Yuxarı

"Makler ekspertlər”in bahalaşma şousu

Mənzil bazarında yenidən bahalaşma olacağına dair məlumatlar dolaşır.

Qiymətlərin bahalaşacağını əmlak məsələləri ilə məşğul olan şəxslər yayır və qeyd edirlər ki, yaxın 3-5 ay ərzində daşınmaz əmlak bazarında qiymətlərin artımı müşahidə ediləcək. Hətta bu artım ikirəqəmli olacaq. Yəni azı 10 faiz təşkil edəcək. Yəni bu gün Bakı şəhərinin ətraf qəsəbələrində ən ucuz mənzilin kvadratmetrinin qiyməti manatla ifadədə 700 manat təşkil edirsə, bu rəqəm 800 manata yüksələcək. Digər bir məlumata görə artıq mənzil bazarında bahalaşma müşahidə edilir və bu 1,2-1,5 faiz nisbəti arasındadır. Qiymət artımı daha çox dəyəri 120 min manata qədər olan mənzillərdə müşahidə olunub.

Əmlak ekspertlərinin qənaətinə görə, mənzil bazarındakı qiymət artımına səbəb 2017-ci ilin sonundan etibarən bahalaşmağa başlayan neftin qiymətidir. Amma nəzərə alsaq ki, bazarda aktivlik müşahidə edilmədiyi halda qiymət artımı başadüşülən deyil. Qeyd edək ki, 2017-ci ilin dekabr ayında da Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınmışdı. Belə ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində artım 2,51 faiz təşkil etmişdi.

İqtisadçı-ekspertlər hesab edir ki, əslində ev bazarında qiymət artımına heç bir əsas yoxdur. Söküntü bumu olmadığı və tikinti davam etdiyi halda mənzil bazarında bahalaşmaya səbəb olan nədir? Burada sadəcə, şişirdilmiş qiymətlərdən söhbət gedir. Görünən isə odur ki, soyğunçu ev bazarındakı vəziyyət ildən-ilə gərginləşir. Əslində daşınmaz əmlak alqı-satqısı dünyada ciddi bir sahə olaraq qəbul olunur. Xüsusən, bu sahədə şəffaflığın həyata keçirilməsi daha vacibdir. Amma Azərbaycanda bu sahə kimlərinsə əlində alətə çevrilib. Həmin şəxslər mənzil bazarında real qiymətlərin yerinə süni qiymətlər müəyyənləşdirərək, bu sahəni bir növ inhisara alıblar. Ekspertlərin fikrincə, mənzil bazarında gedən proseslərin heç bir əsası yoxdur. Çünki bu gün istər qiymətlərin kəskin şəkildə artması, istərsə də azalması süni şəkildə aparılan prosesin nəticəsidir. Qiymətlərin real bazarda olanlardan qat-qat yüksək olması, bazar iştirakçılarının "fəaliyyətinin” nəticəsidir. Məhz bu səbəbdən maklerlər mənzil bazarında bahalıq yaratmaqla müştəriləri aldatmaq və insanları evləri baha qiymətə almağa təhrik edirlər. Təklif edilir ki, ev satışına ictimai nəzarət və ya dövlət nəzarəti formalaşdırılsın. 

İqtisadçı-ekspert Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, yaxşı olar ki, daşınmaz əmlak bazarında monitorinqlər aparılsın və qiymətlərlə bağlı proqnozlar sonra verilsin: "Bizim apardığımız monitorinqə görə əmlak bazarında qiymət artımı proqnozlaşdırılmır. Faktiki olaraq son aylar daşınmaz əmlak bazarında qiymətlər stabildir. Təbii ki, burada qısa və ortamüddətli dövr üçün qiymətlərə baxılmalıdır. Eləcə də xarici valyutada, dolların məzənnəsi kontekstinin qiymətlərin xarakterizə edilməsinə ehtiyac var. Nəzərə alsaq ki, yığımların əmlak bazarına yönəlməsi müşahidə edilmir. Təbii ki, bu da qiymətlərin artması üçün hər hansı bir zəmin formalaşdırmır.

Bütövlükdə mövcud əmlak bazarına ünvanlana biləcək vəsaitin həcminin, tələb və təklifi qiymətləndirsək, hətta manatın bir ildən artıqdır ki, stabil qalmasına baxmayaraq hələlik milli valyutaya inam tam deyil. Bu kontekstdən hələlik yaxın aylarda əmlak bazarı qiymət artımı proqnozlaşdırmır. Bu bazarda qiymət artımı manatın orta və uzunmüddətli dövrdə stabilliyinin qorunub saxlanılacağı halda mümkündür. Bu halda vətəndaşlar xarici valyutadakı vəsaitlərini əmlak bazarına yığım formasında da yönəldə bilərlər. Digər tərəfdən, əmlak bazarı yığım olaraq həm də rentabelli ola bilər. Amma hələlik mövcud şərtləri nəzərə alsaq, əmlak bazarında tələb və təklif kontekstindən çıxış etsək, qiymət artımı gözlənilmir”.

Alçina Amilqızı