Yuxarı

OPEC neft bazarını canlandıra biləcəkmi?

OPEC neft bazarını canlandıra biləcəkmi?

Zəfər Vəliyev: "OPEC 10 ayda "şayiələrlə al, faktla sat” prinsipi ilə fəaliyyət göstərib”

Noyabrın 30-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 173-cü, OPEC və qeyri-OPEC ölkələrin nazirlərinin 3-cü iclası keçiriləcək. OPEC+ ölkələrin nazirlərinin 3-cü iclasında dünya neft bazarında hazırkı vəziyyətə dair OPEC-in təqdimatı, Birgə Monitorinq Komitəsinin hesabatının təhlili, kartelə daxil olmayan ölkələrin nümayəndələrinin öhdəliklərin icrası ilə bağlı çıxışları olacaq, həmçinin neftin qiymət sabitliyinin dayanıqlı olması üçün yeni təkliflər müzakirə ediləcək. Azərbaycanı energetika naziri Pərviz Şahbazovun təmsil edəcəyi nazirlərin toplantısında OPEC+ sazişinə daha 10-dək ölkənin qoşulması nəzərdən keçiriləcək. OPEC Nazirlər Şurasının 173-cü iclasında isə hasilat kvotasının artırılması və ya mövcud OPEC+ sazişinin müddətinin 6, 9, həmçinin də 1 ilədək uzadılması əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Azərbaycan Vyana sazişi çərçivəsində üzərinə düşən öhdəlikləri tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində bu ilin 10 ayı ərzində ölkəmizdə orta sutkalıq neft hasilatı 785 min barel təşkil edib. Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən, Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu. Mövcud OPEC+ sazişinin müddəti gələn il martın 31-də sona çatır.

Maraqlıdır, Azərbaycan da OPEC-ə üzv ola bilərmi?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanın OPEC-ə üzv olub-olmaması vəziyyəti dəyişmir:


"Hazırda OPEC-in dünya neft bazarlarına tam təsir etmək imkanı yoxdur. Başqa sözlə, OPEC tənzimləyici rol oynaya bilmir. Çünki OPEC-dən kənarda beynəlxalq neft bazarlarına kifayət qədər təsir etmək imkanı olan oyunçular var. ABŞ, Qazaxıstan, Rusiya, Kanada və Braziliya kimi dövlətlər neft bazarlarına təsir etmək iqtidarındadır. Ona görə də Azərbaycanın, eləcə də digər dövlətlərin OPEC üzvü olub-olmaması beynəlxalq bazarlara təsir etmir. Onsuz da Azərbaycan OPEC qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. OPEC-in Vyanadakı toplantısına Konqo Respublikası, Qana, Qabon, Seneqal, Misir və  digər müstəqil hasilatçı dövlətlər də dəvət olunub. Bu dövlətlərin hasilat həcmləri dünya neft bazarlarına təsir etmək imkanında deyil. Qlobal neft bazarlarına təsir etmək imkanı olan dövlətlər Səudiyyə Ərəbistanı, Rusiya FR, ABŞ, Kanada, Norveç, və Qazaxıstandır. Bu dövlətlərin sutkalıq hasilat həcmləri kifayət qədər cəlbedicidir. Onlar hasilat və ixrac həcmləri vasitəsilə qlobal neft bazarlarında qiymət konyunkturunun formalaşmasına təsir edir. OPEC üzvlüyünə cırtdan dövlətləri qəbul etməklə müsbət nailiyyət əldə etmək olmayacaq”.

Ekspert OPEC-in 2017-ci ilin yanvarından oktyabr ayına qədər olan hesabatına da diqqət çəkərək qeyd edib ki, təşkilatın katibliyi OPEC və müstəqil hasilatçı dövlətlərin Vyana sazişi çərçivəsində qarşıya qoyduqları hədəfə nail ola bilmədiyini etiraf edib: "2017-ci ilin ilk 6 ayı ərzində rezervə alınmış qlobal kommersiya təyinatlı neft ehtiyatlarını ən azı 300-350 milyon barel azaltmaq əsas hədəflərdən biri idi. Ancaq onlar bu hədəfə nail olmadılar. Katiblik etiraf etdi ki, dünya üzrə rezervə alınmış neft ehtiyatları son 5 ilin orta göstəricisindən 120 milyon barel yuxarıdır. Bu o deməkdir ki, OPEC və müstəqil hasilatçı dövlətlərin Vyana sazişi effektiv fəaliyyət göstərə bilməyib. Yəni, OPEC və onun müttəfiqlərinin qlobal neft bazarlarına intervensiyası öz effektini verməyib. Ona görə də onlar məcbur olurlar ki, sazişin müddətini 2018-ci ilin sonuna qədər uzatsınlar. OPEC və onun müttəfiqlərinin son 11 aydakı fəaliyyətlərinin fəlsəfəsi bundan ibarətdir ki, onlar bazarlara kifayət qədər spekulyativ informasiyalar ötürürlər. OPEC 10 ayda "şayiələrlə al, faktla sat” prinsipi ilə fəaliyyət göstərib”.

Effektiv nəticələrə nail olmaq üçün nə etməliydilər?

Zəfər Vəliyev hesab edir ki, OPEC və onun müttəfiqləri Vyana sazişi çərçivəsində ilk öncə ixracın azaldılmasını özlərinin gündəlik iş qabiliyyətinə çevirməli idilər:

"Əgər ixrac həcmlərinin azaldılmasında iş qabiliyyətli vəziyyətə nail olsaydılar, o zaman hazırda nəticələr başqa cür olardı. Digər tərəfdən, qlobal neft bazarlarında elə bir biznes sistemi qurmaq lazımdır ki, bu sistemdə alıcını və satıcını birləşdirən qlobal zəncir vurulsun. Amma buna da nail ola bilmədilər. Neft bazarlarında kifayət qədər spekulyativ addımlar atan elementlər mövcuddur. Fondlar, banklar, investisiya qrupları, treydinq şirkətlər, fiziki şəxslər əldə etdikləri uzun və qısa mövqeli neft kontraktları və opsionlar vasitəsilə istənilən vaxt bazarı idarə etmək imkanına malik olurlar. Ona görə də elə sistem qurmaq lazımdır ki, alıcını və satıcını birləşdirən vahid zəncir formalaşsın. Yəni, neft ixrac edən dövlətlər nefti yalnız emal müəssisəsi və yaxud emal gücü olan subyektlərə satmalıdır. Təəssüflər olsun ki, bu yoxdur, bazarlarda da kifayət qədər boşluqlar var.

OPEC sazişini təhdid altına alan digər məsələ ABŞ-da hasilat həcmlərinin artmasıdır. Noyabrın 29-na olan məlumata görə ABŞ-da başa çatmaqda olan həftə ərzində sutkalıq hasilat 9, 682 milyon barel civarında qeydə alınıb. Bir neçə ay belə davam edərsə, ABŞ sutkalıq hasilat həcmlərinin statistik göstəricisinə görə Səudiyyə Ərəbistanı ilə eyni səviyyəyə çatacaq. Həmçinin ABŞ-da qlobal neft bazarlarını təhdid altına alan digər elementlər də mövcuddur ki, bunlar kommersiya və strateji neft ehtiyatlarıdır. ABŞ-ın prezident administrasiyası Konqresə xüsusi təkliflə müraciət edib ki, strateji neft ehtiyatlarının yarısının satılmasına icazə verilsin. Əgər bu baş verərsə, bazarlarda əcaib vəziyyət yaranar”.

Ekspertin qənaətincə, hasilat həcmlərinin azaldılması ilə bağlı Vyana sazişinin müddətinin uzadılmasının bazara pozitiv təsir göstərəcəyini desək, yanlışlığa yol verərik: 

"Neftin qiyməti psixoloji həddi keçəndən sonra müşahidə etdik ki, ABŞ-da həm qazma aktivliyi, həm də hasilat həcmləri artıb. Bu o deməkdir ki, indiki qiymətlər fonunda ABŞ-dakı enerji şirkətlərinin maliyyə alətlərinə çıxış imkanları daha da genişlənib. Yəni, onlar mövcud layihələrlə istənilən bank sektorundan istədikləri krediti alacaqlar. Amerikanın daxili neft bazarı ödəniş qabiliyyətlidir. Buna görə də indiki qiymətlər fonu qarşıdakı aylarda ABŞ-da neft hasilatının artmasına səbəb olacaq. Amerikada neft hasilatı artarsa, idxal həcmləri azalacaq. İdxal həcmləri azaldıqca, beynəlxalq neft bazarlarında sərbəst fiziki həcmlərin artmasına gətirib çıxaracaq. Səudiyyə Ərəbistanı, Rusiya FR, OPEC katibliyinin qarşıya qoyduqları məqsəd o idi ki, neftin taban qiyməti 50 dollardan yuxarı qalxmasın. Neftin barel hesabı ilə qiymətinin 50 dollardan yuxarı qalxması, ABŞ-da şist neft hasilatının yenidən vüsət almasına səbəb ola bilər. Hazırda ABŞ-da aktiv neft qazma qurğularının sayı 740-ı ötüb. Son 5 ildə ABŞ-da ən yüksək hasilat həcmi 2015-ci ilin may-aprel aylarında qeydə alınıb. Ümumilikdə 9.6 milyon barel neft hasil olub. Amma hazırda ABŞ-da neft hasilatı 9.6 milyon bareli keçir. Qazma effektivliyinin artırılması istiqamətində yeni texnologiyalar tətbiq olunub, xərclərin optimallaşdırılmasına nail olunub və rentabelliyin aşağı salınmasına yönəlik addımlar atılıb. Qarşıdakı aylarda neftin qiymətinin yüksək dinamika ilə artmasını gözləmək sadəlövhlük olar”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları