Yuxarı

Banklar əcnəbiləri ölkədən çıxarır

Banklar əcnəbiləri ölkədən çıxarır

Xaricilər Azərbaycandakı banklardan əmanətlərini geri çəkirlər. Məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatında yer alıb. Belə ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında qeyri-rezidentlərin əmanətlərinin ümumi həcmi 2017-ci ilin oktyabr ayı ərzində 16,5 milyon manat və ya 2,1 faiz azalaraq noyabrın 1-nə 766,6 milyon manat təşkil edib. Qeyri-rezidentlərin əmanətlərinin 54,9 milyon manatı və ya 7,2 faizi milli valyutada, qalanı isə xarici valyutada yerləşdirilib.

Noyabrın 1-nə fiziki şəxslərin əmanətlərinin həcmi 7 280,1 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 257,9 milyon manat və ya 3,7 faiz artım deməkdir. Əmanətlərin 2 189,6 milyon manatı və ya 30,1 faizi milli valyutada, qalanı xarici valyutada yerləşdirilib.

Hesabata əsasən, qeyri-rezidentlərin əmanətlərinin həcmində azalma olsa da, rezidentlərin əmanətlərinin həcmi oktyabrda 274,4 milyon manat və ya 4,4 faiz artaraq noyabrın 1-nə 6 513,5 milyon manata çatıb. Rezidentlərin əmanətlərinin 2 134,6 milyon manatı və ya 32,8 faizi milli valyutada saxlanılır.

Maraqlıdır, Azərbaycan bankları etibarını itirir, yoxsa məsələnin mahiyyətində nə dayanır?

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, son 3 ildə Azərbaycanın bank sektorunda gərginlik müşahidə olunur: 

"Hazırda bağlanan banklarda olan əmanətlərin geri qaytarılması prosesi həyata keçirilir. Beləliklə, ümumi nəticədə banklarda yerləşdirilmiş qeyri- rezidentlərin əmanətlərinin həcmi azalır. Baxmayaraq ki, oktyabr ayında müəyyən qədər artımlar baş verib, amma ilin əvvəli ilə müqayisədə Azərbaycanda da yerli rezidentlərin yerləşdirdiyi əmanətlərin həcmində azalma baş verib. Bu, ümumi bir tendensiyadır. Təbii ki, bu da qeyri-rezident və rezidentləri əhatə etməklə bütövlükdə bank sektorunda yaranmış narahatçılıqlara və bu sektora inamın azalmasından qaynaqlanan bir məsələdir”.

İqtisadçı onu da qeyd edib ki, xaricilərin banklardan əmanətlərini geri çəkmələrinə təsir edən digər faktor isə son dövrlərdə Azərbaycandan gedən xarici şirkətlərin sayındakı artımlarla bağlıdır: 

"Burada çalışan şəxslər Azərbaycanı tərk edirsə, təbii ki, burada yerləşdirdikləri əmanətlərini də götürərək öz ölkələrinə transfert edirlər. Bu da faktiki olaraq azalmanın ikinci səbəbi hesab olunur. Birinci səbəbi isə ondan ibarətdir ki, bu gün Azərbaycan banklarında xüsusilə, xarici valyutada yerləşdirilən əmanətlərin faiz dərəcələri kifayət qədər aşağıdır. Qeyri-rezidentlərin də yerləşdirdiyi əmanətlərin 90 faizdən çoxu məhz xarici valyutadır. Buna görə də adətən, vaxtı çatan əmanətlərin vaxtı uzadılmır və bu əmanətlər götürüldükdən sonra yenidən banklarda yerləşdirilmir. Bu səbəbə əsasən hazırda qeyri-rezidentlərin Azərbaycan banklarında olan əmanətlərinin həcminin azalmasını şərtləndirir”.

Qeyri-rezidentlərin əmanətlərinin geri çəkilməsi banklara necə təsir edəcək?

Rəşad Həsənovun sözlərinə görə qeyri-rezidentlərin Azərbaycan banklarında o qədər də ciddi paya malik olan əmanətləri yoxdur: 

"Faktiki olaraq bank sektorunda izafi likvidlik vardı. Yəni, kreditləşmə prosesinin zəifləməsi və kredit siyasətinin daha ehtiyatlı həyata keçirilməsi portfelin kiçilməsinə gətirib çıxarır. Banklar bir sıra hallarda cəlb etdikləri vəsaitləri yerləşdirə bilmirlər. Bəzi hallarda onu müşahidə edirik ki, vaxtı çatmış əmanətlərin uzadılması şərtləri bilərəkdən daha da sərtləşdirilərək əmanətlərin bankdan çıxarılması təşviq olunur. Çünki banklar bu vəsaitləri yerləşdirə bilmirlər. Əgər banklar bu vəsaiti yerləşdirə bilmirsə, həmin dövr üçün izafi likvid qalan vəsait əlavə xərc mənbəyinə çevrilir. Bəzi banklar Mərkəzi Bankın depozit hərraclarında iştirak etməklə müəyyən qədər gəlirliliyi təmin etməyə çalışsa da, bu, kifayət etmir. Çünki Mərkəzi Bank limitli həcmlərdə depozit elanları yerləşdirir. Adətən, onu müşahidə edirik ki, tələb təklifdən dəflərlə artıqdır. Bu isə onu deməyə əsas verir ki, banklarda olan vəsaitlər qeyri-işlək vəziyyətdə əllərində qalmaqla onlar üçün əlavə yük formalaşdırır. Belə şərtlər daxilində banklar da əmanətin cəlb edilməsində o qədər də maraqlı olmurlar”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları