Yuxarı

Çayımız niyə xaricdən gəlir?

Çayımız niyə xaricdən gəlir?

"Neft bumu erası” başa çatdıqdan sonra Azərbaycanda qeyri-neft sektorunun, özəlliklə aqrar sahənin inkişafına önəm verilməyə başladı.Rəsmilər ölkədə kənd təsərrüfatı məhsullarında istehsalının artdığını deyir. Ekspertlər isə hesab edir ki, il ərzində ölkəyə ixrac olunan məhsulların həcminə artım var. Ölkədə əhalinin tələbatına uyğun digər kənd təsərrüfatı məhsulları istehsal olunsa da, ancaq idxal həcmində azalma müşahidə olunmur.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən 2016-cı ildə Azərbaycana ümumi dəyəri 44 milyon 734 min 3 ABŞ dolları həcmində 12 milyon 609 min 5 ton çay idxal edilib. Komitənin verdiyi məlumata görə, 2017-ci ilin yanvar-aprel aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən çay ixracı 24,8 faiz artıb. Ümumilikdə, 2017-ci ilin 11 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulu olan çay ixracı 9 milyon ABŞ dolları təşkil edib.

Hazırda Azərbaycanın daxili bazarının çaya olan tələbatının əsas hissəsi Türkiyə, İran, Rusiya, eləcə də Şri-Lanka hesabına təmin edilir.Qeyd edək ki, yerli istehsal olan "Astara Çay” ölkəni təmin edəcək gücə malik deyil.Yerli istehsal adı ilə satışa çıxarılan çay məhsulunun əsas tədarükçüsü "Azersun Holding” sayılır.Lakin şirkət çay istehsalı üçün lazımi xammalı əsasən Türkiyədən idxal edir.Sonra həmin məhsul Bakıda, Naxçıvanda və Astara şəhərlərindəki müəssisələrdə qablaşdırılaraq satışa buraxılır.Ekspertlər Azərbaycanda qablaşdırılma yolu ilə satışa çıxarılan çayın əksər hissəsinin keyfiyyətinin aşağı olduğunu deyir.Bildirilir ki, qurudulmuş çay yarpağının tərkibinə müxtəlif bitki yarpaqları və rənglər qatılır ki, bu da insan orqanizmi üçün təhlükə yaradır.

"Rosçaykofe" Çay və Qəhvə İstehsalçıları Assosiasiyasının baş direktoru Ramaz Çanturiya ötən gün açıqlamasında, 3 il ərzində Rusiyanın Azərbaycana çay məhsullarının ixracını 60 faiz (ildə 640 tonadək) artırdığını deyib. O bildirib ki, uzun müddət Azərbaycan distribüterləri Rusiya çayının idxalına maraq göstərməyiblər, lakin son 5-6 il ərzində assosiasiya bu vəziyyəti dəyişmək üçün danışıqlar aparıb. Rusiya çayının əsas idxalçıları Ukrayna (2017-ci ildə 2,3 min ton), Moldova (min tona yaxın), Polşa, Almaniya, Latviya (ümumilikdə 0,5 min tondan az) və Azərbaycandır. Qeyd edək ki, Rusiya ötən il 41,1 milyon dollar dəyərində çay məhsulları ixrac edib.

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda çay ənənəvi bitki hesab olunur:

"Azərbaycanda çayçılıq sahəsində kifayət qədər təcrübəsi olan insanlar var. Sadəcə, olaraq hökumət kənd təsərrüfatının inkişafı adı altında öz fəaliyyətini yayğın şəkildə qurur. Strategiya götürülüb ki, Azərbaycanda heç əkilməyən kənd təsərrüfatı məhsullarının yetişdirilmə eksperimenti aparılır.Tutaq ki, soya bitkisinin eksperimentini aparırlar, hətta ağızdolusu danışırlar ki, bu bitki ölkə şəraitində yetişir.Bu, inandırıcı deyil.Hesab edirəm ki, bununla bağlı mütəxəssislər rəy versə, daha effektli olar.Bu gün Azərbaycan hökuməti bu cür eksperimentlərlə məşğul olmamalıdır.Hökumət öz siyasətinə ölkə üçün ənənəvi hesab olunan bitkilərin yetişdirilməsi üzərində qurmalıdır”.

Ekspert hesab edir ki, Azərbaycanda çayçılıq inkişaf etsə, istehsal üzrə Hindistandan sonra dünyada ilk onluğa düşən ölkələrdən biri ola bilər:

"Çay istehsalı ixtisaslaşmalı və təkmilləşdirilməlidir. Heç bir kənd təsərrüfatı məhsulu ilkin dövrdə səmərəli nəticə vermir. Bir neçə il davamlı şəkildə ona yönəlik siyasət aparılmalıdır. Öncədən əmin olunmalıdır ki, bu yol xəritəsilə həmin bitki üzrə uğur qazanmaq olar.Mütəxəssislərin rəyindən sonra tam əminliklə hökumət həmin sahəyə investisiya qoymalıdır.Hesab edirəm ki, investisiya qoyulmalı sahələrdən biri çayçılıqdır.Hazırda Azərbaycan hökuməti bir tərəfdən çay istehsalı üçün investisiya qoymalıdır, digər tərəfdən, idxal rüsumlarını artırmaqla daxili bazarı qorumaq üçün addımlar atmalıdır.Ölkənin daxili bazarına lazım olan çayın ümumi həcmi hesablanmalıdır.Daha sonra lazım olan çayın nə qədəri ölkənin daxili imkanları, nə qədəri isə ixrac hesabına ödənilməsi haqqında hesabat aparılmalıdır.Yalnız bu halda gələcəkdə Azərbaycanda çay idxalının azaldığını, eyni zamanda ixraca başladığını müşahidə edə bilərik”.

Akif Nəsirli onu da vurğulayıb ki, hazırda Rusiyadan Azərbaycana idxal olunan çaylar var ki, Hindistan çayından geri qalmır:

"Bu gün Azərbaycandan Rusiyaya "Azerçay” adı altında idxal olunan çay oradakı alıcılar tərəfindən çox rəğbətlə qarşılanır. Lakin bu, çox az porsiyalarda ixrac olunur. Çünki daxildə istehsal o həcmdə deyil ki, çay ixracatçısı kimi brend qazanaq.Amma bunun üçün Azərbaycan daxili potensialı imkan verir ki, həm cənubda, həm də şimalda kifayət qədər yüksək keyfiyyətli çay yetişdirməklə başqa ölkələrlə rəqabət aparsın”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları