Yuxarı

Azərbaycan pulunu harada saxlayır?

Azərbaycan pulunu harada saxlayır?

Rusiyada Mərkəzi Bank hökumət idarəsinə aid deyil, yəni ABŞ-ın Rusiyaya tətbiq edəcəyi sanksiyalar Rusiya Mərkəzi Bankına təsir etməməlidirlər.Lakin bir müddət öncə ABŞ-da saxlanılan Qazaxıstan Milli Fondu dondurulmuşdu.Bu isə o deməkdir ki, Rusiya da istisna olmaya bilər.Ekspertlər hesab edir ki, Rusiya ABŞ-a pul qoyulmasından imtina edə bilməz.Əks halda, ölkənin investisiya reytinqi aşağı düşə bilər.Hazırda Rusiya Bankı pul aktivlərinin 3/1-ni ABŞ-da saxlayır. Ötən il iyun 31-də Rusiyanın Mərkəzi Bankı 218,7 milyard dollar və ya 417,8 milyard dollarlıq Rusiya bankının xarici valyutada aktivlərinin həcminin 52.4 faizə qədərini xarici valyuta və qızılda yatırım edib. Bu barədə Rusiya Mərkəzi Bankının hesabatında deyilir.

Rusiya Mərkəzi Bankı əcnəbi ölkələrin qiymətli kağızları ilə yanaşı qızılda da yatırıma xüsusi diqqət yetirib.2016-cı ilin iyun ayının sonuna qızıl aktivlərinin sayı 15.4 faiz və ya 67.3 milyard dollar təşkil edib.

2016-cı ilin iyunundan 2017-ci ilin iyununa kimi Rusiya Mərkəzi Bankı 8.8 milyard dollar həcmində qızıl alıb. Lakin ekspertlər hesab edir ki, qızılın alınması fikri elə də uğurlu alınmayıb.Belə ki, 2016-cı ilin iyunundan 2017-ci ilin iyununa kimi qızıl 3.7 faiz dəyər itirib.

Əgər aktivlərin coğrafi strukturuna nəzər salsaq, görərik ki, Rusiya Bankı aktivlərin 27.2 faizini ABŞ-da,12.5 faizini Fransada, 10 faizini Almaniyada yatırım edib. Hazırda Rusiya Mərkəzi Bankının aktivlərinin əksər hissəsi dollarda saxlanılır.2017-ci ilin əvvəlində Avropa Mərkəzi Bankının pul kredit siyasətini yumşaltması, Rusiyanın isə pul-kredit siyasətini sərtləşdirməsi, ABŞ dolları və avrodakı aktivlər arasında faiz dərəcələrinin fərqliliyinin artmasına gətirib çıxartdı.Bu zaman Rusiya Bankı avroda olan xarici aktivlərini dolların xeyrinə dəyişmək qərarına gəlib.

Məlumat üçün qeyd edək ki, dekabrın 7-də Ümumdünya Qızıl Şurası (World Gold Council) 2017-ci ilin III rübündə ölkələrin qızıl ehtiyatlarını açıqlayıb. Sıralamada ilk yeri ABŞ (8133,5 ton), ikinci yeri Almaniya (3373,7 ), üçüncü yeri isə İtaliya (2451,8) tutub. Maraqlıdır ki, 2016-cı ilədək WGC-nin məlumat bazasında Azərbaycanın adı olsa da, həmin ilin ikinci rübündən etibarən şura ölkəmizə aid statistika yayımlamır. Xatırladaq ki, buna qədər Azərbaycanın qızıl rezervi 2012-ci il üçün 8 ton, 2013-cü il üçün 20 ton, 2014 və 2015-ci illər üçün 30.2 ton və nəhayət 2016-cı il üçün yenidən azalaraq 20 ton olaraq qeyd edilib. 

Ümumdünya Qızıl Şurasının 2017-ci il avqustun ayına olan məlumatına əsasən Azərbaycan həmin ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb. Qeyd edək ki, 2017-ci ilin yanvar ayında Azərbaycan 18 ton rəsmi qızıl ehtiyatlarına sahib olub və qlobal reytinqdə 63-cü sırada yer alıb.Şuranın hesabatına görə, Azərbaycan rəsmi qızıl ehtiyatlarını 2016-cı ilin sentyabr ayından etibarən satmağa başlayıb. Belə ki, sentyabr ayında satış həcmi 1 ton, oktyabrda 4,2 ton, noyabrda 3 ton, dekabr 2 ton, cari ilin yanvarında 2 ton və fevralda 18 ton təşkil edib. Yəni, Azərbaycan 6 ay ərzində bütün qızıl ehtiyatlarını satıb.

2017-ci ilin dekabr ayına olan məlumata görə, Azərbaycanın strateji valyuta ehtiyatları 5 milyard dollar artıb. Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb. Sənəddə qeyd olunur ki, tədiyyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb.Strateji ehtiyatlar noyabrın sonuna ilin əvvəlinə nəzərən 13.3 faiz (5 milyard dollar) artmış və 42.6 milyard dollar təşkil edib.Mərkəzi Bankın valyuta ehtiyatları isə 32 faiz artaraq 11 ayın sonuna 5.2 milyard dollar təşkil edib.Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının başlıca mənbələri xarici valyutada dövlət zəmanəti ilə və valyuta girovu ilə verilmiş kreditlərin qaytarılması olub.

Maraqlıdır, Azərbaycan Mərkəzi Bankı valyuta və qızıl rezervlərini hansı ölkələrdə saxlayır?

İqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları böyük deyil:

"Azərbaycanda daha çox xarici valyuta ehtiyatları Dövlət Neft Fondu tərəfindən idarə olunur. Azərbaycanın 42 milyard dollar xarici valyuta ehtiyatları var. Bunun təxminən 5 milyard dolardan artığı Mərkəzi Bankın, digəri isə Dövlət Neft Fondunun payına düşür. Bu baxımdan Azərbaycanda Mərkəzi Bankın deyil, Dövlət Neft Fondunun valyuta ehtiyatlarının idarə edilməsi və saxlanması daha ciddi əhəmiyyət daşıyır.Çünki vəsaitlərin əhəmiyyətli hissəsi məhz Dövlət Neft Fondu tərəfindən idarə olunur.Dövlət Neft Fondu öz ehtiyatlarının əhəmiyyətli hissəsini səhmlərdə saxlayır.Son illər xüsusən də daşınmaz əmlaka yönəldilən ehtiyatların həcmində artımlar müşahidə olunur.Dövlət Neft Fondu öz aktivlərini, eləcə də portfelini diversifikasiya (kapitalın və investisiyanın kapital riskini azaltmaq üçün müxtəlif obyektlər arasında paylanması -red) etməyə çalışır”.

Ekspert qeyd edib ki, səhmlərin coğrafiyasına diqqət yetirsək, Azərbaycanın səhmlərinin daha çox ABŞ-da və Avropa Birliyində saxlanıldığını görmək olar:

"Bütövlükdə Dövlət Neft Fondunun investisiya etdiyi səhmlərin təxminən 80 faizi inkişaf etmiş ölkələrin, o cümlədən, qərb ölkələrinin payına düşür. Bu kontekstdən qərb ölkələri daha çox paya malikdir.Son dövrlərdə Dövlət Neft Fondu həm də Çində səhmdar investisiya həyata keçirir.Artıq səhmlərin bir hissəsi Çin bazarına yönəldilib.Azərbaycanın valyuta ehtiyatlarının saxlanması baxımından ABŞ və Avropa Birliyi əsas ölkə kimi xarakterizə olunur.Məhz qərb ölkələrində Azərbaycan öz səhmlərini daha çox saxlayır.Bu baxımdan səhmlərin saxlanma coğrafiyasında qərb ölkələrinin payı çoxdur.Dövlət Neft Fondunun ehtiyatlarının cəmi 1 faizi səhmlər və digər formada saxlanılır.Bu baxımdan Azərbaycan Dövlət Neft Fondu gəlirlilik baxımından nisbətən aşağı olan və daha tez satılan səhmləri digər dövlət fondlarına investisiya edir”.

Vüqar Bayramov onu da vurğulayıb ki, Rusiya Mərkəzi Bankının, eləcə də valyuta ehtiyatlarının statusu başqadır:

"Çünki Rusiyaya Qərbin sanksiyası var. Amma Azərbaycan Dövlət Neft Fondu səviyyəsində valyuta ehtiyatlarının qərb ölkələrində saxlamağa üstünlük verir. Bu kontekstdən qərb ölkələri daha etibarlı, daha az riskli hesab olunur. Hesab edirəm ki, Rusiyanın Mərkəzi Bankı və valyuta ehtiyatları ilə bağlı problemlər Azərbaycan üçün heç də spesifik deyil”.

Ölkənin qızıl ehtiyatlarının harada saxlanmasına gəlincə, iqtisadçı Dövlət Neft Fondunun qızıl ehtiyatlarının olduğunu deyib:

"Son məlumatlara əsasən Dövlət Neft Fondunun Londonda saxlanılan qızıl ehtiyatları artıq Azərbaycana gətirilib”.

Yeganə Oqtayqızı







Həftənin ən çox oxunanları