Yuxarı

10 il sonrakı Azərbaycan...

10 il sonrakı Azərbaycan...

Azərbaycanın neftdən asılılığı bitmir və bu tendensiya öz əhəmiyyətini növbəti illərdə də qoruyub saxlayacaq.Hazırda dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişir.Bu isə iqtisadiyyatı neftdən asılı olan dövlətlərin büdcəsinə xüsusi təsir edir.Ekspertlər hesab edir ki, yaxın 10 ildə Azərbaycanın neftdən asılılığı ciddi şəkildə qalacaq və bu asılılığın azalması mümkünsüzdür.Çünki nefti əvəz edə biləcək və neft qədər ölkəyə valyuta gətirə biləcək ikinci bir sahənin yaxın illərdə inkişaf etdirilməsi, həmin sahə üzrə ciddi nailiyyətlərin əldə olunması real görünmür.Azərbaycan neftdən birbaşa asılı olan ölkə statusundadır.

Analitiklərin qənaətincə, Azərbaycanın gəlirləri, dövlət büdcəsi neftdən çox asılıdır və büdcənin gəlirlər hissəsində Dövlət Neft Fondundan transfertlər də nəzərə alınmaqla bu asılılıq 70 faizdən artıqdır. O baxımdan da dünya bazarında neftin qiymətinin dəyişməsinin Azərbaycana birbaşa təsirləri var.

İqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan növbəti illərdə də neft ölkəsi statusunu qoruyub saxlayacaq:

"Təbii ki, Azərbaycan üçün neft ölkəsi statusunu qoruyub saxlamaq çox vacibdir. Hətta qeyri-neft sektorunun inkişafı belə Azərbaycanın neft ölkəsi statusunu itirməsi anlamına gəlmir.Azəri-Günəş-Çıraqlı yatağında hasilatın pay bölgüsü sazişinin 2050-ci ilə qədər uzadılması da ondan xəbər verir ki, Azərbaycan məhz neft ölkəsi statusunu növbəti illərdə də qoruyub saxlamaq niyyətindədir.Bundan əlavə qeyri-neft sektorunun inkişafı çox vacibdir.10 ildən sonra Azərbaycanın neftdən asılılığından azad olub-ola bilməməsi həm daxili, həm də xarici faktorlardan asılıdır.Daxili amillər sırasında islahatların miqyası mühüm rol oynayır.Bu, Azərbaycanın növbəti illərdə neftdən asılılığını necə aradan qaldırmasını müəyyənləşdirən faktordur.Sözsüz ki, neftdən asılılığın aradan qaldırılması zaman tələb edir. Nəticə etibarilə bu, heç də asan proses deyil. Asılılığın aradan qaldırılması qısamüddətli dövrlə bağlı deyil”.

Ekspertin sözlərinə görə, sürətli iqtisadi islahatlarla belə neftdən asılılığın aradan qaldırılması "Strateji Yol Xərtəsi”nə də uyğun olaraq, 2025-ci ildən sonra təsadüf edə bilər:

"Bu isə həm ixracatda, həm də büdcə gəlirlərində qeyri-neft sektorunun payının 50 faizdən çox olması anlamına gəlir. Sözsüz ki, Azərbaycanda sürətli və genişmiqyaslı islahatlar davam edəcəyi halda neftdən asılılığı aradan qaldırmaq mümkündür.Təbii ki, Azərbaycan yenə də neft və enerji ölkəsi statusunu itirməyəcək.Çünki 2020-ci ildən etibarən Azərbaycan Avropa bazarına böyük həcmdə "mavi yanacaq” nəql edəcək.TANAP-la Türkiyə bazarına təxminən 8 milyard kubmetrə yaxın, Avropa bazarına isə 6 milyard kubmetrə yaxın qaz nəql ediləcək.Daha sonra Avropa bazarına "mavi yanacağ”ın həcmi 20 milyard kubmetrə qədər artırıla bilər.Bu da ondan xəbər verir ki, Azərbaycan neft, eləcə də enerji ölkəsi statusunu növbəti dövrlərdə qoruyub saxlamış olacaq.Amma neftdən asılılıq birbaşa islahatların miqyasından asılı olacaq. Təbii ki, xüsusən, post-neft dövrünün inkişafına hədəflənən islahatlar davam edərsə, o zaman Azərbaycan 10 ildən sonra neftdən asılılığı aradan qaldırımış ölkə ola bilər”.

Yeganə Oqtayqızı 





Həftənin ən çox oxunanları