Yuxarı

Manat sabit qalır: Qiymətlər niyə artır?

Manat sabit qalır: Qiymətlər niyə artır?

Azərbaycanda orta illik inflyasiya qarşıdakı üç ildə azalaraq 2021-ci ildə 3,1 faizə enəcək.

Bu barədə prezident İlham Əliyevin 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada qeyd edilib.

2017-2021-ci illər üzrə əsas makroiqtisadi göstəricilərin proqnozuna əsasən, orta illik inflyasiya 2018-ci ildə 6,1 faiz, 2019-cu ildə 4,7 faiz, 2020-ci ildə 3,3 faiz təşkil edəcək. Qeyd edək ki, ötən il orta illik inflyasiya 12,9 faiz olub.

Ekspertlərin müşahidələrinə əsasən, son bir ildə manatın məzənnəsində eniş yaşanmır. Amma Azərbaycanda bir sıra sahələrdə qiymət artımı,  bəzi ərzaq mallarının bahalaşması davam edir. Xüsusən, idxal olunan məhsulların qiymətində artım müşahidə olunur. Bahalaşma özünü ən çox kərə yağının qiymətində göstərir.

Manat sabitdir, amma qiymətlər günü-gündən fərqlənir. Maraqlıdır, qiymət artımının səbəbləri nədir?

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda inflyasiyanın aşağı düşdüyünü iddia etmək mümkün deyil: "Necə olur ki, bizim müşahidə etdiyimiz qiymətlər artır, amma inflyasiya enir?! Bu, ona bənzəyir ki, biz məsafə qət edirik, amma gedib çata bilmirik. Bütün sahələrdə qiymət artımı inflyasiyanı stimullaşdırır, ona pay verir”.

Ekspert qeyd edir ki,  indiki halda doğru olmayan statistika görə bilərik: "Elan edirlər ki, inflyasiya  6 faizdir. Azərbaycanda əhali bilsə ki, inflyasiya 15 faizdir, nə dəyişəcək? Bütün bunların başlıca səbəbi ölkə iqtisadiyyatında daxili qaynaqların artırılması və istehsalın stimullaşdırılmamasıdır. Həmçinin ölkə iqtisadiyyatının getdikcə daha çox idxaldan asılılığı artırılır. Bir tərəfdən, daxili istehsal azalır, digər tərəfdən də idxal mallarının gömrük rüsumu artır. Nəticədə qiymət artmalıdır”.

Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyaya gəlincə, ekspert bunun çox yaxşı məram olduğunu vurğulayıb: "Bunu alqışlayıram ki, Azərbaycan hökuməti inflyasiyanın nə vaxtsa 3-4 faizə qədər enməsini qarşıya məqsəd qoyub.

Bu, qarşıya qoyulmuş çox yaxşı məqsəddir. Amma biz bu məqsədi həyata keçirmək üçün fəaliyyətimizi həmin istiqamətə yönəltməliyik. İlk növbədə ölkədə azad rəqabət mühiti fomalaşmalı, bazar iqtisadiyyatı modeli tam gücü ilə işləməlidir. Monopoliya aradan qaldırılmalı, sahibkarlığın, eləcə də kənd təsərrüfatının fəaliyyəti stimullaşdırılmalıdır. Yəni, ölkənin daxilindəki iqtisadi qaynaqlar genişləndirilməli, iqtisadiyyat diversifikasiya olunmalıdır. Bu gün Azərbaycan iqtisadiyyatının qarşıya qoyulan məqsədə doğru hərəkət etmək potensialı var. Ölkəmiz inflyasiyanı hətta 1 faizə qədər endirmək iqtidarındadır. İstənilən formada inkişafa nail olmaq üçün Azərbaycanın daxili potensialı var, sadəcə olaraq, bundan istifadə etmək lazımdır. Amma çox təəssüf ki, hələ də bu bacarıqdan istifadə etmək meyilləri hiss olunmur”.

Yeganə Oqtayqızı