Yuxarı

Banklar daha çətin durum qarşısında

Banklar daha çətin durum qarşısında

Azərbaycanda bankların maliyyə vəziyyəti onsuz da ürəkaçan deyil.

Rəsmi rəqəmlərə istinad etsək, hələ də banklar maliyyə böhranından çıxa bilməyiblər. Problemli kreditlərin həcminin sürətlə artması, kreditləşmə prosesinin zəif olması və əhalinin banklara olan etimadının itməsi yerli maliyyə qurumlarının işini kifayət qədər çətinləşdirir. Hələ 2015-ci ilin böhranından başlayaraq əhali banklardan əmanətlərini sürətlə geri çəkməyə başladı. Xüsusilə də manat ekvivalentində olan əmanətlərin geri çəkilərək dollarla əvəzlənməsi maliyyə bazarında manatın mövqeyini ciddi şəkildə zəiflətmişdi. 

Manata qarşı təhlükələrin artması analoji prosesi yenidən gendəmə gətirib. Bu dəfə isə xarici vətəndaşlar yerli banklardakı əmanətlərini geri çəkməyə başlayıb. Belə ki, bu ilin iyun ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 5,2 milyon manat və ya 0,7 faiz azalaraq iyulun 1-nə 730,3 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının(AMB) aylıq hesabatına qeyd olunub.

Azalma əsasən xarici valyutada yerləşdirilən əmanətlərdə qeydə alınıb. Qeyri-rezidentlərin iyun ayı ərzində manatla əmanətləri isə əksinə, artıb. Hesabata əsasən, illik müqayisədə isə əmanətlərin həcmində 83,7 milyon manat və ya 10,3 faiz azalma qeydə alınıb. İyulun 1-nə əsasən, qeyri-rezidentlərin banklardakı əmanətlərinin 650,6 milyon manat və ya 89 faizi xarici, 79,7 milyon manat və ya 11 faizi milli valyutada yerləşdirilib. Bildirək ki, 2018-ci il iyun ayının sonuna əsasən, fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin 7 379,0 milyon manat və ya 91 faizi rezidentlər, 730,3 milyon manat və ya 9 faizi qeyri-rezidentlər tərəfindən yerləşdirilib.

Maraqlıdır, xarici vətəndaşların Azərbaycan banklarında olan əmanətlərini geri çəkməyin səbəbi nədir?

Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında xarici vətəndaşların Azərbaycan banklarından əmanətlərini geri çəkməsinin bir neçə səbəbi olduğunu deyib:

"Birincisi odur ki, kommersiya bankları son aylarda manatla qoyulan depozitlərdə belə əmanət faizlərini aşağı çəkməyə başladılar. Bu da, əsasən xarici əmanət sahiblərinin vəsaitlərinin banklardan çəkməsində mühüm rol oynadı. İkinci səbəb isə daha fundamentaldır. Azərbaycanda manatın gələcək taleyində neqativ tendensiyaların olması ilə bağlı gözləntilər kifayət qədər çoxalıb. Qonşu ölkələrdə, türk lirəsi, İran rialı, rus rublu, Qazaxıstan təngəsi, hətta Gürcüstan larisi ilə bağlı gedən proseslər bir müddət sonra istər-istəməz manata mənfi təsirini göstərməyə başlayacaq. Bu ölkələr həm də Azərbaycanın ən önəmli tərəfdaşlarıdır. Artıq manata psixoloji təsirləri hiss edirik.

Azərbaycan Mərkəzi Bankının rəsmi məlumatından da görünür ki, dollar satışı son 3 ayda sürətlə artıb. Hətta may ayına nisbətdə dollar satışı 2 dəfə artıb. Bu isə onu deməyə əsas verir ki, artıq sərbəst manat kütləsinin yenidən valyutaya yönləndirilməsi prosesi artıb. Bu gözləntilərin fonunda depozit faizlərinin də aşağı çəkilməsi xarici rezidentlərin əmanətlərini geri çəkməsinə və digər ölkələrin banklarında yerləşdirməsinə səbəb olur. Hesab edirəm ki, əsas səbəblərdən biri məhz bu gözləntilərin yüksəlməsidir. Makroiqtisadi gözləntiləri və qonşu ölkələrdə gedən prosesləri də nəzərə alsaq, bu istər-istəməz bir müddət sonra manatın məzənnəsində dəyişikliklərin olmasına səbəb ola bilər. Doğrudur, hazırda neft qiymətləri 70-75 dollar civarındadır və bu manatın məzənnəsinə müsbət təsir göstərir. Amma neft qiymətləri bu səviyyədə qalsa belə, qonşularda gedən proseslər manatın məzənnəsinə təsir göstərə bilər. Bu amilləri nəzərə alan əmanətçilər artıq depozitlərini geri çəkmək prosesinə başlayıblar. Artıq ikinci aydır ki, bu proses gedir və avqust və sentyabr ayının sonlarında rəsmi rəqəmlərdə də görəcəyik ki, bu tendensiya davam edəcək”.

Depozitlərin geri çəkilməsinin banklara necə təsir edəcəyinə gəlincə isə Natiq Cəfərli hesab edir ki, bu bankların işini daha da ağırlaşdıracaq: "Banklarda əmanətlər azaldıqca, onlarda kreditləşmənin həcmi və əməliyyatların intensivliyi azalır. Bu da birbaşa olaraq əmanətlərin həcminin azalması ilə bağlıdır. Əmanətlərin azalması təbii ki, bankların fəaliyyətinə mənfi təsir göstərəcək. Bu tendensiya getdikcə daha da böyük sürət alsa və xarici vətəndaşlar və eləcə də yerli əhali depozitlərin çəkilməsinə qərar versələr, bu bankların onsuz da ağır olan durumunu daha da ağırlaşdıra bilər. 

Çünki bank sektorunda 2015-ci ildən başlayan böhran hələ bitməyib. Böhrandan çıxış, yəni radikal qərarlar verib bank sektorunun təmizlənməsi vətəmərküzləşdirilməsi ertələnir. Çünki bankların sürətlə bağlanması "panika” ab-havasını daha da artıra bilər. Ona görə də bir müddət öncə çürük bankların bağlanması prosesi sürətlə getdi, 10-a yaxın bank bağlanandan sonra bu proses səngidi. Yəni, bankların bağlanması məsələsi inzibati qaydada gecikdirilir. Bu da bank sektorunun sağlamlaşmasında ciddi problemlər yaradır. Əgər depozitlərin geri çəkilməsi prosesi sürətlənərsə, bankların vəziyyəti ağırlaşa bilər. Heç kimə sirr deyil ki, 7-8 bank hələ də zərərlə işləyir. Bu prosesin davamında zərərlə işləyən bankların vəziyyəti daha da ağırlaşa bilər”.

Vilayət Muxtar