Yuxarı

Neft pulları nəhəng layihələri qaytarır

Neft pulları nəhəng layihələri qaytarır

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Mayın 16-na olan məlumata görə, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar bahalaşaraq 79,28 dollar olub. Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar ucuzlaşaraq 78,24 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barelinin qiyməti isə 0,15 dollar azalaraq 71,16 dollar təşkil edib.

2016-cı ildə neftin qiymətinin 28 dollar civarında olduğu vaxt büdcəyə yenidən baxıldı.Maliyyə naziri Samir Şərifov demişdi ki, 2015-ci ilin dekabrında manatın ucuzlaşması dövlət büdcəsi xərclərində bir sıra dəyişikliklərin edilməsini zəruri edib.Söhbət ilk növbədə Azərbaycanın xarici valyutada ifadə olunmuş xərclərindən gedir.Nazir bildirmişdi ki, xaricdə saxladıqları diplomatik nümayəndəliklərin və digər əməkdaşların maaşı xarici valyutada ödənilir.Həmçinin beynəlxalq təşkilatlara üzvlük haqlarına oxşar ölkənin xarici valyutada ifadə olunmuş öhdəliklərin yeni manat-dollar məzənnəsi nəzərə alınmaqla dövlət büdcəsində əks olunmalıdır.

Neft kəskin dəyər itirdikdən sonra, şəhərdə bəzi meqa-layihələrin tikintisinin müvəqqəti dayanadırılacağı ilə bağlı söyləntilər var idi.Məlumata görə, yeni yaşayış kompleksi və otellərin inşası nəzərdə tutulsa da, neftin qiymətinin sürətlə düşməsi, hökumətin planda olan həmin layihələrin təhvil verilməsi istiqamətindəki marağını azaltmışdı.Həmin layihələrin tikinti işlərini həyata keçirməsi nəzərdə tutulan nəhəng tikinti şirkətlərinin işlərində bir müddət yaranan fasilələrdən dolayı ölkəni tərk etdikləri də deyilirdi.

Məlumatlara görə, hazırda artan neft qiymətlərinin fonunda yarım qalmış meqa-layihələrin icrasına start veriləcəyi ilə bağlı müzakirələr gedir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Cümhuriyət” qəzetinə bildirib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri isə 20 milyard 905,7 milyon manat proqnozlaşdırılır:

"2018-ci ilin dövlət büdcəsində tikinti sektoruna 4.927.476.000,0 manat vəsait ayrılıb. Bu, neft gəlirlərinin artması hesabına ayrılan vəsaitlərdir.Nəzərə almaq lazımdır ki, büdcə proqnoz edilərkən büdcənin real gəlirləri də pronozlaşdırılır.2018-ci ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 45 dollardan götürülüb.Əgər büdcəyə yenidən baxılarsa, çox güman ki, neftin qiyməti ən aşağı 55-60 dollardan götürülər.Buna uyğun da büdcə proqnozlaşdırılır”.

Ekspert apardığı müşahidələrə əsasən qeyd edib ki, 2018-ci ilin yanvar ayından başlayaraq şəhərin bütün rayonlarında tikinti işləri aparılır:

"Gəlirin çoxluğuna uyğun olaraq hökumətin icra orqanlarının planlaşdırdıqları kimi tikintiyə, quruculuq və abadlığa sərf olunan xərclər də realizə edilir. Hazırda paytaxtda rəsmi sürətdə təqribən 200-ə yaxın bina tikilir. O cümlədən, şəhərin müxtəlif küçə və prospektlərində onlarla 5 mərtəbəli binanı söküb yerində hündürmərtəbəli binanın tikintisinə start verilib. Hazırda ölkədə tikinti bumu yaşanır.Bunların hamısı neftdən gələn gəlirlər hesabına baş verir”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları