Yuxarı

Gömrükdən buraxır, bazardan yığışdırırlar

 Gömrükdən buraxır, bazardan yığışdırırlar

Ölkə ərazisinə daxil olan bütün mallara nəzarət funksiyası birbaşa Dövlət Gömrük Komitəsinə aiddir. Ancaq son yayılan məlumatlar adamı düşünməyə məcbur edir. Belə ki, ötən gün gömrükçülər "Sədərək" və "Binə" ticarət mərkəzlərində əməliyyat tədbirləri keçiriblər. Nəticədə, ticarət mərkəzlərinin ərazisində 82 min ədəddən çox pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Ekspertlər isə hesab edir ki, gömrükçülərin ticarət mərkəzlərində hər hansı əməliyyat keçirməsinin özü yolverilməzdir. Gömrükçülərin funksiyası məntiqlə elə gömrük məntəqələrində bitir, mal ölkəyə daxil olduqdan sonra problem varsa, başqa dövlət qurumları müdaxilə etməlidir.

Digər mühüm məqam isə budur ki, gömrükçülərin dövriyyədən çıxartdığı pritoxnek vasitələr ölkəyə necə daxil olub? Hansı formada bu pirotexniki maddələr ölkəyə gətirilib? Gömrükdən keçməyibmi? Niyə gömrükçülər bu vasitələrin ölkəyə daxil olduğu zaman qarşısını almayıb, yaxud ala bilməyib? Suallar çoxdur, aydınlıq isə yox. Gömrük Komitəsi bu məsələyə xüsusi formada aydınlıq gətirməlidir. Gömrük Komitəsi isə bunun əvəzində bazarlarda reyd keçirir. 

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində deyib ki, gömrük xidmətinin ölkə daxilində reyd keçirməsi məntiqli deyil:

"Ölkəyə hər hansı məhsulun keçirilməsi üçün iki yol var. Bunlardan biri qanuni yol olan gömrük, digəri isə qaçaqmalçılıq vasitəsilə gətirilməsidir. Buna isə həm sərhəd xidməti, həm də Gömrük Komitəsi ciddi nəzarət etməlidir. Pirotexnika elə bir məhsul deyil ki, onu dağla, daşla, araba ilə qaçaqmalçılıq yolu ilə gətirsinlər. Çünki bu elə böyük gəlir gətirən sahə deyil ki, hər hansı bir şəxs belə risk etsin. Ona görə də çox böyük ehtimalla bunlar normal yolla, gömrükdən keçirilən məhsullardır. Burada qeyri-səmimi bir situasiya yaranır. Məntiqi ardıcıllıqla düşünsək, belə çıxır ki, gömrük orqanları birinci hər hansı sövdələşmə ilə pirotexnikanı ölkəyə buraxırlar, sonradan həmin pirotexnikanın satıldığı məkanlara reyd keçirib növbəti dəfə iş adamlarına basqılar yaradır və ya hər hansı bir formada sövdələşməyə getməyə məcbur edirlər. Burada gömrük orqanlarının məsuliyyəti ciddi şəkildə ortalığa qoyulmalıdır. Ən azı etiraf olunmalıdır ki, bu məhsullar gömrükdən keçərkən ya nəzərlərindən yayınıb, ya da öz işlərini normal görməyiblər ki, sonradan ticarət mərkəzlərinə reyd edərək pirotexnikanı yığmağa çalışıblar. İkinci məsələ isə daha qlobaldır. Ümumiyyətlə, gömrük orqanlarının belə bir reyd keçirməsi nə qədər doğru və məntiqlidir? Azərbaycanda 13 qurumun əməliyyat aparmaq səlahiyyəti var. Bu da normal yanaşma deyil. Bu mərkəzləşdirilmiş qayda da olmalıdır, hər kəs öz işi ilə məşğul olmalıdır. Yəni, gömrük orqanlarının fəlsəfəsi, işi ölkənin daxili bazarını qorumaq, qeyri-qanunu yolla məhsulların ölkəyə gətirilməsinin qarşısını almaqdır. Gömrük orqanlarının ölkə daxilində əməliyyat keçirməsi ən azından məntiqsizdir. Qlobal olaraq bu funksiyanın gömrükdən alınması daha məntiqli olardı. O, zaman bu ikili oyunlara da son qoyulardı. Yəni, obrazlı desək "dovşana qaç, tazıya tut” deyilməzdi. Həm qapıdan burax, həm də gedib reyd elə, iş adamlarını yenidən cərimələrlə yüklə. Bu doğru, məntiqli yanaşma deyil. Fəlsəfi və qlobal olaraq bu məsələyə son qoymaq üçün gömrük və bir çox qurumların istintaq aparmaq səlahiyyətləri əlindən alınmalıdır”.

Gömrükdə fəaliyyət göstərən broker şirkətlərə də toxunan N.Cəfərli hesab edir ki, bu məsələdə onların da "xidmətləri” az deyil:

"Uzun illərdir ki, Azərbaycanda pis bir ənənə mövcuddur. Rəsmi gömrük orqanları ilə qeyri-rəsmi gömrük qurumları (Broker şirkətlər-müəl.) fəaliyyət göstərir. Yəni, istənilən broker kompaniyası adı altında fəaliyyət göstərən qeyri-rəsmi şirkətlər gömrüklə sövdələşərək mal və xidmətlərin növündən asılı olaraq, onların razılığı və ya iştirakı olmadan ölkəyə mal gətirmək mümkün deyildi. Son zamanlar bu sahədə müəyyən müsbət dəyişikliklər oldu. Ancaq görünən odur ki, brokerlər hələ də gömrükdə dominant rol oynayır. Hətta gömrük xidmətinin rəhbərləri onları müdafiə edir ki, dünya praktikasında bu cür şirkətlər var və onlar mühüm rola sahibdir. Təbii ki, var, ancaq onlar Azərbaycanda olduğu kimi primitiv işləmir. Dünyada fəaliyyət göstərən idxal, ixrac şirkətləri yalnız logistik və hüquqi dəstək göstərir. Onlar şirkətlərin gömrüklə bağlı hüquqi problemlərini həll edirlər. Azərbaycanda isə bu qeyri-qanuni baş verir. Nə öhdəliklər, nə müqavilələr var, sadəcə hər hansı bir məhsul üzrə bir broker təyin olunur. Nəticədə isə həmin brokerlərin icazəsi olmadan ölkəyə mal və xidmətlərin gətirilməsi mümkün olmur. Bu qeyri-qanuni və məntiqsizdir. Ancaq normalda qanun çərçivəsində borkerlər ola bilər və şirkətlərə hüquqi dəstək verər”.

Vilayət Muxtar