Yuxarı

Baş bankirdən birrəqəmli inflyasiya vədi

Baş bankirdən birrəqəmli inflyasiya vədi

Azərbaycan Mərkəzi Bankı 2018-ci ildə inflyasiya səviyyəsinin 6 faizədək azaldılması üçün ölkə hökuməti ilə sıx işləyəcək.

Bunu Milli Məclisin plenar iclasında gələn il üçün büdcə paketinin müzakirələri zamanı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bu il Mərkəzi Bank mühafizəkar antiinflyasiya siyasəti yeridir və bu çərçivədə milli valyutada toplanmanın stimullaşdırılması məqsədilə faiz dərəcəsi artırılmayıb. Elman Rüstəmov qeyd edib ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycanda orta illik inflyasiya yüksək olub - 13,7 faiz. Qeyd edək ki, Azərbaycan hökuməti 2017-ci il üçün orta illik inflyasiyanı 13,2 faiz səviyyəsində proqnozlaşdırıb.

Maraqlıdır, gələn il inflyasiyanı birrəqəmli etmək mümkün olacaqmı?

İqtisadçı-ekspert Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə bildirib ki, 2016-cı ilin yanvar ayına qədər Azərbaycanda hökumətin əsas hədəfindən biri inflyasiyanı birrəqəmli həddə saxlamaq olub: "Bunun üçün müxtəlif iqtisadi alətlərdən istifadə olunurdu. Manatın kursunu sabit saxlamaq və kənar şoklara qarşı müxtəlif tədbirlər görülürdü. Hökumətin strategiyasında inflyasiyanın ikirəqəmli olmaması səslənmişdi. Bu hədəfə müəyyən mənada nail olunmuşdu. Lakin Azərbaycanda baş verən iki devalvasiyadan sonra bu prosesin qarşısını inzibati yollarla almaq və yaxud da müəyyən həddə saxlamaq çətin oldu. Analoji vəziyyət 2017-ci ilin birinci yarısında da davam etdi. Rəsmi məlumatlarda Azərbaycanda inflyasiyanın səviyyəsi 13 faiz göstərilirdi. Amma bu, reallığı əks etdirmir. Beynəlxalq təşkilatların Azərbaycanda apardığı monitorinqlər və hesabatlara əsasən demək olar ki, inflyasiyanın səviyyəsi 18-19 faizdir. Elman Rüstəmovun "inflyasiya səviyyəsinin 6 faizədək azaldılması üçün ölkə hökuməti ilə sıx işləyəcək” - deyə ifadəsi anlaşılan deyil.

Burada hansı inzibati üsullardan istifadə olunacaq? Əgər söhbət sərbəst bazar iqtisadiyyatından gedirsə, ölkənin idxal və ixrac əməliyyatlarında, xüsusilə də manatın məzənnəsinin sabitliyi risk altında olduğu bir vaxtda Mərkəzi Bank rəsmisi hansı formada inflyasiyanı birrəqəmli həddə saxlamaqdan danışır? Bu, real görünmür. Ümumiyyətlə, ölkə daxilində inflyasiya həddini müəyyən edən əhalinin alıcılıq qabiliyyətidir, dövriyyəyə buraxılmış pul kütləsidir. Həmin pul kütləsi də investisiya layihələrinə yatırılırsa, burada Mərkəzi Bankın təsir imkanları çox aşağı düşür. Azərbaycanda 2018-ci ilin dövlət büdcəsində əsaslı investisiya qoyuluşu üçün 7 milyard manata yaxın vəsaitin xərclənməsi nəzərdə tutulur. Böyük ehtimalla həmin vəsait dövriyyəyə buraxılacaq. Bu zaman da pul kütləsinin məhdudlaşdırılmasından söhbət gedə bilməz”.

Ekspert hesab edir ki, Mərkəzi Bankla hökumətlin əməkdaşlığı o halda uğurlu ola bilər ki, nağdsız hesablaşmalar üzrə əməliyyatlar maksimal həddə çatdırılsın: "Bununla bağlı həm ölkə başçısının, həm Nazirlər Kabinetinin, həm digər əlaqədar dövlət qurumlarının tələbləri var. Bu, inflyasiyanın qarşısını müəyyən mənada almaq üçün atılmış ən məhsuldar, ən səmərəli addımdır. İlin birinci yarısında spirtli içkilər və tütün məmulatlarına tətbiq olunan aksiz vergisi iki dəfə artırılacaq. Azərbaycanın xarici bazarlardan asılılığı 80-85 faizdir. Ümumiyyətlə, Azərbaycan bütün sahələrdə idxaldan asılı olan bir dövlətdir. Hesab etmirəm ki, inflyasiyanın səviyyəsi aşağı salınacaq”.

Beynəlxalq təcrübədə inflyasiya norması varmı?

Razi Abbasbəyli qeyd edib ki, hər bir dövlətin öz inflyasiya siyasəti var: "Bir zamanlar Amerika inflyasiyadan vəsait qazanırdı. Yaponiyada isə vəziyyət tam əksinə idi. Bu ölkə daha çox ixraca üstünlük verir. Hər bir dövlət inflyasiyada öz maliyyə sisteminə uyğun fəaliyyət göstərir. Azərbaycan üçün hansı inflyasiya modelinin uyğun olub-olmamasını demək hələlik çətindir. Mərkəzi Bank hələ də inandırmağa çalışır ki, milli valyuta tam üzən məzənnəyə keçib. Amma reallıqda görürük ki, bu siyasət tam olaraq həyata keçirilməyib. Dünya ölkələri, eləcə də Azərbaycan kimi ölkələr üçün də xarakterik inflyasiya siyasəti var. Deməzdim ki, Azərbaycan yanlış və ya doğru siyasət yürüdür. Görünür, Azərbaycan üçün lazım olan siyasət budur. Hər bir dövlətin ixrac potensialı, geosiyasi yerləşmə məkanı kimi bir sıra amillər var ki, ölkənin özünəməxsus inflyasiya siyasətinin formalaşdırmasına zərurət yaradır. Əgər Azərbaycan regionda qeyri-neft məhsulları üzrə ixracatçı ölkə kimi diqqət çəksəydi, inflyasiyanı müəyyən həddə qədər sərbəst buraxmaq olardı. Amma ölkə idxaldan daha çox asılı olduğu üçün sərbəstliyi məhdudlaşdırmaq lazımdır. Azərbaycan üçün birrəqəmli inflyasiya model daha uyğundur”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları