi dəstək, vergi güzəştləri, aşağı faizli kreditlər, Mərkəzi Bankdan birbaşa kredit ala bilən dövlət şirkəti olmasına baxmayaraq uzun illərdir AZAL-ın ziyanla işləməsi rəsmən elan olunur.

Rəsmi şəkildə bəyan edilir  ki, AZAL-ın gəlirləri xərclərini ödəmir. Böyük yatırımlardan öncə şirkətin auditi aparılmalı və problemlər üzə çıxarılmalıdır. Problemlər təsbit olunduqdan sonra həll yolları araşdırılır və idarəetmə optimallaşdırıldıqdan sonra iri yatırımlar qoyulur. Çox təəssüf ki, AZAL-la bağlı belə bir iş aparılmayıb. Bu günə qədər də bu birinci deyil, düşünürəm ki, sonuncu da olmayacaq. Milyardlarla dollar dəyərində AZAL-a təyyarə alınıb. Təyyarələr dövlətin  verdiyi zəmanətlə kredit və ya lizinq yolu ilə alınıb. Nəticə etibarı ilə əgər AZAL-ın ödəmələrində problemlər olarsa, belə hallar əvvəllər müşahidə olunub dövlət tərəfindən ödənilir. Dövlətin zəmanəti olmasa, bu cür böyük razılaşmalar imzalana bilməz. Sonuncu layihə də məhz dövlətin dəstəyi ilə həyata keçirilib”.

Natiq Cəfərli hesab edir ki, yeni, müasir təyyarələrin alınması çox yaxşı haldır. Amma idarəetmə problemləri həll olunmayıbsa, AZAL hələ də ziyanla işləyən şirkətdirsə, bu normal hal deyil: "İstənilən inhisarçı şirkətin normal idarəetməsi qurulsa, heç vaxt ziyanla işləyə bilməz. AZAL-da ciddi audit yoxlaması aparılmalı, idarəetmənin yanaşması və fəlasəfəsi dəyişdirilməli idi. Araşdırılmalı idi ki, yeni təyyarələrin alınmasından sonra AZAL-ın qazancı və sərnişin daşıması nə qədər olacaq. Təəssüf ki, bu işlər aparılmadan AZAL-a böyük yatırımlar qoyulur və idarəetmə problemlərinə görə şirkət həm özü zərərlə işləyir, həm də vətəndaşlar bundan xeyir görmür. O mənada ki, bu gün Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti Avropaya uçuşları qonşu Gürcüstan üzərindən həyata keçirirlər. Gürcüstan tərəfinin ötən il üçün verdiyi rəsmi rəqəmə görə Gürcüstandan Avropaya uçuşlar həyata keçirən insanların 15 faizini azərbaycanlılar təşkil edir. Bu kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, Gürcüstandan 1 il ərzində təqribən 1.5 milyon nəfər Avropaya uçuş həyata keçirir. 

Demək ki, ən azı 150 min Azərbaycan vətəndaşı il ərzində məhz Gürcüstan üzərindən uçuşlar həyata keçirir. Bakıdan uçuşlar daha uyğun qiymətlər olsaydı, heç kim 600 kilometr məsafə qət edib Gürcüstan üzərindən Avropaya uçmazdı. Qiymətlər arasında fantastik dərəcədə fərqlər var. Böyük fərqlər olduğu üçün Azərbaycan vətəndaşları da Gürcüstanı seçirlər. Bütün bu problemlər həll olunmadan AZAL-a istənilən qədər yatırım qoyulsa da, gəlirlə işləməsini görə bilməyəcəyik. Rəqabətli mühit yoxdur, yeganə inhisarçı şirkətdir və istədiyi qiymət siyasətini aparır. Bu nə dövlətin büdcəsinə, nə də vətəndaşa xeyir verir”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları