Yuxarı

Enerji sektoru: Gələcəyə ayrılan milyonlar - Akif Nəsirli:

Enerji sektoru: Gələcəyə ayrılan milyonlar - Akif Nəsirli:


Karbohidrogen ehtiyatlarından alınan enerjidən alternativ enerjiyə keçid məsələsində mübahisəli məqamlar mövcuddur. İlk növbədə alternativ enerjinin maya dəyərinin baha olması, buna qarşı olanların arqumentinə çevrilib. Digər tərəfdən isə alternativ enerji üçün daha çox investisya yatırılması və bu sahənin inkişafı vacib hesab olunur.

Energetika nazirinin müavini Elnur Soltanov bu günlərdə bildirib ki, alternativ enerjini istehsalında problem ondan ibarətdir ki, onun qiyməti hələ də ənənəvi enerjidən yüksəkdir: "Azərbaycanda da həmçinin. Məsələn, hazırda Avropa ölkələrində ənənəvi yolla istehsal edilən 1 kVt/saat elektrik enerjisinin maya dəyəri orta hesabla 35 qəpik, Azərbaycanda isə 8 qəpikdir. Ölkəmizdə alternativ enerjinin maya dəyəri isə 10-12 qəpikdir. Bu fərqlə enerjini əhaliyə transfer etsək, sosial çətinliklər ortaya çıxa bilər. Əhalinin artıq pul ödəməməsi üçün dövlət bu sahəyə subsidiyalar verməlidir”.

Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin elmi işçisi Nicat İmamverdiyev isə  "Azərbaycanda külək elektrik stansiyalarının yer seçimində coğrafi informasiya sistemlərinin tətbiqi” mövzusunda təqdimatla  çıxış edərkən nazir müavinindən bir qədər fərqli fikir səsləndirib. Məruzəçi bildirib ki, Azərbaycanda elektrik enerjisinin 91,9%-ni verən istilik elektrik stansiyalarından atmosferə ildə 18,5 mln. ton karbon qazı buraxılır. Tədqiqatçı 1990-2015-ci illərin külək meteoroloji məlumatları əsasında Abşeron yarımadası, Culfa və Ordubad rayonlarında küləyin yüksək potensiala malik olduğunu müəyyən edib. O, coğrafi informasiya sistemlərinin köməyi ilə külək turbinlərinin işləməsi üçün minimum sürəti 3,5 m/s-dən yüksək olan ərazilərin ümumi sahəsini hesablayıb, turbinlərin texniki xüsusiyyətlərini təhlil edərək istehsal oluna bilən elektrik enerjisinin  miqdarını təyin edib: "Azərbaycanda külək elektrik stansiyalarının yerləşdirilməsi üçün CİS proqramları vasitəsilə ümumi optimal ərazilərin sahəsi müəyyən edilib, ölkənin elektrik tələbatını ödəmə qabiliyyəti yüksək səmərəliliyə malik 56 məntəqədə tədqiq edilib. Müəyyən edilib ki, Azərbaycanda elektrik enerjisinə tələbatın 17%-ni külək elektrik stansiyaları vasitəsilə almaq mümkündür. Bu həm də Azərbaycanın "Paris Sazişi”ndə götürdüyü karbon tullantılarının azaldılması öhdəliyinin yerinə yetirilməsi və dayanıqlı enerjidən istifadə edən ölkələrdən geri qalmaması üçün də əhəmiyyətlidir”.

ıqlamaları eyniləşdirsək, bir sıra qaranlıq qalan məqamlar üzə çıxır. Əgər alternativ enerji baha başa gəlirsə, bu kimə və niyə lazımdır? Alternativ enerjinin alıcısı az olacaqsa, xərc çəkməyə, milyardlarla investisya yatırmağa dəyərmi? Karbohidrogen ehtiyatlarından əldə olunan enerjidən istifadəni davam etdirmək və bununla da əhaliyə daha ucuz enerji satmaq daha uyğun yol olmazmı?

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında alternativ enerjiyə keçidin əhəmiyyətli olacağını, gələcək üçün daha vacib olduğunu bildirib. A.Nəsirli hesab edir ki, ən doğru yol neft və qaz gəlirlərini alternativ enerji sahəsinin inkişafına yatırmaq lazımdır: "Azərbaycanda karbohidrogen ehtiyatlarından alınan enerjinin maya dəyəri bəlkə də 8 qəpik deyil, daha ucuzdur. 1 kiloqram mazutdan təxminən 4-5 kilovat elektrik enerjisi almaq olar. 1 kiloqram mazutun qiyməti isə 10 qəpikdir. Yəni hazırkı karbohidrogen ehtiyatlarından alınan elektrik enerjisinin xammalının maya dəyəri təxminən 2-3 qəpikdir. Orada müxtəlif texnologiyalardan istifadə olunur ki, bu da 1-2 qəpik xərc tələb edir. Məsələ bundadır ki, karbohidrogen ehtiyatları tükənən enerjidir. Qaz da, neft də nə vaxtsa bitəcək. Deyək ki, İndoneziya OPEC üzvü olan ölkə idi və geniş karbohidrogen ehtiyatları var idi. Amma İndoneziyanın ehtiyatları bitdi və OPEC-dən çıxarıldı. Bizim ehtiyatlarımız isə o qədər deyil ki, OPEC-in üzvü olaq. Azərbaycan neft və qaz hasil edən ölkə kimi OPEC-in üzvü deyil. Yəni Azərbaycanın ehtiyatları kifayət qədər azdır. Ona görə də Azərbaycan alternativ eneri baha başa gəlsə də, onun istehsalını genişləndirməliyik. Yeni texnologiyalar tətbiq etməklə, inkişaf etdirib maya dəyərini aşağı salmağa çalışmalıyıq. Bu, dünyanın inkişafa doğru apardığı prosesdir. Azərbaycan da bu prosesə töhfə verməlidir. Alternativ enerji tükənməyən, karbohidrogen ehtiyatlarından alınan enerji isə tükənəndir. Bugünkü neft və qaz gəlirlərindən investisiya qoyub, alternativ enerjinin alınması texnologiyasını inkişaf etdirmək və gələcək üçün buna nail olmaq vacibdir. Bu gün alternativ enerjinin alınması 2 qat baha başa gəlsə belə, hesab edirəm ki, Azərbaycan hökuməti bu istiqamətdə texnologiyanı inkişaf etdirməkdə davam etməlidir. Bu doğru yoldur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları