Yuxarı

Azərbaycanda 183 manatlıq yaşayış minimumu

Azərbaycanda 183 manatlıq yaşayış minimumu

Natiq Cəfərli: "Bolqarıstanda  yaşayış minimumu 195 avrodur, yəni 400 manatdır”

Manatın ikinci devalvasiyasından sonra baş verən kəskin bahalaşma əhalinin gəlirlərinə adekvat deyil. Ekspertlər hesab edir ki, keçən 1 il ərzində ərzaq məhsulları ən az 30-45 faiz bahalaşıb. 2018-ci il büdcəsində göstərilən yaşayış miniumumu isə bazarda olan real qiymətlərlə uyğunluq təşkil etmir. Qeyd edək ki, artıq "Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi təsdiq olunub. 

2018-ci ildə Azərbaycanda yaşayış minimumu 173 manat, o cümlədən, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat proqnozlaşdırılır. 2017-ci ildə yaşayış minimumu 155 manat, o cümlədən, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat və uşaqlar üçün 136,6 manatdır.

Maliyyə naziri  Samir Şərifov isə deyib ki, minimum ehtiyac meyarı 130 manat olacaq. Mövcud durumda, kəskin bahalaşma fonunda 130 manat aylıq gəlirlər yaşamaq nəinki çətin, hətta mümkünsüz görünür. Maraqlıdır, yaşayış minimumu hansı meyarlarla hesablanır və təsdiq edilən rəqəmlər mövcud vəziyyətə nə qədər adekvatdır?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında yaşayış minimumlarının doğru hesablanmadığını deyib. N.Cəfərlinin sözlərinə görə, hökumət hələ də yaşayış minimumunu hansı meyarlarla hesablandığını açıqlamayıb: "Əslində Azərbaycanda bu hesablamaların daha çox iqtisadi deyil, siyasi məntiqlə aparıldığını deməyə əsas var. Çünki Azərbaycan Respublikasının Qanunvericiliyinə görə sosial dövlət modeli elan edilib. Əgər normal indikatorlarla hesablansa, yaşayış minimumu və ehtiyac zənbili kifayət qədər yüksək səviyyələrdə olardı ki, hökumət də məcbur olaraq minimum təqaüdü o səviyyəyə qaldımalı idi. Qanun bunu belə tələb edir. Hökumətin iki yolu var idi: ya qanunu dəyişməli idi ki, hesablamalara baxmayaraq istənilən kimi yaşayış minimumunu və minimum ehtiyac zənbilini təyin etsinlər, ya da hesablama indikatorları ilə oynayaraq çox aşağı hədd müəyyənləşdirsinlər. Hökumət ikinci yolu seçdi. Çünki hesablama indikatorları Azərbaycanda çox köhnədir. Yaşayış minimumunu, minimum istehlak zənbilini hesablamaq üçün kifayət qədər köhnədir, hətta götürülən meyarlar 1986-cı ilin SSRİ Nazirlər Kabinetinin qərarına dayanır. Ondan sonra çox cüzi dəyişikliklər olub.

Bütün dünyada minimum ehtiyac zənbili və yaşayış minimumu hesablanmasına bir çox yeni parametrlər daxil olub. İnternet xərcləri, mədəni istirahət, kitab alınması, təhsil, səhiyyə ilə bağlı məsələlər bu hesablamalara daxil edilib. Azərbaycanda isə bu indikatorlar yoxdur. İndikatorlarda maraqlı detallar da var. Məsələn, minimum ehtiyac səbətində 8 il üçün 1 üst geyimi nəzərdə tutulur. Yəni, insan 8 il ərzində yalnız 1 pençək, palto və gödəkcə almaq qabiliyyətinə malikdir. Maralıdır ki, hökumət bunu hesablayarkən hansı qiymətlərdən çıxış edib. Üst geyimi var ki, 1000 manatdır, eləsi var ki, 50 manatdır. Bu hesablamaların necə aparıldığını Azərbaycan hökuməti bu günə qədər açıqlamayıb. Ərzaq zənbilində də maraqlı detallar var. Ərzaq zənbilinə ən çox daxil olan qida çörəkdir. Yəni, 1 nəfər üçün gündəlik 373 qram çörək yazılıb. Bu da "daha çox insan çörəkdən çox istifadə edərsə, doyumluluğu artar” prinsipinə bənzəyir. Kərə yağı isə günə 9 qram nəzərdə tutulur. Ancaq normal insan günə 9 qram deyil, daha çox istifadə etməlidir ki, ehtiyaclarını ödəsin. Yəni, bu cür ciddi problemli olan parametrlər var ki, hesablamalar da belə aparılır”.

Ekspert Avropanın ən kasıb ölkəsi ilə Azərbaycanı müqayisə edib: "Avropanın ən kasıb ölkəsi Bolqarıstan sayılır. Bolqarıstanda isə yaşayış minimumu 195 avrodur. İndiki məzənnə ilə təxminən 400 manata yaxındır. 400 manatdan aşağı gəliri olan insanlar kasıb sayılır. Azərbaycanda da yaşayış minimumu Bolqarıstanda olan indikatorlarla hesablansa, bu zaman kifayət qədər böyük bir rəqəm alınacaq. Bu zaman isə hökumət məcburən minimum əmək haqqını və təqaüdü 400 manata qədər artırmalıdır. Bu da indiki şəraitdə mümkün olmadığından, büdcə vəsaitlərinin çatışmazlığı fonunda indikatorları dəyişmədən, köhnə hesablama qaydalarını saxlamaqla indiki rəqəmi alırlar. Yaşayış minimumunun bu səviyyədə nəzərdə tutulmamasının səbəbi məhz budur”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları