Yuxarı

Palatanın sahibkarın əl-qolunu bağlayan qərarı

Palatanın sahibkarın əl-qolunu bağlayan qərarı

Türkiyədə pul köçürmələrinə, eləcə də bankomatlardan nağd pulun çıxarılmasına məhdudiyyət qoyulur.Türkiyənin Banklara Nəzarət Təşkilatının məlumatında qeyd olunub ki, hər gün icazə verilən maksimal məbləği nağdlaşdıran şəxslərin bank hesabları da xüsusi nəzarətə alınacaq. Qurumdan verilən məlumata görə, pul köçürmələri üzərində nəzarətin gücləndirilməsi maliyyə fırıldaqları, eləcə də qeyri-leqal mərc oyunları ilə mübarizə çərçivəsində həyata keçirilir: "Türkiyədə 5 milyona yaxın şəxs qeyri-qanuni təşkil edilən qumar oyunlarında iştirak edir. Bu oyunlarda iştirak üçün pul vəsaitləri bankomatlardan çıxarılır”.

Ekspertlər ehtimal edir ki, bu, Türkiyədə iqtisadi böhranın ilk əlamətləridir.Qeyd edək ki, oxşar metodu bir müddət əvvəl Azərbaycan da tətbiq etmişdi.Azərbaycanda qəbul edilmiş "Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən, ölkədə hesablaşmalar nağdsız qaydada aparılmalıdır. Prezidentin 2016-cı il 23 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş "Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3. maddəsinə görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə Qanun 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minib.

Maraqlıdır, nağd pul çıxarmaq və köçürmələrin məhdudlaşdırılmasının iqtisadiyyata nə kimi xeyri var?

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə bildirib ki, Türkiyədə bu qərarı nə məqsədlə qəbul etdikləri açıq şəkildə bəyan olunub:

"Ancaq Türkiyənin makroiqtisadi göstəricilərini, ümumi daxili məhsulun (ÜDM) səviyyəsini, o cümlədən, dövlətin reytinqini nəzərə alsaq, 5 milyona yaxın şəxsin qeyri-qanuni təşkil edilən qumar oyunlarında iştirak etməsi barədə bəyanat gülünc görünür. Məhz buna görə kütləvi formada pul köçürmələrinə, eləcə də bankomatlardan nağd pulun çıxarılmasına məhdudiyyətin qoyulması, iqtisadiyyatın sivil qaydalarına uyğun gəlmir.Ümumiyyətlə, gələcəkdə nağd ödənişləri sıradan çıxarmaq iqtisadiyyatın sağlamlaşdırılmasına aparır.Nağd ödənişləri sıradan çıxarmaqla gizli iqtisadiyyatın əmsalları da xırda-xırda bazardan çıxır.İqtisadi nəzəriyyədə var ki, bu metodu etməklə gizli iqtisadiyyatı tamamilə məhv edir.Ancaq konkret fikir söyləmək ki, "filan məqsədlə bu qərar qəbul olunur”, bu, gülüncdür.Çünki iqtisadi nəzəriyyələrlə, göstəricilərlə, metodlarla fikir düz gəlmir.Həmçinin, Türkiyənin öz səviyyəsinə, iqtisadi göstəricilərinə görə də düzgün deyil”.

İqtisadiyyatın zərbəsi zəncirvaridir...

İqtisadçı Azərbaycanda da bu prosesin getdiyini deyib:

"Banklardan nağd pul çıxarmaq üçün müəyyən faiz çıxılır. Hesab edirəm ki, prosesə ilk növbədə iqtisadiyyatı səliqə-sahmana salmaqla başlamaq olardı.Daha sonra bu məhdudiyyətlər tətbiq olunmalı idi.Hazırkı vəziyyətdə iqtisadiyyatı tamamilə azad buraxmaq lazımdır.İqtisadiyyatı azad buraxanda bazar iqtisadiyyatının müddəaları öz yerini tutur.Prosesləri mərhələli formada həll edəndən sonra geri qalan iqtisadiyyatdan uzaqlaşmalıyıq.İndiki dövrdə bütün addımlar elastik və yumşaldıcı olmalıdır ki, sahibkarlar hansısa yolla öz fəaliyyətlərini davam etdirə bilsin.Bu, çox incə bir məqamdır üzərindən kobud keçmək olmaz.Proseslərin üzərindən kobud keçməklə iqtisadiyyatımızın sağlamlaşdırılmasının müddətini uzadırıq.

Kimsə sadə bir ticarət əməliyyatını keçirmək üçün hesabından 200 manat götürüb harasa ödəniş etməlidir.Əgər qanunla buna məhdudiyyət qoyulursa, şəxs də həmin əməliyyatı həyata keçirdə bilməyəcək. O zaman bu, dalğavarı formada digər proseslərə də təsir göstərəcək. Beləliklə, əməliyyatçının və yaxud sahibkarın əl-qolu bağlanmış olur.Bir müddət öncə vətəndaşların banklardakı depozitinə 10 faiz gəlir vergisi qoyuldu.Yəni, vətəndaş əldə etdiyi gəlirdən 10 faiz ödəniş etməli idi. Proses elə dağıdıcı getdi ki, vətəndaşlar nəinki həmin 10 faizi ödəmək, ümumiyyətlə, kütləvi şəkildə pullarını geri qaytardılar. Bunlar prosesi düzgün qiymətləndirməməkdən qaynaqlanır.Bugünkü addımı görüb sabahkı addımı unutmaq olmaz.İqtisadiyyatın zərbəsi zəncirvaridir.Bu gün nəyisə qurban verməliyik ki, sabah nəyisə əldə etmək mümkün olsun”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları