Yuxarı

"Azərişıq” hökumətdən 7,75 milyard istəyir?

Razi Abbasbəyli: "Ölkədə içməli su və kanalizasiya xətlərinin vəziyyəti heç də elektrik şəbəkəsindən geri qalmır”

Ölkənin elektrik şəbəkəsinin 85 faizi yararsızdır. Azərbaycanda elektrik şəbəkəsinin reabilitasiyası üçün hökumətin 7,75 milyard manat həcmində vəsaitə ehtiyacı var. "Report”un hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, bu xərcləri baş nazir təsdiq edib. Məlumata görə, elektrik şəbəkəsinin reabilitasiyasına dair müvafiq master-plan hazırlanıb: "Baş nazirin imzaladığı master-planda göstərilir ki, 85 faizi yararsız olan elektrik şəbəkəsinin reabilitasiyası və onun normal hala gətirilməsi üçün 7,75 milyard manat lazımdır”. Qeyd edək ki, bu master-plan 2015-ci ildə "Azərenerji” ASC-dən "Azərişıq” ASC-yə təhvil verilən paylayıcı şəbəkənin yenilənməsi məqsədi ilə hazırlanıb.

Xatırladaq ki, "Azərişıq” 2016-cı ildə Asiya İnkişaf Bankı (ADB) ilə 1 milyard ABŞ dolları həcmində investisiya müqaviləsi imzalayıb. Müqavilə üzrə 250 milyon dollarlıq ilk tranş artıq Bank tərəfindən təqdim olunub və bir sıra regionlarda elektrik enerjisi sistemi yenilənib.

İqtisadçı-ekspert Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda elektrik enerjisinin təkcə satışı və təchizatı deyil, eyni zamanda elektrik enerjisinin istehsalı ilə bağlı ciddi problemlər var:

"Köhnəlmiş texnologiyalar Azərbaycanda elektrik istehsalında problemlər yaradır. Elektrik enerjisinin infrastrukturunun yaradılması dedikdə təkcə elektrik naqillərinin, eləcə də qurğuların yenilənməsi nəzərdə tutulmur, eyni zamanda elektrik enerjisinin istehsalının da müasir standartlara uyğunlaşdırılması nəzərdə tutulur. Söylənən rəqəmlərin reallığı nə dərəcədə əks etdirdiyini deyə bilmərəm. İlk növbədə nəzərə almaq lazımdır ki, Bakı şəhərinin ətrafında kifayət qədər plansız yaşayış massivi salınıb. Son 10-15 il ərzində ölkə əhalisinin sayı artıb. Bu da nəticə etibarilə elektrik enerjisindən istifadəyə ciddi zərurət yaradıb. Onu da qeyd etmək lazımdır ki, Bakıətrafı qəsəbələrdə vəziyyət kifayət qədər acınacaqlıdır. Ölkənin regionlarında da elektrik şəbəkəsinin vəziyyəti ürəkaçan deyil. Sovetlər dönəmindən qalmış köhnə elektrik şəbəkələri fəaliyyət göstərir ki, bu da nəticə etibarilə istehsal olunmuş elektrik enerjisinin itkisinə səbəb olur. Bu baxımdan bu sektorda olan vəziyyətin düzəldilməsi istiqamətində ciddi vəsaitə ehtiyac var. Lakin bu vəsaitlərin necə istifadə olunacağını, nəzərdə tutulmuş işlərin səmərəli formada həyata keçiriləcəyini indidən demək çətindir. Burada şəffaflıq problemi var. Amma Azərbaycan ərazisində elektrik şəbəkələrinin yenilənməsi üçün milyardlarla vəsait lazımdır”.

Ekspert qeyd edib ki, analoji problem kanalizasiya xətlərində də mövcuddur:

"Xüsusən, yağışdan sonra paytaxt küçələri keçilməz olur. Regionlarda bu sistem sovet vaxtından qalıb, köhnə və bərbad haldadır.Həmçinin kəndarası magistral yolların yenilənməsinə ehtiyac var. Ümumiyyətlə, paralel olaraq ölkədə kommunal vəziyyətin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilməlidir.Ölkədə içməli su və kanalizasiya xətlərinin vəziyyəti heç də elektrik şəbəkəsindən geri qalmır”.

Yeganə Oqtayqızı







Həftənin ən çox oxunanları