Yuxarı

"Qaçqınkom”da kadr islahatları başladı: Gedənlər niyə getdi?

Prezident seçkiləri və yeni hökumətin formalaşdırılmasından  sonra indi bütün diqqətlər islahatların hansı istiqamətdə aparılacağı və gözlənilən nəticələrə yönəlib.

Yeni hökumətdəki dəyişikliklərdən biri də ən çox problemli sahə olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini əhatə etdi və etiraf etmək lazımdır ki, insanların ürəyindən xəbər verdi. Uzun illər komitəyə rəhbərlik etmiş Əli Həsənovun vəzifəsini itirəcəyinə nəvəsi Nail Allahverdiyevin törətdiyi ölümlə nəticələn avtomobil qəzasından sonra artıq qətiləşmiş məsələ kimi baxılırdı. Komitənin keçmiş sədrinin problemi həll etmək üçün bütün çabaları da nəticəsiz qaldı.

Mətbuat məsələni daim diqqətdə saxladı, ictimai rəy Ə.Həsənov üçün heç də müsbət nəsə vəd etmirdi və təbii ki, bütün bunların ölkə rəhbərliyinin diqqətindən qaçacağını gözləmək olmazdı. Deməli, gözlənilən oldu və Əli Həsənov vəzifəsilə vidalaşdı. O Əli Həsənov ki, məcburi köçkünlərlə görüşlərindən birində "Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir” sözlərilə gündəmi çox məşğul etmişdi.  Amma təbii ki, komitə sədrinin uzun illər tutduğu vəzifəsini itirməsinin səbəbi təkcə nəvəsi ətrafında baş verənlər deyildi, həm də ölkənin ən aktual sahələrindən biri olan qaçqın və məcburi köçkünlərin problemlərilə bağlı dəfələrlə qaldırılan məsələlər idi. Bura məcburi köçkünlərin "çörək pulu”ndan tutmuş evlərin paylanmasına qədər zaman-zaman ortaya çıxan problemlər daxil idi. Beləliklə, Əli Həsənov vəzifəsini itirdi və indi artıq bu sahədə dəyişikliklərə start verilməsinin zamanıdır.  

Yeni komitə sədri Rövşən Rzayevin kollektivətəqdim edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev  də ölkə Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrə nail olmaq üçün Komitənin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib. Təqdimatla bağlı yayılan xəbərlərdən görünür ki, Komitə sədri Rövşən Rzayev ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib, qaçqın və məcburi köçkünlərlə bağlı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

"Heç kəs dövlətin qanunlarından üstün ola bilməz”

Qeyd edək ki, Rövşən Şükür oğlu Rzayev bu vəzifəyə parlamentdən gətirilib və yaddaqalan çıxışlarından biri də məhz Ə.Həsənovun nəvəsi iə bağlı olub.  Ötən ilin avqustunda mətbuata açıqlamasında R.Rzayev məlum hadisə barədə fikirlərini bildirərkən "Çox xoşagəlməz bir hal baş verib və bu avtomobil qəzası nəticəsində insanlar həyatlarını itirib, yaralanıblar. Digər tərəfdən isə sürücü də cavan uşaqdır. Ölən insanlara görə sürücü ömrü boyu adı ləkəli qalacaq. Bu, həyatdır və çox təəssüf ki, hər bir insanın başına gələ bilər. Bütün bunlar xoşagəlməz hadisələrdir. Allah bu cür hadisələri hamıdan uzaq etsin. Azərbaycan hüquqi dövlətdir: "Burada hər kəs öz əməlinə görə qanunlar qarşısında məsuliyyət daşıyır və cavab verir. Mətbuatdan da oxuyuruq ki, hüquq-mühafizə orqanları bu hadisəyə ədalətli qiymət verirlər. İnanıram ki, məsələ tam ədalətli qiymət veriləcək. Əli Həsənovun yüksək vəzifədə olmasının nəvəsinin harınlamasına səbəb olması məsələsinə gəldikdə, mən bu barədə heç bir fikir söyləyə bilmərəm. Bu, onların şəxsi ailə işidir.Mənə elə gəlir ki, bizim başqalarının ailə işlərinə qarışmağımız doğru olmazdı. Ancaq hamı özəməlinə görə dövlət və qanun qarşısında cavabverməlidir. Əminəmki, bu, belə də olacaq. Hazırda bu hadisə ilə bağlı istintaq  gedir. Yəqin ki, qəzanı törədən əməlinə görə cavab verəcək. Artıq məhkəmənin hökmü ilə sürücü NailAllahverdiyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri də seçilib. Təbii ki, heç kəs dövlətin qanunlarından üstün ola bilməz. Hər bir məsələdə olduğu kimi, bu məsələdə də qanun öz sözünü deyəcək” demişdi.

"Ev tikən” departament rəhbərinə yol göründü...

İndi isə "Hamı öz əməlinə görə dövlət və qanun qarşısında cavab verməlidir” deyən Komitə sədri yeni vəzifəsinin icrasında ilk addımlarını atır. "Hər şeyi kadrlar həll edir” deyimi hətta ən yüksək vəzifələrə təyinatda da doğruluğunu qoruyur. Görünən budur ki, Komitənin də fəaliyyəti məhz yeni kadrların təyinatından başlayır və ilkin məlumatlara görə vəzifəsilə vidalaşanlar artıq var. Komitənin Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyev vəzifəsinin itirənlər siyahısına rəhbərlik edir. Bu sahə Komitə üçün olduqca önəmlidir və dəfələrlə mətbuatda  "Qaçqınkom”un bu vəzifəli şəxsi haqqında ittiham dolu materaillar yayılıb. Onun adı "Aypara” MMC adlı bir müəssisədə çoxsaylı maxinasiyaların həyata keçirilməsi, külli-miqdarda vəsaitlərin mənimsənilməsi, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 2013-cü il tikilib istifadəyə verilmiş şəhərciklə bağlı ittihamlarda çəklib. Ümumi ərazisi 22 hektardan ibarət bu qəsəbədə tikilmiş 20 ədəd beşmərtəbəli binada 1440 ailə və ya 5620 nəfər məcburi köçkün məskunlaşıb.

Qeyd etmək lazımdır ki, bu şəhərciyə köçürülmüş ailələr Bakı Dövlət Universitetinin yataqxanalarında və Binəqədi rayonu ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında müvəqqəti məskunlaşanlar olub. Həmçinin qəsəbədə 1300 şagird yerlik 4 mərtəbəli nəhəng məktəb binası da tikilib. Müasir standartlara cavab verən binanda Ağdam rayon 33 nömrəli tam orta məktəb, akademik Mehdi Mehdizadə adına Cəbrayıl rayon orta məktəbi, Füzuli və Xocavənd orta məktəbləri yerləşir. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası-poliklinika, poçt şöbəsi və iki çıxışlı yanğınsöndürmə deposu da fəaliyyət göstərir. Burada mənzilləri istiliklə təmin etmək məqsədilə qazanxana inşa olunub ki, bu obyektlərin də işçi qüvvəsi məcburi köçkünlər olub. Ancaq məlumatlarda bildirilirdi ki, Akif Mirzəyev vəzifəyə  təyinat aldıqdan dərhal sonra məhz bu sahəyə "əl gəzidirb”. 

Müşfiqabad  qəsəbəsinin sa­ki­ni Əsgərov Ka­mal Mu­sa oğ­lunun mətbuatda dərc olunan şikayət xarakterli məktublarında da bu məsələyə toxunulurdu: "2014-cü il­dən bu gü­nə qə­dər qə­sə­bə­nin hər ye­rin­də sa­kin­lər tə­rə­fin­dən müx­tə­lif növ ağac­lar əkilib. İn­di isə hə­min əra­zi­­də ya­şıl­lıq­la­rı məhv edib, ye­rin­də ob­yekt ti­kil­mə­si­nə ica­zə ver­mək siz­cə nə də­rə­cə­də doğ­ru­dur? Ar­tıq üç ay­dır ­ki, qə­sə­bə­nin mər­kə­zi dai­rə­si ad­la­nan əra­zi­nin sol tə­rə­fin­də 60-a ya­xın müx­tə­lif növ ağac  Ağ­dam ra­yon sa­ki­ni Fa­iq Rüs­tə­mov ad­lı sa­hib­kar tərəfindən məhv edilir. Sahibkar id­dia edə­rək bil­di­rir ki, sö­züge­dən ya­şıl­lıq əra­zi Qaç­qın­lar və Məc­bu­ri Köç­kün­lər üz­rə Döv­lət Ko­mi­tə­si­nin Mən­zil-Kom­mu­nal De­par­ta­men­ti­nin di­rek­to­ru Akif Mir­zə­yev tə­rə­fin­dən ona ob­yekt tikintisi üçün verilib”. Göründüyü kimi, ünvanına yönəlik çoxsayı ittihamların olduğu departamet rəhbərinin vəzifəsini itirməsi heç də təsadüfi sayıla bilməz.

"Ev paylayan” da getdi...

Komitənin yeni sədrinin vəzifədən azad ediiy növbəti şəxs Repatriasiya Departamentinin direktoru Elman İsmayılovdur. Bu şəxs və rəhbərlik etdiyi departament komitənin ən strateji sahəsi olub- məcburi köçkünlər üçün tikilən evlərin paylanması. Narazılıqlar da daha çox bu sahədə hiss edilib. Məsələn, ötən ilin dekabrında Binəqədi rayon, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində məskunlaşmış qaçqın və məcburi köçkünlər Cavadxan küçəsini bağlayaraq onlara verilməli olan evlərin məhz adıçəkilən şəxs tərəfindən satıldığını iddia ediblər. Aksiya iştirakçıları ilə Binəqədi rayon Polis İdarəsinin rəisi polis polkovniki Namiq İsmayılıov görüşüb. Etirazçılarla söhbət etdikdən sonra yol açılıb.Əslidə isə bu sahədə olan problemlərlə bağlı məlumatlar hələ illər əvvəldən mətbuata çıxarılıb. Məsələn, hələ 2015-ci ilin avqustunda 22 il Bərdə rayonundakı stadionda yaşayan Kəlbəcər rayonundan məcburi köçkün Nəbi Əhmədov departament rəhbərinin qəbuluna düşə bilmədiyinə görə damarlarını kəsmişdi. Təbii ki, bu da  sözügedən şəxsin rəhbərlik etdiyi sahə ilə bağlı yayılan ilk və son şikayət deyildi. Onu da xatırladaq ki, E.İsmayılovun keçmiş sədrlə yaxın qohumluq əlaqəsinin olduğu deyilir.

Mətbuatın tanımadığı mətbuat katibi...

Nəhayət, Komitədə indiyəqədərki kadr islahatlarından birinə də Beynəlxalq əlaqələr departamenti və mətbuat xidmətinin rəhbəri Elçin Qədimov "tuş gəlib”. Komitənin beynəlxaql əməkdaşlığına məsul şəxs kimi vəzifəsinin öhdəsindən necə gəldiyini söyləmək bir az çətindir. Çünki bu sahədə məlumat demək olar ki, yoxdur. Amma bunun əksinə mətbuatla əməkdaşlıqda Elçin Qədimov heç də adı təriflə anılacaq mətbuat katiblərindən olmayıb. Dəfələrlə Cebhe.info xəbər portalı və "Cümhuriyət” qəzeti əməkdaşlara ona ünvanlanan suallara cavab almaqda çətinlik çəkiblər. Bu baxımdan hər bir qurumun "güzgüsü” olan mətbuat xidmətinin rəhbərinin yenisilə əvəzlənməsində təəccüblü heç nə yoxdur. 

İndiki halda bizə Komitədən başayan islahatların problemli sahələrdə vəziyyəti yaxşılığa doğru dəyişəcəyinə ümid etmək və gözləmək qalır. Yəqin ki, nəticələrin özünü göstərməsi üçün çox gözləmək də lazım gəlməyəcək. Hər halda yeni sədrin islahatlara məhz daha çox problemli sahələrdən başlaması belə deməyə əsas verir. 

Elnarə Kərimova





Həftənin ən çox oxunanları