Yuxarı

Neft bahalaşır: Manata xilas yolu görünür?

Neft bahalaşır: Manata xilas yolu görünür?

2015-ci ildə böhran dövrünə girən ölkə iqtisadiyyatı hələ də tam şəkildə özünə gəlməyib. Manatın məzənnəsi böhran dövründən öncəki illə müqayisədə 3 dəfəyə yaxın ucuzlaşıb. Təbii ki, Azərbaycan iqtisadiyyatı neftdən asılı olan ölkələr siyahısındadır. Ölkəyə daxil olan valyutanın böyük hissəsi, təxminən 85 faizi məhz neftdən gəlir. Neftin qiyməti dünya bazarında ucuzlaşdıqca manata olan təzyiqlər də güclənir. Məlumdur ki, neft qiymətləri dünya bazarında dalğalanır. 

Müəyyən dövrdə 60-65 dollar civarında formalaşan neft qiymətləri ölkə iqtisadiyyatını, eyni zamanda milli valyutanı xarici təzyiqlərdən müəyyən qədər qoruya bildi. Manat son 7-8 ayda sabit, 1.70 məzənnədə qaldı. Ancaq manatın məzənnəsinin dollar qarşısında sabit qalması təkcə neftdən asılı deyil. Azərbaycan Mərkəzi Bankı və digər aidiyyatı qurumlar manatı bu məzənnədə saxlamaqda maraqlı idilər və bunu inzibati qaydada tənzimlədilər. Manat kütləsinin dövriyyədən çıxarılması, valyuta hərracları və digər tətbiq olunan məhdudiyyətlər yekun olaraq milli valyutanın sabit qalmasına zəmin yaratdı. Bu gün də eyni proses davam edir. Baxmayaraq ki, manatın bahalaşması üçün əsas amil olan neft dünya bazarında təxminən 1.30 dollar bahalaşaraq 70 dollara qədər artıb. Ancaq görünən odur ki, hökumət manatın məzənnəsinin artmasında və ya azalmasında maraqlı deyil. Bu isə onu deməyə əsas verir ki, növbəti dövrdə də manatın məzənnəsi 1.70 civarında qalacaq.

Digər tərəfdən, manatın məzənnəsində baş verə biləcək hər hansı bir dalğalanma ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək. Çünki ölkə iqtisadiyyatı bir növ hazırkı məzənnəyə uyğunlaşdırılıb. İstər qeyri-neft sektorunun inkişafı üçün nəzərdə tutulmuş dövlət proqramı, istərsə də maliyyə-kredit siyasəti məhz bu məzənnəyə hesablanıb. Məlumdur ki, bu gün ölkə iqtisadiyyatının ən böyük problemlərindən biri məhz bank sektorudur. Bu sektorun sağlamlaşdırılması üçün müəyyən addımlar atılsa da, vəziyyət heç də ürəkaçan deyil. Xüsusilə, problemli kreditlərin həcminin sürətlə artması bank sektorunu daha da çətin vəziyyətə salır. Bu gün ölkədə fəaliyyət göstərən 30 bankın yarıdan çoxu maliyyə çatışmazlığı ilə üz-üzədir. Ekspertlər hesab edir ki, bank sektorunun sağlamlaşdırılması üçün "xəstə” banklar sıradan çıxmalıdır. Əks halda, bu sektor hələ uzun müddət problem içində qalacaq ki, bu da ölkə iqtisadiyyatının inkişafına əngəl yaradan başlıca amillərdən biridir. Bu baxımdan 2018-ci ildə daha bir neçə bankın bağlanması istisna olunmur.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə şərhində deyib ki, neft qiymətlərindən asılı olmayaraq manatın məzənnəsi sabit saxlanılacaq:

"Əlbəttə ki, neftin qiyməti manatın məzənnəsinə ciddi təsir edir. Hətta demək olar ki, əsas təsir edən faktor məhz budur. Sadəcə, neftin 70 dollara qədər bahalaşması manatın qiymətinin artması anlamına gəlmir. Çünki manat əslində ucuz olmalıdır. Sadəcə olaraq manatı süni şəkildə 1.70 civarında saxlayıblar. Buna görə də neftin qiyməti 80 dollar olsa belə, manat indiki məzənnədə qalacaq. Neftin bahalaşması sadəcə, manatın ucuzlaşması ehtimalını azaldır. Böyük ehtimalla manat bu ili elə 1.70-1.80 məzənnə ilə bitirəcək. Yəni, manatın sabit qalmaq ehtimalı daha çoxdur. Bu bir daha onu göstərir ki, manatın rejimi yoxdur. Görürük ki, dünyada bütün valyutaların məzənnəsi dəyişir, manat isə sabit qalıb. Bu isə o deməkdir ki, manatın məzənnəsini inzibati yolla saxlayırlar”.

Bank sektorunda yaşanan problemlərə toxunan Əkrəm Həsənov qeyd edib ki, Palata üzərinə düşən məsuliyyəti icra edə bilmir:

"Dövlət başçısı 6 dekabr 2016-cı il tarixili sərəncamı ilə təsdiq olunmuş Maliyyə Xidmətlərinin İnkişafı üzrə Strateji Yol Xəritəsinə əsasən bankların sağlamlaşdırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına bu ilin sonuna qədər vaxt verib. Amma inanmıram ki, bu baş verəcək. Çünki Palatanın nəinki atdığı addımlar lazımi səviyyədə deyil, ümumiyyətlə, plan yoxdur. Bilinmir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası nə iş görür. Digər tərəfdən, Palatanın kadr potensialı çox aşağıdır. Hesab edirəm ki, artıq xeyli vaxt gedib. Amma yenə də güclü, savadlı komanda olsa və onun da ağılabatan planı olsa, bu problemləri həll etmək olar. Amma hələ ki, bunun üçün heç bir zəmin görünmür”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları