Yuxarı

Yoxlama da var, yeyinti də, cəza yoxdur

Yoxlama da var, yeyinti də, cəza yoxdur

Cəzasızlıq büdcə xərclərini artırır

2016-cı il üçün büdcə təşkilatlarını yoxlayan  Hesablama Palatası bir sıra nöqsanlar aşkarlayıb. Hesablama Palatasının yaydığı məlumatlara istinad etsək, yoxlamalar nəticəsində nazirliklərdə, onlara tabe olan qurumlarda, icra hakimiyyətlərində və onların balansında olan idarələrdə büdcə vəsaitlərinin mənimsənilməsi, korrupsiya, büdcə vəsaitlərinin aidiyyatı üzrə xərclənməməsi faktları üzə çıxıb. İnformasiyaların yayılmasına, Hesablama Palatasının aşkarladığı nöqsanları aidiyyatı qurumlara çatdırması müsbət haldır. Ancaq büdcə vəsaitlərinin mənimsənilməsi aşkarlanan qurumlara rəhbərlik edən məmurların cəzasız qalması başadüşülən deyil. Bu bir tərəfdən problemin dərinləşməsinə, digər tərəfdən isə digər məmurların bundan "örnək” götürməsinə şərait yaradır.

Bəs yeyintiyə yol verən məmurlar niyə cəzalandırılmır? Məlumdur ki, rayonlara, ayrı-ayrı qurumlara rəhbərlik edən şəxsləri qoruyan "güclü əl”lər var. Bu baxımdan, həmin məmurların cəzalandırılmasında və ya işdən kənarlaşdırılmasında müəyyən problemlər yarana bilər. Ancaq nisbətən aşağı post tutanlar, icra orqanlarında çalışan daha aşağı vəzifə sahiblərini cəzalandırmaq mümkündür. Maraqlıdır ki, bu da baş vermir. Hesablama Palatasının apardığı son yoxlamaların nəticəsi haqqında verdiyi məlumatda göstərilir ki, Lənkəran şəhər İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsində çoxsaylı nöqsanlar üzə çıxıb. Bundan öncə isə 14 icra hakimiyyətində və ona tabe olan bir çox bölmələrdə, o, cümlədən, Mədəniyyət və Turizim Nazirliyində aparılan yoxlamalar zamanı ciddi nöqsanlar, yeyinti faktları aşkarlanmışdı.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Hesablama Palatasının aşkarladığı yoxlamalar cinayət işinin açılışına rəvac verməlidir: "Dünya ölkələrində Hesablama Palatası kimi qurumların rolu büdcə xərcləmələrini yoxlayıb, nəticələri ilə hətta cinayət işinin açılması üçün təkcə Parlamentə yox, hüquq-mühafizə orqanlarına verilməsindən ibarətdir. Dünya praktikasında hüquq-mühafizə orqanları Hesablama Palatasının apardığı yoxlamaların nəticəsinə görə araşdırmalara başlayır. Azərbaycanda isə uzun illərdir ki, belə təcrübə yoxdur. Belə bir əsas yoxdur ki, Palatanın apardığı hər hansı bir yoxlama nəticəsində nöqsanı aşkarlanan qurumun rəhbərləri ya mənəvi cəza, ya da hüquqi cəza verilsin, müəyyən cinayət işləri başlanılsın.

Bu da Hesablama Palatasının gördüyü işin effektivliyini aşağı salır. Necə olur ki, hansısa kommersiya qurumunu yoxlayanda 2000 manat vergidən yayınma aşkarlananda, hüquqi və ya fiziki şəxsə hətta cinayət işi açılır, amma Palata dövlət müəssisəsinin milyonlarla səmərəsiz xərcləməsini tapır, ancaq onunla bağlı heç bir cəza tədbiri görülmür. Bu məntiqli və doğru yanaşma deyil. Ya qanunvericiliyə dəyişiklik edib, Palatanın apardığı bütün yoxlamaları qeyd-şərtsiz hüquq-mühafizə orqanları üçün tətqiqat olduğu bəndi əlavə edilməlidir, ya da Palata öz daxili əsasnaməsinə dəyişiklik edərək apardığı yoxlamaların bir nüsxəsini də hüquq-mühafizə orqanlarına göndərməli və tələb etməlidir ki, bu faktlarla bağlı ciddi araşdırmalar aparılsın. Belə bir mexanizm yaradılsa, hesab edirəm ki, büdcə xərclərinin şəffaflığı arta bilər və ayrılan vəsaitlərin istiqaməti üzrə xərclənməsini yoxlaması asan olar”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları