Yuxarı

Nazirliyin turizm siyasəti: Qiymətlər cibə uyğundurmu?

Nazirliyin turizm siyasəti: Qiymətlər cibə uyğundurmu?

Azərbaycandakı hotellərin qiyməti dünya üzrə müqayisədə heç də yüksək deyil. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir deyib ki, beynəlxalq təcrübəyə əsasən də bazar günləri və bayram günləri ərəfəsində hotellərdəki qiymətlərdə müəyyən qədər artımlar olur: "Amma bu, o demək deyil ki, bizdəki qiymətlər digər ölkələrlə müqayisədə bahadır. Bu gün Azərbaycan hotelləri hər bir potensial turistə müvafiq qiymətlər təqdim etməyə nail olub. Bəzi hotellərdə qiymətlər 50 manata qədərdir, bəzilərində isə 1000 manatdan yüksəkdir. Yəni hər bir kəs öz cibinə uyğun seçim edə bilər. Azərbaycan turizm bazarı öz inkişafı ilə düzgün siyasətin aparıldığını göstərir”.

Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti artıq bayramları ölkəmizdə keçirməyə qərar verib. O əlavə edib ki, gələcəkdə ölkədə hotel yerlərinin artırılması üçün işlər davam etdiriləcək: "Bugünkü tələbat özü bunu diktə edir ki, Azərbaycanda turizm infrastrukturu genişləndirilsin və yeni hotellər tikilsin. Bizə məlumatlar daxil olub ki, bəzi yerlərdə hotellərdə yerlər dolub, insanlar yer axtarır”.

Maraqlıdır, dünya üzrə müqayisədə Azərbaycandakı hotelləri gəlirlərə də uyğun hesab etmək olarmı?

Turizm üzrə ekspert Çingiz İsmayılov "Cümhuriyət” qəzetinə bildirib ki, ölkədəki hotellərin gəlirləri ancaq özlərinə məlumdur: "Təbii ki, heç bir hotel gəlirinin nə qədər olduğunu açıqlamaz. Amma bunu müəyyən etmək üçün müəyyən monitorinq aparmaq olar. İlk olaraq İqtisadiyyat Nazirliyinin və Dövlət Statistika Komitəsinin illik hesabatlarında ümumi daxili məhsulda (ÜDM) turizm sektorunun xüsusi çəkisinin nə qədər olduğuna baxmaq lazımdır. Bu gəlirlər əsasında formalaşır. Elə turizm ölkələri var ki, ÜDM-un 60 faizi turizm sektorunun payına düşür.

Hotellərin il ərzində fəaliyyətini monitorinq aparmaqla müəyyən etmək olar. Əgər hotellərə bir-bir zəng vurub 20 turistin yerləşdirilməsi üçün yerlərinin olub-olmaması ilə maraqlansaq, bütün hotellər deyəcək ki, var. Deməli, hotellər tam dolmur. Yaxud da, axşamüstü həmin hotellərin qarşısından keçməklə pəncərələrdə yanan işıqlardan vəziyyətin nə yerdə olduğunu bilmək olar. Təbii ki, bayram günləri ölkəyə turistlər gəlir. Bundan əlavə həmin hotellərin büdcəyə nə qədər vergi verdikləri ilə də onların nə dərəcədə səmərəli fəaliyyət göstərdiyini müəyyən etmək olar”.

Ekspert hotellərdə yerlərin dolmasını daxili turistlərin hesabına olmadığını da qeyd edib: "Azərbaycan hotellərində yerlərin dolması, əsasən xarici turistlərin hesabına baş verir. Ölkəmizin milli ənənəsi var. Azərbaycanda ailələrin böyük əksəriyyəti yeni ili öz evlərində keçirir. İstirahət üçün ölkənin müxtəlif turizm rayonlarından birinə gedə bilər, ancaq zənn etmirəm ki, hotelləri daxili turistlər doldursun. Yerli insanlarımız xaricə getməsələr belə, əminəm ki, 1000 ailənin 90 faizi yeni ili öz evində, doğmalarının ətrafında keçirir. Bu bizim milli mentalitetimizdir.

Azərbaycan xalqı digər xalqlardan fərqli olaraq mobil millət deyil. Qonşu xalqlar gedib dünyanın istənilən ölkəsində yaşaya bilər. Sözsüz ki, Azərbaycanda da belələri var, ancaq faizlə çox azdır. Biz torpağa, vətənə, millətə bağlı xalqıq. Hətta illərlə xaricdə yaşayan azərbaycanlılar yaşa dolduqca vətənə qayıdırlar. Ola bilsin ki, bu bizim həm üstünlüyümüz, həm çatışmazlığımızdır. Ona görə də hesab edirəm ki, vətəndən uzaqda yaşayan azərbaycanlıların xüsusi çəkisi azdır. Bu gün turist kimi haradasa istirahət edənlərin böyük əksəriyyətini gənclər təşkil edir. Təbii ki, gənclər daha rəngarəng, müxtəliflik və maraqlı yerləri görmək arzusunda olurlar”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları