Yuxarı

İranla dollarsız ticarət

İranla dollarsız ticarət

İran Azərbaycana ticarətdə milli valyutalardan istifadəni təklif edib. İranın Qiymətli Kağızlar və Birja Təşkilatının sədri Şapur Məhəmmədi bildirib ki, Azərbaycanla İranın qarşılıqlı ticarətdə milli valyutadan istifadə etməsi hər iki ölkənin milli valyutasının möhkəmlənməsinə səbəb ola bilər: "Hər iki ölkənin qarşılıqlı ticarətdə milli valyutalardan istifadə etməsi çox faydalı ola bilər. Bunun üstünlükləri çoxdur.Məsələn, asanlıqla köçürülür və vasitəçi valyutaya ehtiyac duyulmur.Bundan başqa, qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması milli valyutanın güclənməsinə səbəb olur.Bu isə hər iki ölkə üçün xeyirlidir".

Qeyd edək ki, bir müddət öncə İranın iqtisadiyyat və maliyyə naziri Məsud Karbasian da Azərbaycanla ikitərəfli ticarətdə dollardan imtina etməklə bağlı təklif səsləndirmişdi. Nazir bildirmişdi ki, tərəflər Azərbaycan və İran arasında maliyyə münasibətlərinin sadələşdirilməsi məqsədilə müstəqil bankın yaradılması imkanlarını da müzakirə edirlər: "Bank sahəsində əməkdaşlığın genişləndirilməsi ölkələrimiz arasında iqtisadi və istehsal əlaqələrinin gələcək inkişafı üçün yoldur".

Məsud Karbasian Türkiyə və Rusiya ilə ticarət əlaqələrində milli valyutadan istifadənin müsbət nəticələrini vurğulayaraq, belə bir təcrübənin Azərbaycanla ticari əməkdaşlıqda tətbiq edilməsi imkanını qeyd edib.

Maraqlıdır, İranın bu təklifi sərfəlidirmi?Ümumiyyətlə, Azərbaycan bu təkliflə razılaşa bilərmi?

İqtisadçı-ekspert Vüsalə Əhmədova "Cümhuriyət” qəzetinə bildirib ki, son dövrlərdə gündəmdə xarici ticarətdə dollardan və ya digər üçüncü sərbəst dönərli valyutadan imtina edilməsi mövzularına tez-tez rast gəlinir:

"Məqsəd, milli valyutaların daha çox istifadə olunan vəziyyətə gətirilməsidir. Ümumiyyətlə, dollarsız ticarət nə deməkdir?Bunun üçün razılıq əldə edəcək ölkələrin Mərkəzi Bankları milli valyutalarında bir sabitləşmə həyata keçirirlər.Məsələn, 1 manat müəyyən bir miqdar İran rialına bərabər götürülür.Beləliklə, ixracatçı İrana satdığı malların qarşılığını rialla almış olur.Aldığı İran valyutasını Mərkəzi Bankda dəyişərək manata çevirir.Daha sonra isə Azərbaycan həmin İran valyutası ilə bu ölkədən idxal edəcəyi malların haqqını ödəyir.Beləliklə, iki ölkənin xarici ticarətində dollar və ya avro kimi xarici valyutaların funksionallığı aradan qalxmış olur.Bu isə xarici ticarətdə xarici maliyyə ehtiyaclarını aradan qaldırır. Həmçinin, idxal-ixrac həddinin daha yüksək səviyyələrə çatdırılması, xarici ticarətdə ödəmə əməliyyatlarının başqa ölkə və qurumlara ehtiyac qalmadan öz Mərkəzi Bankımız vasitəsilə həyata keçirilməsi, iqtisadi və siyasi baxımdan ölkə adına ciddi qazanc əldə edilməsi təmin olunur”.

İqtisadçının sözlərinə görə, dollarsız xarici ticarətin dünyada bir sıra nümunələrini görmək mümkündür:

"Məsələn, Çinlə Braziliya, Türkiyə ilə Çin, o cümlədən, Rusiya ilə İran arasında xarici ticarətin dövriyyəsi dollarsız həyata keçirilir. Çin və Braziliya mümkün qlobal bank böhranlarına qarşı tədbir görmək və valyuta riskini minimuma endirmək məqsədilə 30 milyard dollara qədər dəyərdə xarici ticarət əməliyyatlarını öz milli valyutaları ilə icra etmək qərarına gəlmişdilər.Bundan əlavə, Türkiyə ilə Çin Mərkəzi Bankları arasında ilk milli valyutalar ilə mübadilə əməliyyatı 30 noyabr 2016-cı ildə həyata keçirildi.Eyni zamanda Rusiya ilə Türkiyə arasında da bu istiqamətdə danışıqlar aparılır”.

Vüsalə Əhmədova onu da qeyd edib ki, xarici ölkələrin mərkəzi bankları arasında SWAP razılaşmalarının əldə edilməsi və qarşılıqlı ticarətin milli valyutalar ilə icra edilməsi, təqdirəlayiqdir:

"Dövlət Statistika Komitəsinin hesabatlarına nəzər salsaq, görərik ki, 2016-cı il üçün xarici ticarət dövriyyəsində Azərbaycandan İrana məhsul ixracının həcmi 49.683,8 milyon dollar olub. İrandan Azərbaycana idxalın həcmi isə 161.077,6 milyon dollar təşkil edib.Göründüyü kimi ixracın həcmi idxaldan 3 dəfə azdır.Xarici ticarət dövriyyəsində tarazlıq mövcud deyilsə, dollarsız ticarət bir qədər qeyri-real görünür. Düşünürəm ki, Azərbaycan üçün barter sövdələşmələri daha optimaldır. Ümumiyyətlə, barter sövdələşmələri - dəyərinə görə ekvivalent olan malların, xidmətlərin, intellektual fəaliyyətin nəticələrinin mübadiləsinə dair fəaliyyətdir. Onlar həm ikitərəfli, həm də çoxtərəfli ola bilər. Barter sövdələşmələri zamanı pul və ya digər ödəniş vasitələrindən istifadə olunmur. Barter müqaviləsində eyni qiymətli və qarşılıqlı göndərilən malların, xidmətlərin sayı, yaxud tərəflərin tədarükünü həyata keçirəcəyi məbləğ qeyd olunur”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları