Yuxarı

Büdcəyə yenidən baxılacaq

Büdcəyə yenidən baxılacaq

Ceb2018-ci ilin dövlət büdcəsində bir barel neftin qiyməti 45 dollardan götürülüb. Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu rəqəm daha çox və ya daha az ola bilərdi. Birinci halda hökumət risklərə məruz qala, ikinci halda isə bir sıra mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşə bilərdik. Ziyad Səmədzadə bəyan edib ki, 2018-ci il üçün neftin bir barelinin 45 dollardan götürülməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək.

Hazırda qlobal neft bazarlarında neftin qiymətinin artdığı müşahidə olunur. Ekspertlər hesab edir ki, növbəti il üçün qiymətin 45 dollar olacağını söyləmək doğru deyil. Dünyanın heç bir maliyyə institutu bu cür proqnoz vermir. Eləcə də Rusiya Mərkəzi Bankının rəhbəri israrla iddia edir ki, neftin qiymətləri 40 dollara düşəcək. Hazırda qiymətlər artır, lakin yenidən düşmə ehtimalı da yüksəkdir. Belə olan halda neftin gələcək qiymətinə bel bağlayıb qarşıya qoyulan hədəflərə nail olmaq mümkün deyil. Ötən dövrlərdə də məlum olduğu kimi, hər zaman öncədən verilən proqnozlarda xətalar meydana çıxıb. Hər zaman cari il üçün verilən proqnozlar özünü heç vaxt doğrultmayıb. 

Neftin bir barelinin 45 dollardan götürülməsinə münasibət bildirən neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə açıqlamasında beynəlxalq neft bazarlarındakı vəziyyəti nəzərə alıb, 3-4 ay sonra nə olacağını əvvəlcədən proqnozlaşdırmağın çətin olduğunu deyib:

"Neft proqnozları ilə bağlı həmişə problem olub. Amma buna baxmayaraq bəzi təxminləri demək olar. Neft bazarlarının gələcək taleyi bir neçə faktordan asılı olacaq. Əgər dünyanın iqtisadi göstəriciləri normal olarsa, artım müşahidə edilərsə, təbii ki, neftə olan tələbat da artacaq. Digər tərəfdən, ABŞ-da qazma aktivliyi və neft hasilatının artması, enerji bazarlarında dəqiq təhlillər aparmağın yanlışlığını ortaya qoyur. ABŞ-ın həyata keçirdiyi maliyyə-kredit siyasəti də bazara təsir edən amildir. Həmçinin OPEC+ dövlətlərin hasilatın azaldılması ilə bağlı götürdükləri öhdəlikləri nə dərəcədə effektli yerinə yetirməsi də, əsas məqamlardan biridir. Eyni zamanda OPEC sazişinin müddətinin uzadılıb-uzadılmaması məsələsi də hələlik bəlli deyil. Dünya neft bazarları üçün hava-su kimi lazım olan Asiya, Sakit Okean bazarları, o cümlədən, Çinin və Hindistanın 2018-ci ildə gündəlik idxal həcmlərinin səviyyəsindən asılıdır. Bütün faktorların hamısını bir yerə yığıb analiz edəndən sonra qərar qəbul etmək olar ki, neftin qiymətində kəskim artım müşahidə olunacaq, ya yox”.

Ekspertin qənaətincə, 2018-ci ildə neftin qiymətində ciddi sıçrayışlar baş verməyəcək:

"Vyana sazişi iştirakçıları da etiraf edirlər ki, saziş çərçivəsində qarşıya qoyulan hədəflərə nail olmaq mümkün olmayib. Əsas hədəflərdən biri hasilat həcmlərini azaltmaqla dünyada rezervə alınmış həm stasionar, həm də tankerlərdəki neft həcmlərini azaltmaq idi. Azalma çox cüzi həcmlərdə müşahidə olunub. Amma bu, OPEC-in öncədən qarşısına qoyduğu hədəflərə çatmasına imkan vermir. Ona görə də neftin qiymətində çox ciddi sıçrayışların olması gözlənilmir. OPEC+ müstəqil hasilatçı dövlətləri Vyana sazişinin şərtlərin pozarsa, neftin qiyməti 40 dollara düşəcək. Əgər qiymətdə ciddi sıçrayışlar olarsa, büdcəyə ikinci dəfə baxılacaq. 2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Əgər 45 dollardan da aşağı düşərsə, yəqin ki, yığılıb yenidən müzakirə edərlər”.

Zəfər Vəliyevin sözlərinə görə, qlobal neft bazarlarını OPEC tənzimləmir:

"Neftin qiymətini Nyu York, London və Sinqapur birjaları və bazarlar müəyyən edir. O birjalarda neftin qiyməti ətrafında möhtəkir addımlar atan investisiya qrupları, hüquqi və fiziki şəxslər, həmçinin fondlar və aparıcı banklar var. Onların hamısı neft alqı-satqısı ilə məşğuldur. Neftin qiymətini onlar müəyyənləşdirir. Ona görə də bank rəsmilərinin və müxtəlif analitik qruplarının neft haqqında yürütdüyü məntiq doğrudur. Neftin qiymətini bəyanatlarla sabit saxlamaq olmaz. OPEC üzvü olan dövlətlər mətbuata bir informasiya verir, arxada tamamilə qaranlıq işlərlə məşğuldurlar.

Əgər OPEC və müstəqil hasilatçı dövlətlər Vyana sazişinin şərtlərini pozarsa, neft bazarlarında ajiotaj yaranacaq. Bu isə bazara aqressiv təsir göstərəcək. Belə ki, həm neftin həcmi artacaq, həm də neftin qiyməti aşağı düşəcək. Baxmayaraq ki, 1 ilə yaxındır ki, OPEC sazişi bağlanıb, hələ də qarşıya qoyduqları hədəfə çata bilməyiblər. Çünki hasilatçı dövlətlər bazarları itirməmək naminə ixrac həcmlərini azaltmayıb. Səudiyyə Ərəbistanı iddia edir ki, neftin ixrac həcmlərini 500 min bareldən çox azaldıb. Yalan danışır. Onların hamısı neft bazarlarına riyakar məlumatlar ötürür. Ümumiyyətlə, OPEC və müstəqil hasilatçı dövlətlərin heç biri hasilat həcmlərini azaltmayıb. Yalanla bazarı 3-5 ay idarə etmək olar”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları