Yuxarı

"Azəriqaz” SOCAR-dan 100 milyonu gözləyir

Maliyyə naziri Samir Şərifov deyib ki, cari ildə qazlaşma ilə bağlı əlavə SOCAR-a hökumət tərəfindən 100 milyon vəsait ayrılıb. Növbəti ildə də bundan az olmayan məbləğdə vəsait ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 11849,7 milyon kubmetr təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ehtiyatların 78,9 faizi hasilatın, 14,5 faizi qalığın, 6,6 faizi isə idxalın hesabına formalaşıb. Təbii qazın 43,8 faizi istehlak, 37,4 faizi ixrac olunmuş, 4,5 faizi itkiyə getmiş, 14,3 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 67,2 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 32,8 faizi isə əhaliyə satılıb. 2017-ci ilin yanvar-iyun aylarında 4429,8 milyon kub metr və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox təbii qaz ixrac edilib. Əhali tərəfindən 1702,3 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz az təbii qaz istehlak edilib. Prezidentin ölkənin qazlaşdırılması ilə bağlı göstərişinə əsasən regionlarda və ucqar kəndlərdə qazlaşdırma işi aparılır. Artıq ölkənin 93 faizi qazlaşdırılıb.

Maraqlıdır, hökumətin qazlaşdırma ilə bağlı SOCAR-a ayırdığı vəsait aidiyyatı üzrə sərf olunurmu?

Məsələ ilə bağlı "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycan Respublikası Regionlarının Sosial İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi bölgələrdə, qəsəbə və kəndlərdə qazlaşdırma işini 2017-ci ildə də davam etdirib:

"Cari ilin 10 ayı ərzində 4-5 yaşayış məntəqəsi qazlaşdırılıb. Hazırda da işlər davam etdirilir. Təkcə noyabr ayında Ağcabədi, Goranboy, Masallı, Lerik, Şəki rayonlarının yaşayış məntəqələrinə təbii qazın verilməsi tərəfimizdən təmin edilib. Hazırda da hansı rayon, kənd və qəsəbələr üzrə tikinti quraşdırma işləri gedirsə, işlər yekunlaşan kimi təbii qazın verilişi həmin ərazidə təmin edilir”. 

İbrahim Kərbalayevin sözlərinə görə, ümumiyyətlə, respublikanın bütün rayon, kənd və qəsəbələrində qazlaşdırma işləri gedir: "Qarşıda 2018-ci il var. Yəni Dövlət Proqramı 2014-2018-ci illəri əhatə edir. Hazırda tikinti işləri gedən məntəqələrimiz də var”.

Qeyd etdiyimiz kimi, növbəti ildə qazlaşdırma ilə bağlı hökumət tərəfindən SOCAR-a 100 milyondan çox vəsaitin ayrılması nəzərdə tutulur. Vəsaitin aidiyyatı üzrə sərf edilib-edilməyəcəyi məsələsinə gəlincə, "Azəriqaz” rəsmisi deyib ki, bu sualı SOCAR cavablandıra bilər: "Amma maliyyə vəsaitindən asılı olaraq qazlaşdırma işləri həyata keçirilir”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları