Yuxarı

Vergimiz borcumuzdan çox imiş

Vergimiz borcumuzdan çox imiş

İş adamlarından artıq yığılan verginin məbləği açıqlanıb. 2018-ci il yanvarın 1-nə dövlət büdcəsinə vergi borcları 1 milyard 63 milyon 436,8 min manat təşkil edir və 2017-ci ildə 25,9 faiz azalıb. Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinin icrası ilə bağlı materiallarına əsasən 2018-ci il yanvarın 1-nə vergi borclarının strukturunda 843 milyon 610,4 min manat (2017-ci ildə azalma 2%) əsas borcun payına düşür. 1 yanvar tarixinə maliyyə sanksiyaları ilə əlaqədar borcun məbləği 145 milyon 853,1 min manat (azalma 24,4 faiz, cərimələr üzrə isə 73 milyon 973,3 min manat (azalma 80 faiz) təşkil edir.

Ötən il dövlət şirkətlərinin əsas borcu 154 milyon 866,6 min manatadək, özəl şirkətlərin əsas borcu 676 milyon 287,8 min manatadək azalıb. Neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcu 3,1 faiz, qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcu isə 96,9 faiz təşkil edir. Palatanın materiallarında qeyd olunur ki, yanvarın 1-nə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 milyard 544 milyon 887,4 min manat artıq vergi ödənilib ki, bu da vergi ödəyicilərinin dövlət büdcəsinə olan vergi borcundan 2,4 dəfə çoxdur. Vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş vəsaitlərin 50,3 faizi özəl sektorun, 20,3 faizi dövlət şirkətlərinin, 19,7 faizi xarici şirkətlərin, 9,7 faizi birgə şirkətlərin payına düşür. Bu vəsaitlərin 9,4 faizi neft sektorunda fəaliyyət göstərən şirkətlər tərəfindən ödənilib.

Maraqlıdır, bu vergilər məcburi şəkildə yığılıbmı? Ümumiyyətlə, artıq vergilərə görə məsuliyyət daşıyan varmı?

Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, artıq vergi öncədən yığılan vergilərdir: "Vergi orqanı heç kimi öncədən vergi ödəməyə məcbur edə bilməz. Əgər belə bir müraciət olarsa, sahibkar qabaqcadan ödəməyə də bilər. 

Sadəcə, bu vəziyyət bir neçə ildir ki, belədir. Vergi orqanlarının əməkdaşları sahibkarlara zəng vurub növbəti dövrlər üçün vergi ödəməsini xahiş edirlər. Onlar vergi proqnozunu yerinə yetirə bilmədiyini əsas gətirərək sahibkarı öncədən ödəniş etməyə çağırırlar. Xahiş özü-özlüyündə qanunsuz deyil, vergi orqanları xahiş edə bilər. Amma bunun kütləvi şəkildə olması, anormal vəziyyətdir. Birincisi, sahibkarların çoxu bu xahişi göstəriş kimi qəbul edib qorxurlar. Ehtiyat edir ki, vergi orqanının sözünə əmələ etməsə, sabah ona problem çıxarda bilərlər. Bəzi sahibkarlar isə, vergi orqanının xahiş etməsinə baxmayaraq, öncədən vergi ödəmir”.

Hüquqşünasın müşahidələrinə əsasən son vaxtlar zəng vuran vergi işçiləri bir qədər ağıllanıb: "Onlar sahibkarla əlaqə saxlayıb xahişlərini sual formasında qoyurlar. "Ödəyə bilərsizmi?” və yaxud da "Nə qədər ödəyə bilərsiz?”. Sahibkarlar öz haqlarını bilməlidir. Onlar qabaqcadan vergi ödəməyə bilərlər. Amma ümumilikdə bu tendensiyanı sağlam hesab etmirəm. Çünki bu faktiki dövlətin maliyyə sistemində yanlış təəssüratın formalaşmasını əmələ gətirir. Kənardan belə görüntü formalaşır ki, vergilər ödənildi, proqnoz yerinə yetirildi. Amma bu, gələcək vergilərdir, axı. Vergi əvvəldən yığıblarsa, həmin dövr gələndə vergini yığa bilməyəcəklər. Bəs o zaman nə olacaq? Bütün bunlar gələcəkdə dövlət büdcəsi üçün ciddi problemlərə səbəb ola bilər. Yaxşı olardı ki, vergi orqanları bu hərəkətlərinə geniş yer verməsinlər”.

Əkrəm Həsənov onu da qeyd edib ki, sahibkar gəlirindən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz: "Artıq ödənilmiş vergilər sonrakı vergilər kimi yığılır. Əgər sahibkar fəaliyyətini dayandırıbsa, ödədiyi artıq vergini dövlət büdcəsindən geri tələb etməyə ixtiyarı var. Bu artıq dövlət büdcəsi üçün ciddi problemə çevriləcək”. 

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları