Yuxarı

ABŞ-dan neft ölkələrinə "mujdə”

ABŞ-dan neft ölkələrinə

"Fevral ayında ABŞ-ın neft yataqlarında əhəmiyyətli artım gözlənilir”.

Bunu Cebhe.info-ya açıqlamasında neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Ekspert qeyd edib ki, hazırda ABŞ 5 mindən artıq quyu fonduna malikdir: "Neftin qiymətində artım dinamikasının davam etməsi ABŞ-da neft hasilatçı şirkətləri qazma aktivliyini artırmağa sövq edəcək. Nəzərə almaq lazımdır ki, hazırda ABŞ-da fəaliyyəti müvəqqəti dayandırılmış passiv quyu fondu 7300-dən çoxdur və indiki qiymət fonunda quyuların əksəriyyətinin sənaye istismarına qaytarılması planlaşdırılır. Fevral ayında əksər neft yataqlarında əhəmiyyətli artım baş verəcək. Bu isə neft bazarlarında tarazlığın bərpa edilməsi cəhdlərini təhdid altına alacaq.

Baxmayaraq ki, OPEC rəhbərliyi ABŞ-da 2018-ci ildə gözlənilən neft hasilatının artmasını neft bazarları üçün təhlükə hesab etmirlər. Tamamilə yanlış yanaşmadır. Əgər cari ilin sonuna kimi ABŞ-da gündəlik neft hasilatı 10 milyon bareli keçəcəksə, bu, sadə məntiqlə gündəlik idxal həcmlərinə təsir edəcək. Bu da ABŞ-a istiqamətlənməsi nəzərdə tutulan tədarük həcmlərinin trayektoriyasını dəyişməyə məcbur edəcək və son anda bazarda tələbatdan artıq neft həcmlərinin formalaşmasına səbəb olacaq”. 

Zəfər Vəliyev qeyd edib ki, 2018-ci ildə neft bazarları ABŞ-dan daxil olan neft xəbərlərinə köklənəcək: "Nəzərə almaq lazımdır ki , ABŞ-da şist neft hasilatı özünün pik həddinə hələ çatmayıb. Apardığım təhlil onu deməyə əsas verir ki, yaxın 3 ildə neft bazarlarında daim dəyişkənlik müşahidə ediləcək. OPEC və müttəfiqlərin ABŞ-a yönəlik neft strategiyası isə heç bir nəticə verməyəcək”. 

Yeganə Oqtayqızı 





Həftənin ən çox oxunanları