Natiq Miri: "Azərbaycan
Avropaya qaz satışında Rusiya ilə rəqabət
aparacaq gücdə deyil”
Azərbaycanın Avropanın enerji bazarına çıxması üçün imza atdığı layihələrin
önəmi və əhəmiyyəti kifayət qədər böyükdür. Baxmayaraq ki, Azərbaycan qazı Avropanı bütövlükdə təmin etmək gücündə deyil, amma
perspektiv üçün bu məsələdə də kifayət qədər böyük hədəflər mövcuddur. Xüsusilə
də TANAP və TAP layihələrindən sonra
Azərbaycan qazının Avropaya çıxması hədəflənir.
Bu layihənin icrası yaxın gələcək üçün
nəzərdə tutulur.
Bu məsələdə
Azərbaycana qarşı olanlar da var və ekspertlər hesab edir ki, TANAP və TAP
layihəsinin işə düşməsindən əsas naratlığı
şimal qonşumuz olan Rusiya keçirir. Bu narahatlığın başlıca səbəbi
kimi isə sözügedən layihələrin Rusiyanın Avropa bazarındakı
hegemonluğunu sarsıtmaq ehtimalıdır. Qeyd edək ki,
Azərbaycan gələcəkdə bu qaz boru kəməri ilə Avropaya 30 milyon kubmetr qaz
ixrac etməyi proqnozlaşdırır. Azərbaycanın
TANAP və TAP layihələri Amerika Birləşmiş Ştatları (ABŞ)
başda olmaqla, bütövlükdə Qərb üçün də ciddi əhəmiyyət kəsb edir. Azərbaycan
Qərbin enerji təhlükəsizliyini təmin edən ölkə status almağa çalışır. Hazırda qaz bazarında önəmli sözə
sahib olan Rusiya "Şimal axını-2”
layihəsini də yekunlaşdırmaq üzrədir. Rusiya bu layihə ilə Avropanın qaz bazarında birbaşa nəzarət imkanı əldə
etməyi planlaşdırır. Buna baxmayaraq, ABŞ Rusiyanın bu layihəsindən narahatdır. Birləşmiş Ştatlar yenidən "Şimal axını -2” layihəsinə sanksiya tətbiq
etməyi planlaşdırır. Belə ki, Amerika Birləşmiş Ştatları Konqresi, "Şimal
axını - 2”
qaz kəmərinə qarşı sanksiyaları ölkənin 2020-ci il üçün müdafiə büdcəsinə daxil
etməyi planlaşdırır. Bununla bağlı danışan Senatın Xarici İşlər Komitəsinin
rəhbəri Cim Riş qeyd edib ki, sanksiyalar qaz kəmərində işləyən tikinti
şirkətlərini layihəni tərk etməyə məcbur edə bilər. "Bu, onlara çox baha
başa gələcək” deyə Riş "Defence News” nəşrinə açıqlamasında
bildirib
Maraqlıdır,
"Şimal axını-2”qaz kəmərinə nəzərdə tutulan sanksiyalar TANAP və TAP-ın Avropa üçün əhəmiyyətini artıra bilərmi?
Politoloq
Natiq Miri "Cümhuriyət” qəzetinə şərhində deyib ki, ABŞ Rusiyaya qarşı sanksiya
tətbiq etsə də, bu prosesin qarşısını almaq gücündə deyil. N.Miri hesab edir
ki, bu məsələdə əsas rolu Almaniya oynayır: ""Şimal
axını-2”
layihəsi Baltik dənizinin dibi ilə çəkilən, bilavasitə Almaniyaya gedən qaz
kəməridir. Bu məsələdə Almaniya hökuməti də maraqlıdır.
Baxmayaraq ki, dəfələrlə ABŞ Almaniya hökumətindən bu layihənin
qarşısını almaqla bağlı tpvsiyyələr və təzyiqlər edib. Ancaq buna baxmayaraq,
Almaniya daha çox özünün maraqları çərçivəsində
hərəkət etdiyi üçün artıq bu məsələ
demək olar ki, yekun mərhələyə qədəm qoyub. Düşünürəm ki, ABŞ-ın bu basqısı və
təzyiqi o qədər də ciddi effekt verməyəcək. Təbii ki, ABŞ bununla Rusiyanın
Avropaya qaz təchizat ilə bağlı monopolist mövqeyini
sarsıtmaq istəyir. Xüsusilə də Avropanın qaz
təchizatında Rusiyanın bu prosesi öz monopoliyasına almasına
imkan vermək istəmir. ABŞ tədricən Rusiyanı Avropa bazarından çıxarmaqla
özünün sıxışdırılmış qazını bazarda satmaq niyyətindədir.
Avropaya qaz satışının təkcə Rusiyanın nəzarətində deyil, şaxələndirilmiş formada olmasını
təmin etməyə çalışır. Bu məsələdə
təkcə ABŞ və Rusiya deyil, digər mənbələrdən, eyni zamanda Azərbaycandan və
Aralıq dənizi hövzəsindən gələcək
perspektivdə qaz təminatının olması planlaşdırılır.
Ona görə də ABŞ bu təzyiqlərlə və bununla bağlı konkret sanksiya tətbiq etməklə Almaniyanı bu prosesdən çəkindirmək
istəyir. Düşünürəm ki, bu, o qədər də effekt verməyəcək. Çünki artıq bu proses yekunlaşmaq üzrədir. Bundan sonra isə ABŞ-ın
bu prosesin qarşısını almaq imkanları yoxdur”.
Politoloqun
fikrincə, Azərbaycan Avropaya qaz satışında Rusiya ilə
rəqabət aparacaq gücdə deyil: "Azərbaycanın
Avropaya qaz təchizatı gələcək
perspektivdə 30 milyard kubmetrə qədər artırılacağı
gözlənilir. Ancaq hələlik TANAT qaz layihəsi çərçivəsində
yalnız Türkiyəyə qaz ötürülür ki, bu da
təxminən 6 milyard kubmetr civarındadır. Yəni
Türkiyənin qaz istehlakı həcmində
nəzərdə tutulur. TANAP da TAP-la birləşdikdən sonra İtaliyadan
da keçəcək. Əsasən Şərqi Avropa ölkələrinin qaz təchizatında Azərbaycan iştirak edəcək. Düşünürəm ki, Azərbaycanın Avropaya qaz satışında yaxın illərdə Rusiya
ilə "Şimal axını -2”
ilə bağlı hər hansı bir
rəqabət olmayacaq. Çünki Azərbaycanın hələlik
bu qədər böyük həcmdə Avropaya qaz satmaq imkanları mövcud
deyil. Azərbaycanla Rusiya bu məsələdə müqayisə olunmamalıdır. Çünki Azərbaycanın
Avropanı qazla təmin etmək imkanları
minimudur. Bu, gələcək perspektivdə, 30 milyon kubmetrə qədər
artırıla bilər ki, ancaq ondan sonra
qismən də olsa, rəqabətdən danışmaq olar”.
Vilayət
Muxtar