Yuxarı

Tikinti şirkətlərinə qarşı "səlib yürüşü”

Tikinti şirkətlərinə qarşı

Ötən gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluq bir neçə şirkətin əmək müqaviləsi qüvvəyə minmədən işçiləri xidmətə cəlb etməsi barədə məlumat yayıb. Agentliyin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tikinti obyektlərində, o cümlədən, bu növ obyektlərin sifarişçi, podratçı və ya subpodratçıları olan "İ.N.V.” və "XƏZƏR-SV” adlı Mənzil-Tikinti Kooperativləri (MTK), "İNŞAAT KONSTRUKSİYALARI”, "FILEUR GLOBAL SECURITY GROUP”, "RAHATLIĞIN MƏKANI-GOLD”, "AZKO İNŞAAT” və "AVES” adlı Məhdud Məsuliyyətli Cəmiyyətlər, eləcə də fiziki şəxs Azər Niftəliyevin sahibkarlıq fəaliyyəti ilə bağlı səyyar monitorinqlər aparılıb. Nəticələrə dair həmin agentlikdən daxil olan sənədlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

İlkin araşdırmalarla "İ.N.V.” MTK və "AVES” MMC-nin vəzifəli şəxslərinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb etmələri müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə  yetirilməsinə cəlb edilməsi) maddələri ilə 2 cinayət işi başlanıb.

İbtidai istintaqın aparılması baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə həvalə edilib.Həmçinin, "RAHATLIĞIN MƏKANI-GOLD” MMC və "AZKO İNŞAAT” MMC tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Sözügedən hüquqi şəxslərin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün inzibati icraatın açılması barədə qərarlar qəbul edilərək, toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilib.

Maraqlıdır, bununla tikintidəki əmək bazarını nizama salmaq mümkün olacaqmı?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Cümhuriyət” qəzetinə bildirib ki, bu cür aksiyalarla tikintidə əmək bazarına kömək etmək olar, amma problemi həll etmək olmaz:

"Əmək müqaviləsi bağlamadan işçi çalışdırmaq kütləvi xarakter daşıyırsa, təkrar yoxlamanın nəticəsi olaraq cinayət işi də başlamaq olar. Əmək müqaviləsi yoxdursa, işəgötürən hüquqi şəxsdirsə, külli miqdarda cərimə nəzərdə tutulur.Eyni zamanda, vəzifəli və fiziki şəxslər üçün də cərimə nəzərdə tutulur. Bir neçə il öncə edilən dəyişikliyə görə bu, hətta cinayət məsuliyyəti də yaradır. Məlum olduğu kimi Azərbaycanda yoxlamaların müddəti 2 il uzadıldı. 

Fakta görə Cinayət Məcəlləsinin və eləcə də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunmalar işə götürənləri çəkindirə bilər.Amma problemin bütövlükdə həllinə gətirib çıxarmayacaq”.

Sahib Məmmədov qeyd edib ki, əmək müqaviləsi qüvvəyə minmədən işçilərin xidmətə cəlb etməsinin həlli uzunmüddətli prosesdir:

"2017-ci ildə ölkə başçısının qeyri-formal əmək bazarının hüdudlarının məhdudlaşdırılması ilə bağlı üç sərəncamı var. Bununla  bağlı konkret tədbirlər planı təsdiq olunub. Yəni, sözügedən məsələ uzunmüddətli bir plandır, həyata keçirilməlidir.

Dünyada qeyri-formal əmək bazarını 100 faiz ləğv edən bir ölkə də yoxdur.Sadəcə, Azərbaycanda qeyri-formal əmək bazarının miqyası həddən artıq yüksəkdir.Hazırda söhbət bu miqyasın aşağı salınmasından gedir.Bu istiqamətdə müəyyən işlər görülür, onların bəzilərini effektiv adlandırmaq olar.Görülən işlərin bəziləri səbəbin aradan qaldırılmasına, əksəriyyəti isə nəticəyə yönəlib deyə, onlardan uzunmüddətli effekt gözləmək olmaz.Sözügedən yoxlama səbəblə mübarizə deyil.Bu, baş vermiş fakta görə mübarizədir. Buna görə də onun effekti o qədər də böyük ola bilməz. Amma bu o demək deyil ki, bu mübarizə olmalı deyil və nəticəsi olmayacaq.Səbəbə yox, nəticəyə yönələn bir monitorinq olduğuna görə təbii ki, bunun təsiri də çox yüksək olmayacaq.Səbəb aradan qaldırılmalıdır”.






Həftənin ən çox oxunanları