Yuxarı

Virtual pulun "çirkli” bazarı

Virtual pulun

Virtual pul vahidi bitkoin sürətlə bahalaşmaqda davam edir.Qiyməti artıqca daha çox diqqətləri özünə cəlb edən kriptovalyutaların etibarlı olub-olmaması isə hələ də açıq qalıb.Xüsusi avadanlıqlarla hər yerdə istehsal olunması mümkün olan bitkoin və buna bənzər digər kriptovalyutalar haqqında müsbət və mənfi fikirlər səsləndirilir.Hətta dünyanın ən böyük dövlət başçıları da öz gündəmlərində kriptovalyutalara yer ayırırlar. Məsələn, bir müddət öncə ABŞ prezidenti Donald Tramp bitkoinlərin etibarlı olmadığını və xüsusilə, terrorun maliyyələşməsində istifadə olunduğunu dedi. 

Ancaq bütün mənfi fikirlərə baxmayarq kriptovalyutalar, xüsusilə də bitkoin günü-gündən dəyər qazanır və hal-hazırda 16 min dollar civarında dövr edir.Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində artıq bitkoinlər tanınır və istifadəçləri, hətta istehsalçıları var. Maraqlıdır, bitkoin və digər kriptovalyutalar nə zamansa hər kəsin istifadə etdiyi valyuta növünə çevrilə bilərmi?Bu valyutaların etibarlılığı, təhlükəsizliyi nə qədərdir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə şərhində maraqlı fikirlər səsləndirib. Ə.Həsənov hesab edir ki, heç bir valyuta növü etibarlı deyil:

"İlk növbədə hər kəs bilməlidir ki, dünyada ən etibarlı valyuta qızıldır. Çünki qızılın öz dəyəri var. Bu minillərlə belədir.Qızılın dəyəri o, zaman düşər ki, başqa planetdən külli miqdarda qızıl tapsınlar.Amma nə qədər ki, qızıl yer kürəsindən çıxır, öz dəyərini itirməyəcək.Qızıldan başqa digər valyutalar təminatsızdır.Kağız pulların, kriptovalyutaların və digərlərinin təminatı yoxdur.Çünki bunlardan nə qədər istəsələr, istehsal edə bilirlər.Bu da qiymətlərinin düşməsinə gətirib çıxarır.Bu baxımdan əgər biz bitkoini qızılla müqayisə etsək, əlbəttə ki, təminatsızdır və təhlükəlidir.Dollar, avro və digər kağız pullarla müqayisə etsək, hələ hansının daha çox etibarsız olduğunu demək çətindir.Çünki kağız pulları dövlət istədiyi qədər buraxır.Təbii ki, kağız pullar nə qədər çox buraxılırsa, qiyməti də o, qədər düşür.bitkoinin isə ümumi miqdarı məhduddur. Yəni, 21 milyondur və bundan artıq istehsal oluna bilməz.bitkoinin qiyməti də məhz məhdud sayda olduğu üçün qalxır. Amma nəsə bir hadisə baş versə, məsələn, bir neçə ağır terror aktı törədilsə və müəyyən etsələr ki, həmin terrorlar məhz bitkoinlərlə maliyyələşdirilib, artıq hər kəs başlayacaq bitkoinlərdən imtina etməyə.Əlbəttə ki, bu halda bitkoinlər necə ki, sürətlə bahalaşdı, o, sürətlə də ucuzlaşacaq”.

Kriptovalyutaların etibarlı və təhlükəsizlik məsələsinə toxunan ekspert hesab edir ki, hər bir valyuta kimi bitkoin də oğurlana bilər:

"Kağız pullar, qızıl və digər qiymətli əskinaslar kimi bitkoinin də oğurlanması mümkündür. Amma bitkoinlər elektron valyuta olduğu üçün xüsusi qurğularda saxlanılır.Oğurlandığı halda artıq geri qayıtması mümkün deyil.bitkoinin ümumi miqdarı 21 milyondur və bunun təxminən 14 milyonu artıq istehsal olunub. Hələ ki, 7 milyonu yoxdur.Yəni, bitkoin 21 milyondan artıq istehsal oluna bilməz.bitkoini dəyərli edən də məhz miqdarının məhdud olmasıdır. bitkoinləri istehsal etmək də çox çətindir. Onun üçün xüsusi avadanlıqlar, güclü komputerlər lazımdır.Hətta bunu çox vaxt qızılla müqayisə edirlər.Necə ki, qızıl çıxarmaq çətindir, bunun da istehsalı elədir.Amma kağız pulu istehsal etmək isə çox sadədir.Ancaq bütün hallarda qeyri-qızıldan söhbət gedirsə, onun dəyəri məhz insanların inamından asılıdır.Bu gün dünyanın ən çox borcu olan dövləti ABŞ-dır.Bu isə o, deməkdir ki, ABŞ bütün dollarlarının dünyaya səpələyib.Əgər bu gün bütün dünya, hətta təkcə Rusiya və Çin əlində olan dolları satmağa başlasa, bu valyutanın qiyməti çox kəskin şəkildə düşəcək.Çünki dollara inam azalacaq.Deməli, hələ də dollara inam var. Bu gün bizim də ən çox inandığımız valyuta dollardır. Kiminsə əlində bir az pul varsa, gedib onu dollara çevirir ki, milli valyutaya etibar yoxdur. Əslində isə dollar da etibarlı deyil.Sadəcə olaraq insanlar öyrəşiblər”.

Əkrəm Həsənov qeyd edib ki, bitkoin hər kəsin istifadə etdə biləcəyi valyutaya çevrilə bilməz:

"Bu ancaq xüsusi kompüterlərdə istehsal oluna bilir. Azərbaycanda hər kəs internetdən istifadə etmir. O, da qaldı ki, virtual valyutadan istifadə etsinlər. Ancaq hamı da olmasa, bitkoinlərdən istifadə genişlənəcək.Nə qədər çox insan buna inansa, geniş yayılacaq.Etiraf etmək lazımdır ki, bir çoxları bundan həm də vergidən yayınmaq üçün istifadə edirlər.Məsələn, siz mənə nəsə satırsız və mən də bilirəm ki, siz bitkoin qəbul edirsiz.Amma satış müqaviləsində heç nə göstərmirik, güya ki, evi və yaxud satılacaq başqa əmlakı bağışlayırsız.Amma mən sizə ödənişi bitkoinlə edirəm. Əgər hər ikimiz bitkoinə etibar ediriksə, artıq məsələ bitmiş hesab olunur və heç kim buna müdaxilə edə bilmir. Vergidən də yayınırıq.bitkoin və digər kriptovlayutalar vergidən yayınma, çirkli pulların yuyulması və ehtimal var ki, terrorun maliyyələşdirilməsində istifadə ediləcək və bəlkə də artıq edilir. Əgər belə hallar baş verərsə, bitkoinin aqibəti çox pis qurtara bilər”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları