Yuxarı

Müştərini pulsuz qoyan banklar: Sayları artır

Müştərini pulsuz qoyan banklar: Sayları artır

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası dekabrın 22-də "DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) lisenziyasının ləğvi barədə qərar verdi. Palata bu qərarı bankın məcmu kapitalının müəyyən edilən minimum miqdardan və adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulan 3 (üç) faizdən az olmasına əsasən qəbul edildiyini bildirir. Həmçinin, qərar kreditorların qarşısında olan öhdəlikləri yerinə yetirməməsi ilə izah edilib.Palata xatırladıb ki, "DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bank olduğundan qorunan əmanətləri Fond ödəyəcək.

Bank bağlanandan sonra yaranan ciddi problemlərdən biri də, əmək haqqı kartlarının bloklanmasıdır.Təsəvvür edin ki, xaricdəsiniz, pulunuz bank kartındadır. Axşam gəzintisində olduğunuz vaxt Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası kart müştərisi olduğunuz bankı bağlayır, kartlar dərhal bloklanır. Müştəri də yediyi yeməyin, qaldığı otelin pulunu ödəmək istəyəndə məlum olur ki, kartı aktiv deyil.Məlumat üçün deyək ki, bu kart vasitəsi ilə şirkət və təşkilatlar əməkdaşları üçün məvacib və mükafatların ödənişini həyata keçirə bilirlər. Əməkhaqqı kartlarının həm şirkət və təşkilatlar üçün, həm də müştərilər üçün bir sıra üstünlükləri var. Belə ki, sözügedən bankın əmək haqqı kartından Azərbaycanda və 200-dək ölkədə hər gün 24 saat ərzində istifadə etmək mümkün idi. Bundan əlavə kart ilə bu və digər valyutalarda nağdsız ödənişlərin edilməsi və nağd pulun digər ölkənin yerli valyutasında alınması, bir çox ticarət və xidmət müəssisələrində mal və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan nağdsız ödənişi, bir çox bankomat və bank ofisləri vasitəsilə kartda olan vəsaitin nağd şəkildə çıxarılması, internet şəbəkəsində mal və xidmətlərin ödənişi, o cümlədən, 200 mindən çox oteldə otaq sifarişi və sair üstünlükləri sadalamaq olardı. Bütün bu üstünlükləri nəzərə alan müştərilər öz əmanətlərini bu bankın kartına etibar edir. Bu cür nöqsanın yaranması, ilk öncə ölkədə bank sisteminə olan inamı zədələyir.

Maraqlıdır, bağlanan bankın kartlarını bloklayan qurumlar həmin vaxt ölkədən kənarda olan və nağd pul gəzdirməyən adamları düşünmürmü?Həmin müştərilər otel pulunu nə ilə ödəsin, geri qayıtmaq üçün bileti necə alsın?Ümumiyyətlə, problemin həllinin sivil yolu varmı?

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə bildirib ki, sözügedən problemin həlli müasir dövrün tələblərinə uyğun olmalıdır:

"”DəmirBank” müasir dövrün tələblərinə uyğun yüksək keyfiyyətli elektron xidmətlər göstərirdi. İnkişaf etmiş ölkələrdə hansısa bankın fəaliyyətində təhlükə yaranması haqqında proqnozlar verilirsə, müştərilərə bu haqda əvvəlcədən xəbərdarlıq edilir.İdarəetməsi və işgüzarlıq qabiliyyəti aşağı düşən bankda problem yarananda heç olmasa, müştəriyə SMS xəbərdarlığı getməlidi.Vətəndaşın xaricdə istirahət etdiyi vaxt onun bank hesabının de-aktiv olması, faciədir, fors-major haldır.Əgər bu cür xəbərdarlıq olmayıbsa, bu, nöqsandır”.

İqtisadçı qeyd edib ki, bir sıra bankların lisenziyasının ləğv olunması haqqında proqnozlar hələ 2015-ci ilin əvvəlindən olub:

"Tənəzzül dövrünün tələblərinə uyğun olaraq bank sistemi tamamilə zərbəni öz üzərinə götürdü. Bu günə qədər ləğv olunan banklar təəccüb doğurmadı."Dəmir Bank” bağlanan bankların sonuncusu olmayacaq.Ardıcıl olaraq bağlanan və konsolidasiya prosesi istiqamətində işlər gedəcək."Dəmir Bank”ın bağlanma prosesini son dərəcə uzatdılar.Analoji prosesi "Standart Bank” üçün də söyləmək olar.Bu bankın adı qalmışdı, amma ləğvetmə prosesini uzadırdılar.Ola bilsin ki, bank işçiləri işə gəlir, müəyyən köçürmə əməliyyatları aparılır, amma bankın işgüzar fəaliyyəti elə bir səviyyəyə enmişdi ki, onu ölkədə bank kimi saxlamaq əlavə yük olurdu.Qeyd edim ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Standart Bank”a 15 milyonluq yatırım da olundu.Üstəlik, bununla bağlı acıqlama da verdilər ki, bankın sağlamlaşdırılması istiqamətində bu addımı atırlar.Onlar hesab edirdilər ki, ictimaiyyət qısa zamanda bu bankın sağlamlaşmasının şahidi olacaq.Bu daha çox populist çıxışlardır.İstənilən qədər vəsait yatırmaqla banklar sağlamlaşdırılmır.İlk öncə mühit sağlamlaşdırılmalıdır."Dəmir Bank”ın lisenziyasının ləğv olunması, gecikdirilmiş qərar idi.Hələ 2018-ci il ərzində bir sıra bankların lisenziyasının ləğv olunmasını müşahidə edəcəyik”.

Yeganə Oqtayqızı