Yuxarı

Dünyanı gözləyən yeni böhran

Dünyanı gözləyən yeni böhran

Davosda növbəti iqtisadi böhranın vaxtı ilə bağlı müzakirələr aparılıb. İsveçrədə keçirilən Ümumdünya İqtisadi Forumunda "Növbəti böhran nə zaman olacaq?” mövzusunda keçirilən sessiyada dünyanın aparıcı banklarının və investisiya fondlarının məsul əməkdaşları açıqlamalar verib və proqnozlar səsləndirib. "Carlyle Group” birbaşa investisiyalar fondunun həmtəsisçisi Devid Rubinşteyn deyib ki, qlobal iqtisadiyyatda vəziyyət yaxşıdır: "Amma, pul-kredit siyasəti sanki böhranda olduğumuzu əks etdirir. Əgər mərkəzi banklar uçot dərəcələrini artırmağa başlasalar, kredit götürənlərin çoxu pis vəziyyətdə qalaraq, borclarını qapatmaq iqtidarında olmaya bilərlər”.

Harvard Universitetinin iqtisadiyyat üzrə professoru Kennet Roqof bildirib ki, uçot dərəcələrinin sürətlə artırılması, aşağı iqtisadi artım tempi və böyük məbləğdə borcu olan İtaliya və Yaponiya kimi ölkələr üçün maliyyə problemləri yarada bilər.

Qeyd edək ki, BMT-nin ticarət və inkişaf üzrə konfransı - UNCTAD-ın hesabatında qeyd olunub ki, əvvəlki resessiyalardan sonra bərpa prosesi daha aktiv olub. Bu dəfə isə iqtisadi artıma baxmayaraq birbaşa investisiyalar 2017-ci ildə illik müqayisədə 16 faiz azalaraq 1,52 trilyon dollara enib. Elan olunan layihələrin dəyəri isə 32 faiz azalaraq 571 milyard dollara enib və bu, son 14 ilin minimumu olub.

"Citigroup”un baş direktoru Maykl Korbat isə bildirib ki, növbəti iqtisadi durğunluq vaxtı proses daha kəskin və sürətli olacaq: "Biz özümüzə gəlməyə imkan tapmayacağıq”.

Ümumilikdə maliyyə böhranından bəri ilk dəfə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan 45 ölkədə artım baş verib. Hazırda dünyanın əksər ölkələrində uçot dərəcələrinin artırılması və ya ən yaxşı halda sabit saxlanılması müşayiət olunur. Uçot dərəcələrinin endirilməsi halları demək olar ki, yoxdur. Bu özünü iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin maliyyə sistemində də göstərir. Hətta dünyanın ən aparıcı dövlətlərindən biri olan ABŞ belə bu prosesin qarşısını ala bilmir. ABŞ-ın Federal Ehtiyat Sistemi hər il üç dəfə dolların uçot dərəcəsini artırmalı olur. Prezident Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə bu siyasəti dəyişəcəyini, yəni ucuz Çin məhsullarının Birləşmiş Ştatlara idxalının qarşısını almaq üçün dolların uçot dərəcəsini aşağı salacağını vəd etmişdi. Lakin D.Tramp Ağ Evə gəldikdən sonra verdiyi vədi yerinə yetirə bilmədi.

Bu, bir tərəfdən ABŞ-ın ixracat potensialına mənfi təsir göstərsə də, eyni zamanda dolların digər beynəlxalq valyutalara təzyiq imkanlarını saxlayır. Rusiyada isə 2017-ci ilin sonunda rublun uçot dərəcəsi 8.25 faizdən 7.75 faizə endirilib.

Mərkəzi Bank bu addımı Rusiyada inflyasiyanın 2.5 faiz təşkil etməsi ilə əsaslandırıb. Lakin ekspertlərin fikrincə, uçot dərəcəsinin endirilməsi daha çox siyasi amillərlə, yəni 2018-ci il mart ayının 18-də Rusiyada keçiriləcək prezident seçkisi ilə bağlıdır. 2018-ci ilin birinci yarısında isə inflyasiyanın 4 faizə qədər artacağı gözlənilir. Ona görə də seçkidən sonra rublun faiz dərəcələri yenidən yüksələ bilər. Həmçinin ABŞ Dövlət Departamenti yanvarın 29-da Rusiyanın nüfuzlu oliqarxlarının və iş adamlarının adlarının daxil olduğu 300 nəfərə sanksiyalar tətbiq edəcək ki, bu da ölkənin maliyyə sisteminə ciddi zərbə vura bilər.

2017-ci ilin dekabrında Türkiyə Mərkəzi Bankının qərarı ilə lirənin uçot stafkası 8 faiz həcmində sabit saxlanılıb.

Qeyd edək ki, Azərbaycanın Mərkəzi Bankının İdarə Heyəti 15 noyabr 2017-ci ildə uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15 faiz, dəhlizin aşağı həddi 10 faiz, yuxarı həddi 18 faiz) barədə qərar qəbul edib. Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 15 fevral 2018-ci ildə müzakirə ediləcək.

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, növbəti böhranla bağlı konkret proqnozlar vermək çox çətindir: "Faktiki olaraq hazırda yeni bir böhran bitmək ərəfəsindədir. 2017-ci ildə Avropa Birliyində böhranın başa çatması ilə bağlı bir sıra mövqelər sərgiləndi. Eyni zamanda ABŞ-da da 2016-cı ildən etibarən iqtisadiyyatda müsbət simptomlar hiss olunmağa başlayıb. Bunun fonunda dünya mərkəzi bankları uçot dərəcəsini artırmağa çalışırlar. Çünki uçot dərəcəsinin kifayət qədər aşağı olması, bəzi hallarda əlavə risk formalaşdırır. Hesab edək ki, uçot dərəcəsi aşağıdır və bu daha genişləndirilmiş pul siyasətini həyata keçirilməsi anlamı daşıyır. Belə bir şəraitdə iqtisadiyyatlara izafi pul axını mümkündür ki, bu da balonların yaranmasına və son nəticədə 2008-ci ildə baş verən böhranabənzər vəziyyətin ortaya çıxmasına gətirib çıxarda bilər. Məhz 2008-ci ildə də qlobal böhranı əksər hallarda maliyyə böhranı hesab edirdilər. Buna görə də Avropanın, Yaponiyanın mərkəzi bankları, o cümlədən, FED kimi daha əhəmiyyətli mərkəzi banklar da bu təhlükəni görürdülər. Bunun qarşısının alınması istiqamətində atılan addımlardan biri də uçot dərəcəsinin artırılması yolu ilə iqtisadiyyatdan müəyyən qədər pulun sterilizasiya edilməsi idi.

Yəni, artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlar həyata keçirirlər. Təbii ki, bu zaman müəyyən problemlər ortaya çıxır. Bu problemlərdən biri də ondan ibarətdir ki, növbəti dövrlərdə daha çox borcu olan dövlətlərin, iqtisadi subyektlərin və sair xərcləri artacaqdır. Bu xərclər onların toparlanmasını və maliyyə vəziyyətinin sabitləşməsini çətinləşdirə bilər. Faktiki olaraq bu gün qlobal iqtisadiyyatda artım baş verir. Hətta böyük maliyyə institutları da 2017-ci ildə qlobal iqtisadiyyatda artımla bağlı proqnozlarını dəyişdilər. Belə ki, onlar öz proqnozlarını artırıblar. Bu isə onu göstərir ki, hazırkı şəraitdə hər hansı ciddi böhran riskindən söhbət gedə bilməz. Çünki böyük iqtisadiyyatlarda artım müşahidə olunur. Burda əsas risklərdən biri Çindən formalaşa bilər. Bildiyimiz kimi Çin iqtisadiyyatının artım tempində müəyyən çətinliklər müşahidə olunmaqdadır. Eyni zamanda bir çox mütəxəssislərdə Çinin daşınmaz əmlak bazarında balonlar formalaşdığı qənaəti yaranıbdır. Bu balonların partlaması sonrakı dövrlərdə Çindən qaynaqlanan bir böhran dalğasının qlobal iqtisadiyyata yayılmasına gətirib çıxarda bilər. Bununla bağlı hazırda tənzimləmə işləri gedir”.

İqtisadçının sözlərinə görə, yaxın gələcəkdə ciddi böhranlar ortaya çıxacaq: "Uçot dərəcəsinin artırılması, iqtisadi faktorlar nəzərə alınmaqla paralel aparılır. Hazırda əsasən Avropa Mərkəzi Bankının və FED-in uçot dərəcələri qlobal uçot dərəcəsi tendensiyasına öz təsirini göstərir. Burada da hər iki qurum qlobal iqtisadi makrodinamikanı nəzərə alaraq qərarlar qəbul edir. Hesab edirəm ki, proseslər dünya iqtisadiyyatını puldan məhrum edib böhrana aparıb çıxara biləcək səviyyəyə çatmayacaq”.

Azərbaycanın maliyyə kredit sisteminin böhranlı vəziyyətdə olduğunu nəzərə alsaq, ölkəmizə təsirləri nədən ibarət ola bilər?

Rəşad Həsənov hesab edir ki, Mərkəzi Bank uçot dərəcəsini yüksək həddə saxlamağa məcburdur: "Çünki iqtisadiyyatda və bank sektorunda izafi pulun dövriyyədən çıxarılması, eyni zamanda idarə olunması məsələsi var. Məlum olduğu kimi hazırda banklar kredit verməkdə maraqlı deyil. Mərkəzi Bank da dəfələrlə açıqlayıb ki, banklarda izafi likvidlik yaranıb. Bu vəsaitləri hansısa formada idarə etmək lazımdır. Həmin vəsaitlərin banklardan cəlb edilməsi yollarından biri də depozitlərin uçot faizlərinin yuxarı həddə müəyyənləşməsidir. Buna görə də hesab edirəm ki, Mərkəzi Bankın əsas məqsədi manata və inflyasiyaya təzyiqləri formalaşdıran faktorları məhdudlaşdırmaq istiqamətindədir.

Bu səbəbdən də uçot dərəcəsini yuxarı həddə saxlayır. Eyni zamanda burada manatla kreditlərin cəlbi məsələsi də mümkün məqamlardan biridir. Çünki manat yığımlarının vətəndaşın əlində qalması və son nəticədə bu yığımların valyuta bazarlarında təklifin formalaşmasına gətirib çıxardır. Eyni zamanda əmanət depozitlərinin strukturunu xarici valyutanın həcminin çox olması ilə şərtləndirir. Amma uçot dərəcəsi yuxarı olduqda banklar nisbətən yuxarı faizlə manatla depozit siyasəti həyata keçirirlər. Belə bir şəraitdə də iqtisadi subyektlərdə, vətəndaşlarda yaranmış müvafiq pul kütləsi dövriyyədən kənarlaşdırılır”.

"Qlobal səviyyəli uçot dərəcəsinin artması, Azərbaycanda xarici borcun xərclərini artıra bilər”

Ekspert onu da nəzərə çatdırıb ki, uçot dərəcəsinin yüksək olması, kredit axınının həcmini azaldan faktordur: "Bahalı uçot dərəcəsi daha bahalı kreditlərin olmasını şərtləndirir ki, bu da subyektlərdə kredit götürməyə marağı aşağı salan əsas səbəblərdən biridir. Hazırda qeyri-neft iqtisadiyyatının inkişafı nəzərdə tutulubsa, kapital çatışmazlığı dövründə bahalı faiz siyasətinin həyata keçirilməsi, maliyyə dayanıqlılığını zəiflətməklə ümumi iqtisadi tempi aşağı salıb. Qlobal səviyyəli uçot dərəcəsinin artması, Azərbaycanda xarici borcun xərclərini artıra bilər. Bu isə dövlət büdcəsi üzərində əlavə yük formalaşdıra bilər. Amma nəzərə almaq lazımdır ki, bağlanmış əksər sazişlərdə faizlər müəyyənləşdirilib. Qlobal səviyyədə uçot dərəcələrinin artması, xarici borcların artmasına gətirib çıxardır”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları