Yuxarı

Maaş və qonorarlar bitcoinlə veriləcək

Maaş və qonorarlar bitcoinlə veriləcək

Kriptovalyuta dünyasındakı yaşanan dalğalanma demək olar ki, sunamini xatırladır. Yanvar ayının əvvəlindən 19 min 800 dollar səviyyəsində olan bitcoin, bir anda 10 min dollar səviyyəsinin altına düşdü. Faktiki olaraq virtual valyutaların arxasında heç bir iqtisadi resurs yoxdur.Ekspertlər hesab edir ki, bitcoinin zərərli edən cəhət də məhz burdan qaynaqlanır.Hazırda virtual valyuta xidmətləri kimi istifadə olunan 300 mindən çox müxtəlif coinlər var. Başda bitcoin olmaqla bu valyutalar 2017-ci ildə əhəmiyyətli müvəffəqiyyət əldə etdi.Xüsusilə bitcoinin ümumi bazar dəyəri 1 trilyon dollar səviyyəsinə qədər yüksəlmişdi.Bir gecədə kəskin dəyər itirməsi sektorun təxminən 50 faiz daralmasına şərait yaratdı.

Maraqlıdır, kriptovalyuta bazarındakı dalğalanma bu sektora investisiya yatıran investorların iflasına səbəb ola bilərmi? 

İqtisadçı-ekspert Vüsalə Əhmədova "Cümhuriyət” qəzetinə bildirib ki, bitcoinin yaradıldığı tarixdən günümüzədək keçən 9 il boyunca bir çox başqa kriptovalyutaların da yarandığının şahidi olduq:

"Bəzi dəyişiklikləri nəzərə almasaq onlar da demək olar ki, bitcoinlə eyni vəzifəni yerinə yetirirlər. Yəni, bəzi online əməliyyatlarda və daha az real əməliyyatlarda ödəniş vasitəsi kimi istifadə olunurlar. İnsanları kriptovalyutaların bu günündən daha çox sabahı düşündürür.Hazırkı qeyri-müəyyən vəziyyət bizləri vadar edir ki, kriptovalyuta bazarını iki qütblü olaraq proqnozlaşdıraq.Bildiyimiz kimi, tarix boyunca cəmiyyətlərin istifadə etdikləri ödəniş vasitələri dəfələrlə dəyişikliyə uğradı.İlkin dövrlərdə mövcud olan əmtəələrin barteri öz yerini qızıl pula dövr etdi.Daha sonra qızıl pulun yerini kağız pul aldı.Hər yeni tədavül sistemi digərinin mənfi yönlərini aradan qaldırdı, yəni daha təkmilləşdirildi.Müasir dövrümüzdə də bitcoin və digər kriptovalyutaların kağız pulun yerinə keçə biləcəyini istisna edə bilmərik. Necə ki, mobil telefonlar ev telefonlarının, internet isə TV-lərin yerini almaqdadır, eyni formada kriptovalyutalar da dövlətlərin pul emissiyası üzərində inhisarını aradan qaldıra bilər. Yaxın gələcəkdə hər hansı bir dövlətin valyutasının məğlubiyyətə düçar olacağı və ölkənin tam olaraq bitcoinə keçəcəyi gözləniləndir.Oxşar hadisənin Argentina və Venesuelada şahidi olduq.Belə ki, Venesuela prezidenti Nikolas Maduro öz ölkəsinin kriptovalyutasını təqdim edəcəyini qeyd etmişdi və onu "petrocoin” adlandırmışdı”.

"Kriptovalyutaların tənzimlənməsini həyata keçirəcək yeni qanun lahiyəsinin hazırlanmasına, yeni hökumət idarələrinin və yeni tədavül sisteminin yaradılmasına ehtiyac duyulacaq”

İqtisadçı hesab edir ki, iri bankların bitcoinləri qəbul edəcəyi, o cümlədən özlərinin kripto cüzdan xidmətlərini təqdim edəcəkləri də gözlənilir:

"Noyabr ayının sonunda Cənubu Koreyanın ikinci ən iri bankı olan "Shinhan Bank” bitcoin-cüzdanların saxlanılması üçün blockchain platformaların təqdim ediləcəyini bildirmişdi. Bununla ilk bitcoin fyuçerslərin yaranacağını da söyləyə bilərik.Yaxın gələcəkdə bir çox şirkətlərin öz əməkdaşlarına və ya freelancerlərə qonorarları kriptovalyuta ilə ödəməyə başlayacağını da söyləyə bilərik.Nəticədə, yeni vergi islahatları tələb olunacaq.Uzun müddətli perspektivdə hökumətlərin qanunvericiliklərində islahatlar aparmalarına ehtiyac yaranacaq. Təbii ki, bütün bu proses göründüyü kimi sadə deyil, bunun üçün uzun bir zaman və əmək tələb olunur. Kriptovalyutaların tənzimlənməsini həyata keçirəcək yeni qanun layihələrinin hazırlanmasına, yeni hökumət idarələrinin və ümumən yeni tədavül sisteminin yaradılmasına ehtiyac duyulacaq”.

"Tələb və təklif arasında uyğunsuzluq bitcoinin kursunun gec-tez 1 milyon dolları keçəcəyini göstərir”

Vüsalə Əhmədova onu da qeyd edib ki, yaxın perspektivə nəzər saldıqda baş verənlər bizi tamamilə əksini düşünməyə vadar edir:

"Ümumi ictimai rəy böyük bir spekulyasiya dalğasına səbəb olar ki, sonda hər kəs uğursuzluğa düçar ola bilər. İnsanlar digərlərinin kriptovalyutadan böyük pullar qazandığını duyaraq bu valyuta növünə böyük həvəs göstərirlər və nəticədə qiymətlərdə süni artım yaranır.Qiymətlərin reallığı tam olaraq əks etdirməməsi, nəticədə çoxları böyük maliyyə itkilərilə üzləşə bilər.Bu isə bir qrup insanın (hansılar ki bu valyutaya ilkin dövrlərdə sahib olmuşlar) həddindən artıq zənginləşməsinə gətirib çıxaracaq. Virtual pulun spekulyasiya dalğası çox ciddi fəlakətlərlə nəticələnərsə, mənfəət əldə etmək üçün bu sektora milyonlarla dollar sərf edən investorların və maynerlərin iflasına səbəb ola bilər. Belə olan halda kriptovalyutalar texnoloji tənəzzülə uğrayacaq. Ola bilər ki, hər şey daha beş il boyunca olduğu kimi davam etsin. Kriptoresursların faktiki istifadəsi əsasən qeyri-qanuni və maliyyə spekulyantlarının istəyinə bağlı ciddi dalğalanmalar göstərərək, bazar qiymətindən tamamilə qopmuş halda stabil qalmaqda davam edir.Hazırkı qeyri-stabil vəziyyəti əslində müəyyən mənada stabil adlandıra bilərik.

Düşünürəm ki, kriptovalyutalardakı güclü dalğalanmalar əvvəlki kimi hələ bir müddət problem olaraq qalmaqda davam edəcək.Bəzi şirkətlər vəziyyəti dəyişməyə çalışırlar.İnvestorlar başlanğıc olaraq basecoin adı altında ənənəvi pulla təmin olunan kriptovalyuta buraxılacağını ümid edirlər.Tələb və təklif arasında uyğunsuzluq bitcoinin kursunun gec-tez 1 milyon dolları keçəcəyini göstərir.Məhz maliyyə bazarında 98 faiz digər kriptovalyutaların çökəcəyi bir vaxtda bitcoinin ən dayanıqlı vahidə çevriləcəyi düşünülür.Bitcoinin müvəffəqiyyətinə baxmayaraq 95 faiz digər kriptovalyutaları 90-cı illərin sonunda dotcomun uğradığı aqibət gözləyir.Mövcudiyyətini davam edən valyutaların isə dəyərində yüksəlmə qeydə alınacaq”.

Analitikin qənaətincə, zamanla dövlətlər gizli şəkildə kiçik kriptokapitallar toplamağa başlayacaqlar: "Həmçinin hökumətlərin valyuta monopoliyası tarixə çevriləcək. ABŞ hökuməti gizli kriptovalyuta əldə etməyə başlayacaq və onları digər ölkələrlə kölgə tranzaksiyaların icra edilməsi üçün sərf edəcəklər. Bu proses artıq baş verməkdədir və 2018-ci ilin sonlarına doğru bum yaşanacağı gözlənilir. Əhalisinin sayı milyardı keçən Çin tezliklə bitcoinə güclü rəqib olacaq, həmçinin kriptovalyuta yaradacağı da ehtimal olunur.Çinin aktif formada kriptovalyutaların investisiyası prosesinə qatılacağı gözləniləndir.Böyük ehtimala Çin tam olaraq hökumət tərəfindən nəzarət olunan öz kriptovalyutasını təqdim edəcək.Bu addım bütün kriptovalyutaların legitimliyinə müsbət təsir göstərsə də, mövcud kriptovalyutaların dəyərində düşüş yaradacağının şahidi olacağıq.

Bitcoin ənənəvi pul vahidlərindən fərqli olaraq anonimdir.Bundan əlavə o saxtalaşdırıla, iki dəfə istifadə edilə (double-spending), o cümlədən, sonsuz olaraq yenilənə bilməz.Bunun əksi olaraq isə, kriptovalyutaların mərkəzləşdirilməmiş məlumat bazasına sahib olmaları maliyyə cinayətlərinin törədilməsinə ideal zəmin yaradır.

Bu səbəbdən də, bitcoin narkotik vasitələrin, online tacirlərinin və məlumat bazasına hücum edən kiber cinayətkarların seçiminə çevrilib.Minlərlə kripto şirkətlərin yaranmasına baxmayaraq hesab edirəm ki, onlardan yalnız bir neçəsi uğur əldə edəcək”.

Yeganə Oqtayqızı