Yuxarı

Avropa rus qazını "Transxəzər”ə dəyişir

Avropa rus qazını

ABŞ Rusiyadan Avropaya təbii qaz nəql edəcək "Şimal axını-2” kəmər layihəsinə sanksiya tətbiq etməyə hazırlaşır.

Bu barədə məlumat verən ABŞ-ın "Foreing Policy” jurnalı Ağ Evdə və Konqresdə sanksiya tərəfdarlarının üstünlük təşkil etdiyini yazır. Qeyd edək ki, hər il 55 milyard kubmetr təbii qazın Almaniya, Danimarka, İsveç, Finlandiyaya nəqlinə 2019-cu ildə start veriləcəyi gözlənilir. Eyni zamanda, Fransa və Macarıstan da potensial müştəri kimi "Şimal axını-2”-yə maraq göstərir. 

ABŞ Dövlət Departamentinin sözçüsü Heyzer Nauert isə bildirib ki, "Şimal axını-2” kəmər layihəsi üzrə enerji ixracı ilə məşğul olmaq istəyən şirkətlər sanksiyaya məruz qala bilər. Vaşinqtonun bu mövqeyi isə Avropa Birliyi ilə münasibətlərin pisləşməsinə səbəb olub. Avropa dövlətləri ABŞ-ı onların iqtisadi maraqlarına zərbə vurmaqda ittiham edir. Bu səbəbdən Almaniyanın xarici işlər naziri Hayk Maasın Vaşinqtona səfəri zamanı tərəflər arasında danışıqların gərgin keçdiyi deyilir. 

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo bu yaxınlarda verdiyi açıqlamada Avropa Birliyinə alternativ mənbə kimi Cənubi Qafqaz üzərindən təbii qaz almağı təklif etmişdi. Pompeonun bu sözlərindən az sonra TANAP qaz kəmərinin açılışının baş verməsi diqqəti Azərbaycanın Türkiyəyə və TAP layihəsi üzrə Avropa bazarlarına çatdıracaq "mavi yanacağ”a yönəltdi. Eyni zamanda, Rusiya qazına alternativ mənbə olaraq Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya çatdırılmasını nəzərdə tutan "Transxəzər” kəmər layihəsi ətrafında müzakirələr yenidən gündəmə gəlib. Əgər ABŞ "Şimal axını-2” layihəsini reallaşdıra bilsə, o zaman Avropa ölkələrinin Cənub Qaz Dəhlizinə marağı arta bilər. Bu da ABŞ-ın Avropa bazarında təklif etdiyi maye qazın qiymətinin baha olması ilə bağlıdır. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, ABŞ-ın "Şimal axını-2” layihəsinə sanksiya tətbiq etməsi yalnız iqtisadi deyil, həm də siyasi məsələdir. Barak Obamanın prezidentiliyi dönəmində olduğu kimi Donald Trampın dövründə də ABŞ, Avropanın bütün coğrafiyasına tam nəzarət etmək istəyir: "Bura Rusiyanı tam şəkildə neytrallaşdırmaq, Avropadakı güclər balansını öz xeyrinə dəyişmək istəyir. Eyni zamanda, rəsmi Vaşinqton ABŞ-ın istehsal etdiyi sıxılmış qazın Avropa ölkələrinə satılmasında maraqlıdır. ABŞ Avropanın təbii qaz bazarının yarıdan çox hissəsinə nəzarəti əlində saxlamağa çalışır. Bu,"Marşal planı”ndan sonra ABŞ-ın Avropaya qarşı ikinci ən böyük hərəkatıdır. Böyük Britaniya "Breksit” qərarını verməklə özünü bu zərbələrdən neytrallaşdırdı.

Avropa Birliyinin lokomotivi olan Almaniya və Fransa ABŞ-la müttəfiqliyi qəbul edir. Lakin Avropa Birliyi Krım böhranından sonra Rusiya ilə bağlı məsələlərdə ABŞ-la nə qədər müttəfiqlik nümayiş etdirsə də anlayır ki, tam şəkildə Vaşinqtondan asılı olmaq ittifaqın xarici siyasət strategiyasının əldən verilməsi deməkdir. Rusiya isə son yeddi ildə itirilmiş yüz milyardlarla dolların müqabilində Avropa Birliyi ilə ticarət balansını bərpa etmək və artırmaq niyyətindədir.

Çünki Rusiyada, xüsusilə də regionlarda vəziyyət çox acınacaqlıdır. Rusiyanın bölgələri dotasiya ilə yaşayır. Ural bölgəsi, Şimali Qafqazdakı şəhərlər yalnız dotasiya hesabına təmin olunur. Bu, Rusiyanın iqtisadi durumunun çox ağır olduğunu göstərir. Ona görə də Rusiya Avropa Birliyi ölkələrini aşağı tariflərlə "Şimal axını” kəmərləri vasitəsilə enerji ilə təmin edərək həm maddi, həm də siyasi dividentlər əldə etmək istəyir. ABŞ isə Avropa Birliyini məcbur edir ki, iqtisadi baxımdan Rusiyadan asılılığını minimuma endirsin. Amma bu həm iqtisadi, həm də siyasi baxımdan mümkünsüz bir prosesdir. Çünki Avropa ölkələri Rusiya ilə həmsərhəd qonşudur. Rusiya Ukrayna, Polşa, Baltikyanı ölkələr və İsveçlə həmsərhəd dövlətdir. Qonşu ölkədən birdəfəlik imtina etmək "soyuq müharibə” deməkdir. XXI əsrdə isə sərhədlərin qapanması o qədər real görünmür”. 

 Fərrux Məmmədovun sözlərinə görə, ABŞ Avropaya alternativ təbii qaz mənbələrindən istifadə etməyi tövsiyə etsə də Azərbaycan əsas tədarükçü rolunu oynamaq imkanında deyil. "Transxəzər” qaz kəməri layihəsinin "Şimal axını-2” enerji marşrutuna alternativ kimi həyata keçirilməsi indiki şəraitdə mümkünsüz görünür: "Avropanın enerji bazarında və təhlükəsizlik məsələsində Azərbaycanın rolu böyükdür. Ancaq Azərbaycan olduqca kiçik bir dövlətdir. Azərbaycan təkbaşına "Transxəzər” layihəsini həyata keçirə bilməz. Çünki Azərbaycanın milli təhlükəsizliyinə problemlər yarana bilər. Təbii qazın əsas tədarükçüsü Türkmənistan olsa belə, daşıyıcı ölkə Azərbaycan olacaq. Önəmli olan qazın çıxarılması deyil, ünvana çatdırılmasıdır. Türkiyə NATO -nun üzvüdür, Gürcüstan da bu alyansa daxil olmaq üçün müraciət edib. Strateji baxımdan, təhlükəli durumda olan Azərbaycandır. "Transxəzər” layihəsinin qarşısını almaq üçün endiriləcək zərbələr Azərbaycana qarşı yönələ bilər. Lakin Azərbaycanı müdafiə etmək üçün Avropa Birliyinin iki qətnaməsindən və ABŞ-ın narahat olmasından başqa hər hansı refleksi varmı?

Bu, Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı məsələdir. Ona görə də "Transxəzər” qaz kəməri layihəsinin belə tezliklə ərsəyə gələcəyinə inanmıram. Bu layihənin reallaşdırlması üçün Rusiya maksimum şəkildə passivləşdirilməlidir. ABŞ-ın siyasi məqsədi isə Avropa Birliyini özünün bir ştatına çevirməkdir. Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron da bunu başa düşür və bildirir ki, ABŞ bizim müttəfiqimizdir, lakin biz onun müstəmləkəsi deyilik. Bu baxımdan, Trampla Makron arasında fikir ayrılığının yaranması normaldır. ABŞ prosesi öz xeyrinə dəyişmək üçün məsələni Avropa Parlamentinin müzakirəsinə çıxara bilər. Xüsusilə də Mərkəzi və Şərqi Avropa ölkələrinə ABŞ-ın maliyyə yardımı çox böyükdür. Amerika öz maraqlarına uyğun olan məsələni Avropa Parlamentində səsverməyə çıxartmaqla qəbul etdirə bilir”. 

Politoloq onu da qeyd etdi ki, Avropa dövlətlərinin "Şimal axını -2” layihəsi üzrə Rusiyadan "mavi yanacaq” idxal etməsi AB-nin rəsmi Moskvaya qarşı qəbul etdiyi sanksiyalardan imtina etməsi demək deyil. Lakin ABŞ sözgedən boru xətti ilə təbii qaz nəqlinə embarqo tətbiq edərsə və bu məsələni Avropa Parlamentində qəbul etdirə bilsə, o zaman layihənin icrasına yönəldilmiş maliyyə vəsaiti məhv olacaq. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları