Yuxarı

İldə bir dəfə sürüşən Bibiheybət yolu: ""Azəravtoyol”un mühəndisləri başqalarının rəyini bəyənmir, bu da nəticə...”

İldə bir dəfə sürüşən Bibiheybət yolu:


Elməddin Muradlı: "Təxminən 45 gün orada təmir işləri getdi, proses uzandığına görə bildirdilər ki, bəs bu, əsaslı təmir işləridir, ona görə proses uzanır


Noyabrın 25-də gecə saatlarında baş verən sürüşmə nəticəsində Bibiheybət yolu yenə təmirə bağlanılıb. Avtomobil Yolları Dövlət Agentliyindən hadisə ilə bağlı verilən məlumatda bildirilib ki, Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılır. Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur. Bildirək ki, Baş nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və digər qurumların rəhbərləri hadisə yerinə baxış keçiriblər.

Məlumat üçün qeyd edək ki, Bibiheybət yolunun son olaraq bu ilin mart ayındaistifadəsi dayandırılıb. Səbəb isə martın 1-də Lökbatan dairəsini "Azneft” dairəsi ilə bağlayan magistral yolun Bibeheybət məscidi ərazisindəki hissəsinin çökməsi olub. Sözügedən yol bundan əvvəl 2013, 2015, 2017, 2018-ci ildə də təmir edilib. Hər dəfə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "əsaslı təmir”in getdiyini irəli sürüb. Əvvəlki illərdə bərpa bir il fasilə ilə həyata keçirildisə, bu dəfə müddət 6 aya düşüb, yəni yol heç bir il də tab gətirməyib. Yəqin ki, budəfəki təmirin nəticəsi heç də öncəkilərdən fərqlənməyəcək...

Bəs görəsən, yolun bu qədər tez təmirə bağlanmasının səbəbi nədir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə etinasız yanaşıldığını deyib: "Orada hər il təmir işi aparılırdı, çökəyi doldururlar, guya bununla da təhlükəsizliyi təmin edirlər. Ötən il həmin yolu bir aylıq bağlayacaqlarını bildirdilər. Təxminən 45 gün orada təmir işləri getdi, proses uzandığına görə bildirdilər ki, bəs bu, əsaslı təmir işləridir, ona görə proses uzanır. Amma dünən baş verən hadisə göstərdi ki, heç də əsaslı təmir işi getməyib, yenə də kosmetik işlər görülüb. Sadəcə, yeni asfalt vurublar. "Azəravtoyol”un rəhbərliyi bəlkə də 20 ildir bilir ki, ora tektonik zonadır, sürüşməyə meyillidir. Keçən il o yolu 45 gün bağlı saxlayıb niyə sözdə dedikləri əsaslı təmir işini aparmadılar? Hansı qanunda,qaydada yazılıb ki, yolda əsaslı təmir işi asfaltın qaşınmasından ibarətdir? Yol infrastrukturu elə bir sahədir ki, burada mütləq digər qurumlarla əlaqəli işləmək lazımdır, amma təəssüf ki, "Azəravtoyol”un mühəndisləri, işçiləri başqalarının rəyini bəyənmirlər. Bunun nəticəsində də problem ortaya çıxır. Çox güman ki,  onlar özlərinə əziyyət verib Fövqəladə Hallar Nazirliyindən, zəlzələ və sürüşmələri öyrənən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən rəy almayıblar. Çünki özlərindən başqa heç kimi bəyənmirlər. Nəticədə isə belə problemlər yaranır”.

Ekspert vurğulayıb ki, Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası bu cür keyfiyyətsiz yollara istismar üçün rəy verməməlidir: "Yolun təmirinə keçən il o boyda vəsait xərcləndi, bu il isə məlum olur ki, yenə vəsait xərcləmək lazımdır. Gələn il nə baş verəcəyini isə yaşayıb görəcəyik.  "Azəravtoyol”dan çox pul ayrılan ikinci bir sahə görmürəm. Bu gün Milli Məclis yol-nəqliyyat infrastrukturu ilə bağlı büdcəni təsdiqlədi və 742 milyon manat vəsait ayrıldı. Ümumilikdə nəqliyyat sisteminə isə 1 milyard 742 milyon pul ayrıldı. Bu, hərbi büdcədən də artıq məbləğdir. Bu qədər vəsaitdən sonra biz yenə problemlər yaşayırıq. Hər il eyni əngəllər ortaya çıxır. Nə vaxta qədər belə davam edəcək? Bu qurumlar nə vaxt oturub ciddi bir işlə məşğul olacaqlar? Hüquq- mühafizə orqanları bircə dəfə yol infrastrukturu ilə bağlı yeyintiyə yol verən rəhbər şəxsi ciddi şəkildə cəzalandırsa, onlar artıq özləri bundan dərs çıxaracaq. Təəssüflər olsun ki, Hesablama Palatası dəfələrlə açıqlama verir, məlum olur ki, həqiqətən, yeyinti var. Amma buna etinasız yanaşılır. Mənə elə gəlir ki, bu məsələyə ciddi yanaşma ortaya qoymaq lazımdır. Ölkə rəhbərliyi tərəfindən bu sahəyə bu qədər diqqət göstərilir, amma yol infrastrukturuna cavabdeh olan qurumların əksəriyyəti qoyulan tələbləri düzgün yerinə yetirmir, keyfiyyətsiz iş görür. Yollar bu gün çəkilir, sabah çökür. Buna bariz nümunə də Bibiheybət yoludur. "Azəravtoyol” bir açıqlama versin, görək niyə belə oldu? Çökən yolu bərpa etmək üçün keçən il çəkilən xərcdən 3-4 dəfə çoxunu bu il sərf edəcəklər. Amma heç kim də yolun keyfiyyətinə zəmanət verməyəcək. Nazirlər Kabineti yanındakı Komissiya  bu cür keyfiyyətsiz yollara istismar üçün rəy verir. Bu, Artur Rəsizadənin dövründə də, Novruz Məmmədovun dövründə də belə olub. Ümid edirəm ki, Əli Əsədovun dövründə bu komissiya belə yarıtmaz fəaliyyət göstərməyəcək. Əgər yolda nöqsan varsa, komissiya bunu istismara qəbul etməməlidir. Onlar bunu istismara qəbul etdikcə, qurumlar şirniklənir və eyni şəkildə fəaliyyətlərini davam etdirirlər”.

Səyad Həsənli

 





Həftənin ən çox oxunanları