Yuxarı

Neft böhranı: İndi əks qütbü vurur

Neft böhranı: İndi əks qütbü vurur

Neft çıxartma və təbii ehtiyatlarla zənginlik baxımından dünya ölkələri ikiyə ayrılır.

Neft-qaz ehtiyatları ilə zəngin olan, bir də heç bir yeraltı və yerüstü sərvətə sahib olmayan ölkələr. Tarixən neft böyük gəlirlər gətirib. Keçmiş zamanlarda baş vermiş sənaye inqilabı neftə olan tələbatı kəskin şəkildə artırdı və onu ölkənin inkişafı üçün vacib olan strateji məhsula çevirdi. Beləliklə, dünyada "neft bumu" ortaya çıxdı. Hazırda da beynəlxalq aləmdə neft strateji əhəmiyyətə malikdir. Ölkələr öz təbii ehtiyatların artırmaq üçün, adətən, bir-biri ilə yarışa girir. Ölkələr müxtəlif növ təbii ehtiyatlarla zəngin olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab edilir. Sürətlə inkişaf edən dünya iqtisadiyyatında təbii ehtiyatların rolu böyükdür. Dünya ölkələrinin iqtisadiyyatının əsasını elə  təbii ehtiyatların təşkil etməsi faktı da danılmazdır. Dünyada hər keçən il əvvəlki illə müqayisədə neft hasilatı milyon tonlarla artır.

Dünyada təbii ehtiyatlarla zəngin olan ölkələr çoxdur və bu ehtiyatlar bəzi ölkələrdə çox nadir və bahalı, bəzilərində isə çox ucuz hesab olunur, lakin hər iki halda onların öz dəyəri var. Neft ehtiyatları ən çox olan ölkələr Venesuela, Səudiyyə Ərəbistan, Kanada, İran, İraq, Küveyt, BƏƏ, Rusiya, Liviya, Nigeriya, Qazaxıstan, Çin, Qətər, ABŞ, Braziliya, Meksika, Əlcəzair, Angola, Hindistan, Ekvador, Azərbaycan, Norveçdir.

Qlobal neft bazarlarında söz sahibi olan bu ölkələr neft qiymətlərini uyğun bir səviyyəyə gətirmək naminə bir araya gələrək neft hasilatını azaltmaq barədə planlar qurur. Ölkələr qiyməti nəzarətdə saxlamağa çalışsalar da, bəzən buna nail olmaqda çətinlik çəkirlər. Dünyada bir çox iqtisadi böhranlar olub. Son 13 ilin qiymət göstəriciləri qeyri-stabilliyin hökm sürdüyünü deməyə əsas verir. 2005-ci ilin son rübündə 60 dollar olan neft qiymətləri, ilin sonunda 75 dollaradək yüksəldi. 2006-ci ilin gedişində 100 dollar səviyyəsinədək yüksələn neft qiymətləri dünyada yeni böhranın yaranacağı qorxusunu da özü ilə gətirdi.  2007-ci ildə neft qiymətləri qeyri-stabilliyi ilə seçildi və təxminən 68-78 dollar arası dəyişdi.

2008-ci il neft qiymətləri üçün əlamətdar oldu. Belə ki, qlobal iqtisadi böyümənin artması və OPEC-in azalan ehtiyatı bazarlarda yüksək tələbə və aşağı təklifə səbəb oldu. 2008-ci ilin iyun ayında Brent tipli xam neftin barelinin qiyməti tarixdəki ən yüksək səviyyəsi olan 147 dollara qədər yüksəldi.

2008-ci ilin 4-cü rübü ərzində dünya iqtisadiyyatı zəifləməyə başladıqca neftə tələb də azalmağa başladı. Bunu görən spekulyantlar pullarını itirməmək üçün investisiya obyekti kimi aldıqları nefti satmağa başladılar və bu 2009-cu ilin iki ayı ərzində neftin qiymətinin 150 dollardan 38 dollara düşməsinə səbəb oldu. Nəticədə, bu neft gəlirlərindən asılı olan bir çox ölkələrin, o cümlədən, Azərbaycanın da neft ixracı gəlirlərinin kəskin azalmasına gətirib çıxartdı.

Neft qiymətləri, 2008-ci ilin iyun ayında 147 dollar olduğu halda il sonunda 36 dollara qədər geriləyərək tarixdəki ən sürətli enişini yaşadı. 2008-dəki qlobal iqtisadi böhranın ardından yüksəlməyə başlayan xam neftin qiyməti, 2012-ci ildə 128 dollara qədər yüksəldi. Neft qiymətləri, 2014-cü ilin iyununda 115 dollara qədər yüksəldiyi halda 2014-cü ilin sonundan etibarən sürətlə enməyə başladı və 50 dollar səviyyəsinə düşdü. 2015-də də neft qiymətləri ucuzlaşmağa davam etdi.

2018-ci ilin mayın 4-nə olan məlumata görə dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Belə ki, VTİ neftinin qiyməti 0,07 dollar azalaraq 65,74 dollar təşkil edib. "Brent” markalı neftin 1 barelinin dəyəri isə 0,31 dollar azalaraq 76,48 dollar təşkil edib.

Ümumiyyətlə, böhran daha çox sənayeləşmiş ölkələrə ziyan vurdu. Milyonlarla insan işsiz qaldı, ticarət və istehsalın miqdarı yarı-yarıya endi, banklar iflas etdi və.s. Neftin gələcək qiymətinin necə olacağı barədə də, fikirlər müxtəlifdir. Bəziləri neftin daha da ucuzlaşacağını desə də, neftin qiymətinin əvvəlki səviyyələrə qayıdacağını ümid edənlər də var. Görünən odur ki, qiymətindən asılı olmayaraq neftin dünya enerji bazarında hegemonluğu hələ də davam edir. Ancaq bunun belə davam etməsi də sual altındadır, çünki artıq uzun illərdir bir çox inkişaf etmiş ölkələr alternativ enerji növlərinin tətbiqinin artırılması istiqamətində çalışmalarını davam etdirir.

Neft Araşdırmaları  Mərkəzinin rəhbəri İlham Şaban "Cümhuriyət” qəzetinə bildirib ki, 4 il bundan öncə neftin qiyməti kifayət qədər yüksək həddə olub: "2014-cü ilin iyun ayının 17-də neftin qiyməti 117.04 dollar idi. Ancaq həmin ilin sentyabr ayının 3-də neftin qiyməti 100 dollardan aşağı oldu. O dövrdə dünyada ümumdaxili məhsul yüksək həddə idi. Buna uyğun da enerji tələb olunurdu. İndi həmin dövrlə müqayisədə neftin qiyməti təqribən 40 faizə yaxın ucuzdur. O dövrlə müqayisədə neftin istehlakı azalıb, qazın istehlakı artıb. Digər tərəfdən, alternativ enerji növlərinin tətbiqinin artması məsələləri də var.

Bu amillər enerjinin istehsalda olan həcmini azaldır və əvvəlki kimi qiymət artımına gətirib çıxarmır. 5 il bundan öncə enerjidən qənaətlə istifadə etmə məsələsi indiki qədər gündəmdə deyildi. Yeni texnologiyalar ixtira olunur, enerjinin saxlanması və sair kimi məsələlər son 5 il ərzində çox böyük inkişaf mərhələsi keçib. Əgər 5 il bundan öncə elektro-avtomobillər cəmi 1 kilometr məsafə gedirdisə, indi 400-500 kilometr yolu çox rahatlıqla qət edirlər. Hətta yük avtomobilləri var ki, sadəcə qazla 1000 kilometr yol gedir. Dünya sürətlə inkişaf edir və 2025-ci ildə texnoloji yüksəlişə çatacaq. Dünyanın 7 il sonra hansı texnoloji nailiyyətlər əldə edəcəyi fantastikadır. Ona görə də bu gün 10 il bundan sonra neft qiymətləri arasında paralellər aparmaq o qədər də asan deyil. 4 il bundan öncə kimə desəydin ki, 300 manatla yaşayacaqsan, inanmazdıq. Ancaq indi yaşayırıq”.

Ekspert qeyd edib ki, gələcəkdə qaz amili neftin yerini tuta bilər: "Neft qazdan tez sönəcək. Bu mümkündür. Belə mürəkkəb zamanda təbii qaz amili dünyada enerji təhlükəsizliyinin təminatında əsas şərt hesab edilir”.  

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları