Yuxarı

Rəqəmlərdə "gizlədilən” inflyasiya

Rəqəmlərdə

Mərkəzi Bankın rəqəm oyununun əsl səbəbi

Xəbər verdiyimiz kimi, Tarif Şurası ictimai nəqliyyatda gediş haqqını avqustun 1-dən etibarən 50 faiz artırıldığına dair qərarını açıqladı. Ekspertlər hesab edir ki, bu qərar ictimai nəqliyyatla yanaşı, digər sahələrdə də qiymət artımına rəvac verəcək. Beynəlxalq təcrübədə qiymət artımı adətən, infilyasiya dərəcəsinin artdığı zamanlarda olur.

Cebhe.info xəbər verir ki, Azərbaycanda isə rəsmi rəqəmlərə görə, orta illik inflyasiya hazırda 6-8 faiz civarındadır. Hətta Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2017-ci ilin yekunlarına dair geniş iclasda çıxışı zamanı 2018-ci ildə inflyasiyanı 6-8 faiz civarında saxlamağa çalışacaqlarını demişdi. 
Hələlik inflyasiyanın artması ilə bağlı rəsmi açıqlama olmadığından, son verilən rəqəmlər istinad nöqtəsi kimi götürülür. Ancaq inflyasiya rəqəmlərində təzadlar mövcuddur. Ümumiyyətlə, Azərbaycan Mərkəzi Bankının inflyasiya rəqəmləri bütün zamanlar müzakirə predmeti olub. 

Məsələn, 2016-cı ildə Mərkəzi Bankın rəsmi məlumatına istinad etsək, ilin əvvəlində inflyasiya dərəcəsi 11.9, iyul ayında isə 14 faiz olub. Halbuki həmin vaxt ölkədənin maliyyə, biznes sahəsi böhranın ən ağır dövrünü yaşayırdı. 2017-ci ilin rəsmi məlumatına görə, yanvar ayında inflyasiya dərəcəsi 5.5, may ayında isə 3.2 faiz olub. Qısa zamanda inflyasiya dərəcəsinin bu səviyyədə aşağı düşməsi inandırıcı görünməsə də, Mərkəzi Bankın rəsmi məlumatları belədir. Ardınca Mərkəzi Bank rəhbəri 2017-ci ilin yekunlarına dair çıxışında deyir ki, inflyasiya dərəcəsi növbəti ildə birrəqəmli olacaq və çalışacağıq ki, bu rəqəmlər 6-8 faiz civarında olsun. Öncəki rəsmi məlumatlarla, son məlumatı müqayisə etdikdə, yaranan anlaşılmazlıq ortaya çıxır. Əgər inflyasiya dərəcəsi 2017-ci ilin may ayında 3.2 faiz olubsa, niyə ilin sonunda ikirəqəmliyə qədər qalxıb və Mərkəzi Bank indi bu rəqəmlərin 6-8 faiz civarında dəyişdiyini deyib? 

Qeyd edək ki, Mərkəzi Bankın saytında inflyasiya dərəcəsi yalnız 2017-ci ilin may ayına qədər olan dövrü əhatə edir. Həmin vaxtdan sonrakı inflyasiya göstəriciləri haqqında isə heç bir məlumat yoxdur.

Mərkəzi Bankın verdiyi rəqəmlərlə müstəqil ekspertlərin, beynəlxalq reytinq agentliklərinin dedikləri bir-birindən ciddi şəkildə fərqlənir. Digər tərəfdən, Azərbaycan Dövlət Statistika Komitəsinin göstərdiyi inflyasiya rəqəmləri ilə Mərkəzi Bankın verdiyi faiz dərəcəsi fərqlidir. Baxmayaraq ki, hər iki qurum dövlət idarəsidir, amma rəsmi rəqəmlərdə ciddi fərqlər mövcuddur. Məsələn, 2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4 faiz bahalaşıb. Dövlət Statistika Komitəsi bu açıqlama ilə əslində inflyasiyanın 15 faiz olduğunu deyir. Mərkəzi Bank isə bu dövr üçün inflyasiya dərəcəsinin 5.5 faiz olduğunu göstərir.

Beynəlxalq qurumlar isə daha fərqli rəqəmlər verir ki, bu rəsmi rəqəmlərlə müqayisə olunmayacaq dərəcədədir. 2017-ci ilin yanvar-fevral ayları üzrə beynəlxalq reytinq agentliklərinin açıqladığı inflyasiya dərəcəsi 28-30 faiz aralığındadır.

Maraqlıdır, niyə rəqəmlər arasında bu qədər fərq var?

Ekspertlər bunu bu cür şərh edir: "Statistik məlumatlar siyasiləşib. Beynəlxalq təşkilatlar bunu etiraf edir. Təəssüf ki, bu gün Azərbaycanda alternativ hesablamalar aparan təşkilatlar yoxdur. Dünya ölkələrində isə bu təcrübə mövcuddur. Dünya praktikasında dövlətlə paralel olaraq statistik araşdırmalar aparan təşkilatların müqayisəli rəqəmləri təqdim olunur. Yalnız bu zaman, yəni ikitərəfli müqayisə nəticəsində real vəziyyəti aydın görmək mümkün olur”.

Azərbaycan Mərkəzi Bankının inflyasiya dərəcəsini aşağı göstərməsinin isə bir sıra səbəbləri var. Belə ki, qanunvericiliyə görə dövlət qurumlarının əməkdaşları və pensiyaçıların aldıqları vəsaitin sığorta hissəsinə illik inflyasiya dərəcəsinə uyğun indeksasiya olunur. Yəni, inflyasiya dərəcəsinin artım tempinə uyğun olaraq, maaş və pensiyalar artır. Ekspertlər hesab edir ki, inflyasiya dərəcəsinin düzgün göstərilməməsinin başlıca səbəblərindən biri də məhz budur.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları