Yuxarı

İnflyasiya ilə bağlı cavabsız suallar

İnflyasiya ilə bağlı cavabsız suallar

2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,0 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 4,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,9 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən bildirilir ki, 2018-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,7 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 5,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3 faiz bahalaşıb. Cari ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb. 

Ay ərzində qoyun ətinin, zeytun və marqarin yağlarının, portağalın, narınginin, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, soğanın, kartofun, qəhvə, çay və kakaonun qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və toyuq ətinin, yumurtanın, kərə və qarğıdalı yağlarının, yerkökünün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin (MDB ölkələri istisna olmaqla), ölkədən kənara istirahət turlarının, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətinin qiymətlərində bahalaşma,  MDB ölkələrinə  hava və dəmiryol nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə bildirib ki, 2016-2017-ci illərin göstəricisində inflyasiyanın tempi daha yüksək olub: "2018-ci il yeni başlasa da, inflyasiya bir qədər səngiyib, amma yenə də təhlükə mənbəyindən qurtulmamışıq. Hesab edirəm ki, inflyasiya gözlənildiyindən yüksək olacaq. Makroiqtisadiyyatın bütün sahələrində tarazlıq bərqərar olmalıdır ki, inflyasiya barədə verdiyimiz proqnozlar heç olmasa 5-10 faiz xəta ilə düz çıxsın. Sabit göstəriciləri götürüb onun üzərində inflyasiya ilə bağlı proqnozlar vermək düzgün deyil. Proqnozlar verilsə də ki, inflyasiya birrəqəmli həddə saxlanılacaq, amma nəticə etibarilə ikirəqəmli olur. Bu, illərlə təkrarlanır. Axı bu qədər səhv etmək olmaz. Deməli, tədqiqat düzgün aparılmır, proqnozlar düzgün verilmir ki, doğru nəticə əldə edilsin. 2016-2017-ci illəri müqayisə etsək, 2018-ci ildə elə də ağır durumda sayılmırıq. Yəni, bahalaşmanın müşahidə edilməsi ilə bağlı xəbərdarlığın edilməsinə əsas yoxdur. Bazar hazırkı vəziyyətimizə uyğunlaşıb. Əgər geostrateji göstəricilərdə kataklizm və siyasi təhdidlər  yaranmasa, neftin qiyməti 15-20 manata enməsə, hesab edirəm ki, sabit dövrümüzdə makroiqtisadi tarazlığı daha tez bərqərar edib bu vəziyyətdən çıxa bilərik. Amma yenə də bunu konkret zaman və məkan çərçivəsində izləməyə məcburuq. Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə əsasən kəskin bahalaşma gözlənilmir”.

İl ərzində inflyasiyanı birrəqəmli həddə saxlamaq mümkündürmü?

Fuad İbrahimov qeyd edib ki, iqtisadiyyat insan münasibətlərindən yaranmış bir elmdir: "Əgər küçədə işıqfor olmasa, bütün nəqliyyat vasitələri qarışacaq bir-birinə. İşıqforun olması yaranmış vəziyyəti tənzimləyir. İqtisadiyyatın da öz işıqforu var. İnflyasiyanın birrəqəmli olması üçün çalışmaq yox, konkret bazar müddəalarını hərəkətə gətirmək lazımdır. Vergilər nazirliyinin rəhbərliyində dəyişikliklər oldu. Əsasən sahibkarların vəziyyətini öyrənmək üçün tədqiqatlar aparırıq. Ötən illərlə müqayisədə bu il nəhayət ki, sahibkarlar nəfəs almağa başlayıb. Artıq sahibkarlardan qeyri-qanuni, zorakılıqla, şərt qoyulub yığım aparılmır. 

Müşahidə edirik ki, bəzi sahibkarlar öz kredit borclarını qaytarmağa başlayıblar. Yəni, əldə etdikləri gəlirləri öz problemlərini aradan qaldırmağa sərf edə bilirlər. Bu gün dövlət nəzarəti orqanları ilə sahibkarlar arasında şəffaf ünsiyyət yaranıb. Bu amillər sonda inflyasiyaya təsir edir. Xərc çoxaldıqca, sahibkar da təqdim etdiyi xidmətinin üzərinə həmin xərcləri əlavə edir. Nəticədə heç bir proqnozlarımız düzgün çıxmır. Bir də görürsən ki, heç bir əsası olmadan qiymət artır. Bəzən kommunal xidmətlərin, yanacağın qiymətinin artması verdiyimiz proqnozlarda öz əksini ikiqat tapır. Bu məsələlər proqnozlaşdırıldıqda kompleks şəkildə - makroiqtisadiyyatın bütün göstəriciləri nəzərə alınmalıdır”.

Analitik dövlət nəzarət orqanlarına bəzi tövsiyələrini də verib: "Dövlət orqanları proqnoz verərkən rəqəmdən qorxmasınlar. Rəqəmləri artıq verin, az çıxsın, bu sizin uğurunuz olsun. Bəs rəqəmləri az göstərib nəticə ikiqat çıxanda özlərinə hesabat vermirlər ki, bunu düz demədik?! Rəqəmləri bir il, iki il düz deməyə bilərsiz, amma 10 il düz deməyə bilməzsiz axı... O zaman siz öz yerinizdə oturmamısız və ölkə rəhbərliyinə də düzgün qaydada məlumat vermirsiz. Hesab edirəm ki, burada məsələyə yanaşma düzgün deyil. Ona görə illərlə eyni problemlərdən danışacağıq”.

İnflyasiyanın yüksəlməsinin bir səbəbi də idxal mallarının artmasıdır...

Fuad İbrahimov fikirlərinə onu da əlavə edib ki, iqtisadiyyatda bütün əməliyyatlar bir-birinə zəncirvari toxunmuş elmdir: "İqtisadiyyat bir anatomiyadır. Bu hörgülər o qədər səliqəli olmalıdır ki, sonda nəticə əldə olunsun. Bir yerə fikir verib, digərini boş buraxmaq tarazlığı pozur. Bu zaman istənilən kəmiyyət formalaşmır. Əgər hər kəs öz sahəsinin meneceri olsa, qısa zamanda tarazlıq bərqərar olacaq”.

Y. Oqtayqızı






Həftənin ən çox oxunanları