Yuxarı

Banklar üçün sınaq ili

Banklar üçün sınaq ili

"2017-ci il Azərbaycan bank sektoru, ABA  üçün uğurlu il oldu. Ona görə uğurlu olub ki, qarşımıza qoyulan bütün məqsədlərə çatmaq üçün zəruri tədbirləri həyata keçirə bilmişik”.Bunu 2017-ci ilin yekunları ilə bağlı keçirilən tədbirdə Azərbaycan Bank Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. O bildirib ki, 2017-ci il Azərbaycan bank sektoru üçün çətin, eyni zamanda, baş vermiş proseslərdən sonra ilk doğru addımlar atılan il oldu: "Bu il ərzində təbii ki, bank sektorunda bir çox irəliləyişlər baş verdi. Dəyişikliklər əsasən bank sektorunun kapitalının artması və digər yeniliklərdən ibarət oldu.Bu sahədə həm qanunvericilikdə dəyişikliklər edilib, eyni zamanda, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində tədbirlər keçirilib.Azərbaycan Banklar Assosiasiyası bank işçilərinin sosial həyatının yaxşılaşdırılması istiqamətində, o cümlədən, vətəndaşlarla banklar arasında problemlərin istiqamətində işlər görülüb”.

Tədbirin sonunda "Bank of Baku”, "Accessbank”, "Azər Türk Bank”, "Express Bank”, "Xalq Bank”, "Kapital Bank”, "Paşa Bank” və "Turanbank”ın nümayəndələri müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.

Təəssüf ki, yola salmağa hazırlaşdığımız 2017-ci il Azərbaycan banklarının vəziyyətində ciddi geriləmə ilə yadda qaldı. 2015-ci ildə milli valyutanın iki kəskin devalvasiyası və birinci dəfə 38 faiz, ikincidə isə 48 faizə qədər dəyər itirməsi, bank sektorunu ağır bir duruma saldı. Bunun nəticəsi olaraq 12 bank öz fəaliyyətini dayandırmalı oldu.Digər bir bank isə bank olmayan kredit təşkilatı kimi fəaliyyətini davam etdirdi.

Onu da qeyd edək ki, 2017-ci ildə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmində azalma olub. Belə ki, noyabrın 1-nə olan məlumata görə əhali tərəfindən banklara ümumilikdə 7 milyard 280,1 milyon manat əmanət yerləşdirilib. Bu isə o deməkdir ki, son 1 ildə əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi 133 milyon manat və ya 1,79 faiz azalıb. Bununla yanaşı, bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda əmanətlərin həcmi 257,9 milyon manat və ya 3,67 faiz artıb.

Həmçinin, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında qeyri-rezidentlərin əmanətlərinin ümumi həcmi 2017-ci ilin oktyabr ayı ərzində 16,5 milyon manat və ya 2,1 faiz azalaraq noyabrın 1-nə 766,6 milyon manat təşkil edib. Qeyri-rezidentlərin əmanətlərinin 54,9 milyon manatı və ya 7,2 faizi milli valyutada, qalanı isə xarici valyutada yerləşdirilib.

Eyni zamanda, il ərzində "Moody"s”, eləcə də müxtəlif beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanda bir sıra bankların uzunmüddətli depozit reytinqi və kreditləşmə üzrə bazar qiymətləndirilməsini azaldıb.

Ümumiyyətlə, bankların ümumi kredit portfeli də daralıb. Azərbaycan bank sektorunun məcmu aktivləri 2017-ci il oktyabrın 1-nə 26 163,6 milyon manat təşkil edib. Bu da sentyabrın 1-i ilə müqayisədə 3 328,1 milyon manat və yaxud 11,3 faiz azdır. İlin əvvəlinə nisbətən isə bank aktivləri 16,8 faiz azalıb. Bankların aktivlərinin 45,7 faizini və yaxud 11 966,9 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu ilin ilk 9 ayında bankların kredit portfeli 24,9 faiz daralıb. Hesabat dövründə bankların cəmi öhdəlikləri 21,6 faiz azalaraq 23,145 milyard manat, o cümlədən depozit portfeli 6,4 faiz artaraq 15 362,4 milyon manat olub. Bunun 6 999,5 milyon manatını fiziki şəxslərin depozitləri, 8 362,9 milyon manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. İlin əvvəlindən əmanətlər 5,8 faiz, şirkətlərin vəsaitləri isə 6,85 faiz azalıb.

Yanvar-sentyabr aylarında bankların Mərkəzi Bank qarşısında öhdəlikləri isə 63,3 faiz azalaraq 570,8 milyon manata düşüb. Hesabat dövründə kredit təşkilatlarının balans kapitalı 58,1 faiz artaraq 3 018,6 milyon manata çatıb.

Bundan əlavə, kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin noyabr ayının 1-nə 1 milyard 889,6 milyon manat təşkil edib. Bu isə, illik müqayisədə 514 milyon manat və ya 37,37 faiz çoxdur. Bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda problemli kreditlərin həcmi 32,5 milyon manat və ya 1,75 faiz artıb. Problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 15,55 faiz təşkil edir.

Maraqlıdır, bu ili bankların uğuru nədən ibarət olub?

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə açıqlamasında, Azərbaycan Bank Assosiasiyasının (ABA) sədri Zakir Nuriyevin fikirləri ilə qismən razı olduğunu bildirib:

"Statistik hesabatla götürəndə, bəli, 2015-ci ildən ardıcıl olaraq 2016-cı ildə gedən proseslərə nisbətdə 2017-ci il banklar üçün dayanıqlı olub. 2016-cı ildə əsas zərbələr bank sektoruna dəymişdi.Birinci zərbədən sonra 2017-ci ildə bank sistemi bərpa olmasa da, ən azından sıfırlanıb yenidən təftiş apara bilmək qabiliyyətlərini göstərdi.Doğrudur, Azərbaycanda biznes mühiti yoxdur.Demək olmaz ki, bankların fəaliyyətinin inkişafı üçün münbit şərait yaradılıb.Xeyr, münbit şərait yoxdur. Bəlkə o biznes mühiti yaradılsaydı, daha aktiv irəliləyişə şahid ola bilərdik. Ancaq banklar öz narahat keçmişlərinə baxıb ən azından restrukturizasiya (defolt halında olan, yəni, öz borcunu ödəyə bilməyən borcalana qarşı tətbiq edilən ölçü vasitəsi) aparıblar. Amma bununla iş bitə bilməz. Yəni, durğunluq vəziyyətində dayanmaq olmaz.Bəzi bankların inkişafı üçün mütləq yenidən konsolidasiya getməlidir. Paralel olaraq, makroiqtisadi tarazlıq tamamilə bərqərar olmalıdır ki, bank sistemində biznes mühiti yaransın”.

Beynəlxalq reytinq agentliklərin Azərbaycan bankları haqda verdikləri proqnozlara gəlincə, iqtisadçı bu təşkilatların məsələyə başqa prizmadan yanaşdığını deyib:

"Bu təşkilatlar konkret bank fəaliyyəti ilə bağlı neqativ halları gündəmə gətirib bununla bağlı reytinq cədvəli tərtib edirlər. Doğrudur, bir çox banklar bu sektorda olan fəaliyyətlərini həyata keçirə bilmirlər.Burada söhbət bankların kredit portfelinin azalmasından, eyni zamanda problemli kreditlərin həcmindən gedir.Bəli, sadalanan bu istiqamətlərdə artım müşahidə olunur.Reytinq agentlikləri problemə makroiqtisadi səviyyədə baxdıqları üçün, neqativ halları görürük.Hər iki baxışları müqayisə etsək, belə bir qənaətə gəlmək olar - bir var, 2015-2016-cı illərə nisbətdə 2017-ci ildə bank sistemində dayanıqlılığın müşahidə olunması, bir də var ki, gedən proseslər bank xidmətlərinin getdikcə arzuolunmaz səviyyəyə düşməsi.Hər iki baxış nöqteyi-nəzərindən həm beynəlxalq təşkilatların verdiyi reytinqlərlə, həm də ABA sədrinin açıqlaması ilə razıyam.Problemlərə ayrı-ayrı baxdıqda hər iki yanaşma düzgündür”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları