Yuxarı

Nəzarət Palatası əhalini narazı salır

Nəzarət Palatası əhalini narazı salır

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) avtomobil sığortası ilə bağlı sığorta şirkətlərinin tətbiq etdiyi endirimlərə qadağa qoyub.

Belə ki, artıq Palata bu istiqamətdə sığorta şirkətlərinə sərt sanksiyalar tətbiq edəcək. Məlumatlara görə qurum bu ilin əvvəlindən etibarən sığorta endirimləri ilə bağlı yoxlamalara başlayıb və bir neçə dəfə sığorta şirkətlərinə qanunsuz endirimlərlə bağlı xəbərdarlıq edib. Bununla belə sığortaçılar qanunsuz endirim etməkdə davam ediblər. Palata bunu nəzərə alaraq artıq ciddi tədbirlər görməyə başlayıb. Məlumata görə, sanksiyalar cərimə və şirkət rəhbərlərinin vəzifədən uzaqlaşdırılmasından ibarətdir. Qanunsuz sığorta endirimlərini davam etdirən bir neçə sığorta şirkətlərinin rəhbər şəxslərinin vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir.

Ekspertlər hesab edir ki, bu həm sığorta bazarında müştərilərin azalmasına və avtomobil bazarından onsuz da zəif olan alıcılıq qabiliyyətinin daha da zəifləməsinə səbəb olacaq. Digər tərəfdən, məlumdur ki, avtomobillərin icbari sığortasının müddəti maksimum 1 ildir. Yəni, hər il avtomobil sahibi sığorta xərclərini ödəməlidir. Palatanın bu qərarından sonra sığorta şirkətləri cüzi də olsa, endirimlərini ləğv edəcək. Təbii ki, bu da ilk növbədə vətəndaşın cibinə və maraqlarına uyğun deyil.

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı "Cümhuriyət” qəzetinə açıqlamasında problemin sığorta şirkətləri ilə agentlər arasında olduğunu deyib: "Əslində burada söhbət sığorta şirkətlərinin verdiyi endirimlərdən getmir. Sığorta şirkətləri onsuz da endirim verə bilmirlər. Qanunla icbari sığorta bürosunun məlumat informasiya bölməsinə avtomobil haqqında məlumatı və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə sistem özü sığortanın qiymətini təyin edir. Həmin məbləğdən aşağı heç bir sığorta şirkəti avtomobili sığortalaya bilməz. Amma həmin məbləğin içərisində 15-20 faiz komissiya xərcləri var. Hansı ki, həmin məbləğdən sığorta şirkətləri agentliklərə pul ödəyir. Buna işin aparılması xərcləri deyilir. Endirimi məhz həmin o, xərclərdən edirlər. Deyək ki, avtomobil 140 manata sığortalanmalıdırsa, həmin məbləğin də 20 faizi, yəni 28 manatı işin aparılması xərcləridir. Həmin 28 manatı da agentlik almır, amma sığorta məbləği sistemə tam olaraq 140 manat daxil olunur. Burada qazanmayan agentlərdir. Çünki özünün qazanacağı faizi müştəriyə endirim olaraq tətbiq edir. Problem burdadır. 

Bunun qarşısını almaq üçün isə sığorta şirkətləri bütün agentlərinə tapşırmalıdır ki, siz öz gəlirinizdən 1 manat da olsun endirim etmirsiniz, sistem nə göstərirsə, onu da almalısınız. Bəzi şirkətlər istəyir ki, qanunun tələblərinə əməl etsinlər. Amma bu rəqabətdə qanunu pozan digər sığorta şirkətlərinə uduzurlar.  Agent burada pul qazanmaq istəmirsə, bunu yenə də edəcək. Deyəcək ki, mən sənin mənə verdiyin 15 faizi istəmirəm. Ona artıq heç kim heç nə deyə bilməz. Problem də məhz budur. Əgər müştəri tam ödəniş etdikdən sonra yenidən endirim olaraq agent ona müəyyən məbləğ qaytaracaqsa, bunun qarşısını necə almaq olar ki? Problem də daha çox psixolojidir, nəinki qanuni və ya normativ. Şirkətlər qazanclarından imtina edirlər, təki müştərilərini itirməsinlər.

Ekspert hesab edir ki, Palatanın göstərişi ciddi xəbərdarlıqdır və cüzi dəyişikliklər də olacaq: "Çünki mən düşünmürəm ki, agentlər bu endirimləri şirkətlərdən xəbərsiz edir. Agentlər də çörək yeyir, telefonla danışır. Yəqin ki, agentlər bu endirimləri edirsə, sığorta şirkətləri başqa adla onlara pul verir. Yəni, sığorta şirkəti agentə deyir ki, sən endirimi elə, mən sənə ya reklam, ya icarə haqqı, ya da motivasiya adı ilə pul verəcəyəm. Agentlər pulsuz işləməz. Düşünürəm ki, bu hallar yığışdırılacaq”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları