Yuxarı

Virtual pul dolları və qızılı kölgədə qoyur

Virtual pul dolları və qızılı kölgədə qoyur

Vahid Əhmədov: "”Bitcoin”in sürətlə bahalaşması müvəqqəti hadisədir”

"Bitcoin" kriptovalyutasının məzənnəsi bazar günü tarixi maksimumu yeniləyərək 9,495 min dollara çatıb. Bugünkü ticarət sessiyasında "Bitcoin"in məzənnəsi 10 min dollara yaxınlaşıb. Belə ki, "Bitfinex" birjasında "bitcoin" 3,05 faiz bahalaşaraq 9,6 min dollar ətrafında ticarət olunur.

"OKCoin" birjasında "bitcoin" 3,61 faiz bahalaşıb və 9,7 min dollara çatıb. 

"Bloomberg" agentliyinin sorğusunda iştirak edən ekspertlər hesab edir ki, "bitcoin"in bahalaşmasının səbəbi müxtəlif institutlar tərəfindən bu kriptovalyutaya göstərilən diqqətidir. Bu institutlar arasında Uoll stritdəki (Wall street) maliyyə şirkətlərindən tutmuş vençur şirkətlərinədək var.

Ekspertlər hesab edir ki, "Bitcoin”i bahalaşdıran səbəblərdən biri hazırda dünyada baş verən qeyri-stabil iqtisadi fon və super güclərin arasında davam edən iqtisadi problemlərdir. Dünyada bu sistemin yayılma coğrafiyası sürətlə genişlənir. Hazırda Rusiya, Yaponiya, Çin, Almaniya və Böyük Britaniya kimi inkişaf etmiş ölkələrdə virtual valyutalardan istifadə edilir. Bəzi analitiklərin qənaətincə, kriptovalyutanın istifadə siferası genişləndikcə, kağız puldan imtina dövrü başlanılır. Artıq dünya iqtisadiyyatı və dünya bazarları bir tək dollardan asılı olmaq istəmir. "Bitcoin” artıq bir çox ödəmə terminalları və "chek out” sistemləri tərəfindən tam dəstəklənir. Dünyanın nəhəng şoping saytları və şirkətləri "Bitcoin”ni artıq pul kimi qəbul edir. "Bitcoin” kripto pul vahidi rekord həddə bahalaşaraq qızılı da geridə qoyur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov Cebhe.info-ya bildirib ki, "Botcoin”in bahalaşması kağız pulu sıradan çıxarmır:

"Hələlik virtual valyuta bazarda öz yerini tutmayıb. Müəyyən qruplar internet üzərindən online alqı-satqıda bu valyutadan istifadə edir. Doğrudur, hələlik Azərbaycanda bununla əlaqədar dəqiq məlumatlar yoxdur. Demək olar ki, Azərbaycanda kriptovalyutanın tərəfdarları da yoxdur. Amma bir sıra ölkələrdə bu valyutadan istifadə inkişaf edib”.

Kriptovalyutanın bahalaşmasına səbəb olan amilə gəlincə, deputat bu valyuta növünün yeni olduğunu vurğulayıb:

"Bu valyuta yeni olduğu üçün ondan istifadə edənlərin də sayı artır”.

"Bitcoin”in dönərli valyuta olan dolları geridə qoymasına gəlincə, Vahid Əhmədov buna inanmadığını deyib:

"”Bitcoin”in sürətlə bahalaşması müvəqqəti hadisədir. İnanmıram ki, bu virtual valyuta qısa müddət ərzində dolları qabaqlasın”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları