Yuxarı

Azərbaycan neft hasilatını azaldır: - Büdcə itirsə də, ölkə qazanacaq

Azərbaycan neft hasilatını azaldır:  - Büdcə itirsə də, ölkə qazanacaq


Vyanada 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bu məsələ OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşü zamanı müzakirə edilib. Neft İxrac Edən Ölkələr Təşkilatına üzv olmayan Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı razılaşmaya qoşularaq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Burada məqsəd dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək göstərməkdir. Bildirək ki, bu qərardan sonra Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalı olacaq.

Maraqlıdır, bu addım Azərbaycanın neftdən gələn gəlirini nə qədər azaldacaq?


Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında neft məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, Azərbaycan kimi OPEC-ə üzv olmayan dövlətlərin sırasında dayanan ölkələrin hazırda qlobal neft bazarlarında balansın tarazlaşmasına elə ciddi təsiri yoxdur: "Hazırda Vyana sazişinin iştirakçıları sırasında olan dövlətlərdən Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt kimi dövlətlərin qlobal neft bazarına çox ciddi təsirləri var. Eyni zamanda, bura Rusiya Federasiyası və Qazaxıstanı da daxil etmək olar. Bu dövlətlərin ixrac həcmləri çox yüksəkdir. Düşünürəm ki, Azərbaycanın 7 min və yaxud 27 min barel neft hasilatını azaltması qlobal bazara elə bir təsiri olmayacaq. Bu, həm OPEC, həm də OPEC+ ölkələr üçün çox sərfəlidir”. Ekspert vurğulayıb ki, əgər Vyana sazişi iştirakçısı olan dövlətlər əlavə olaraq 500 min barel neft hazilatını azaltmasalar, 2020-ci ildə qlobal neft bazarlarında tarazlığın bərqərar edilməsi çox çətin ola bilərdi: "Bu, birbaşa qiymətlərə də təsir edəcəkdi. 7 min barel azalma Azərbaycana elə də təsir etməyəcək. Bizdə onsuz da Azərbaycan neft yataqlarında təbii azalmalar gedir. Azərbaycanın Xəzər sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” yataqlar blokunda, eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin həm dəniz, həm də qurudakı yataqlarında hasilat həcmləri 2009-2010-cu illərdə olduğu səviyyədən kifayət qədər azdır. 2009-2010-cu illərdə Azərbaycanda illik neft hasilatı 50 milyon ton olub. İndi isə həmin dövrlə müqayisədə neft hasilatı 10 milyon ton azalıb. Artıq qarşıdakı illərdə də azalmalar müşahidə olunacaq”. Həmsöhbətimiz Azərbaycanın neft yataqlarında bundan sonra hasilat həcmlərini artırmağ mümkün olmayacağını diqqətə çatdırıb: "Ona görə də Azərbaycan və Azərbaycan kimi dövlətlər qlobal neft bazarlarında həm hasilatçı, həm istehlakçı dövlətləri qane edən bir qiymətə nail olmalıdır. Biri var neftin qiyməti 40 dollar olsun, biri də var 60-62 dollar civarında dövr etsin. Dünya bazarında "Azeri LT CIF” markalı xam neftin 1 bareli 68 dollardan yuxarı satılır. Əgər neftin qiyməti 40 dollara düşərsə, təbii ki, Azərbaycan Dövlət Neft Şirkətinin gəliri azalacaq. Ona görə də 27 min barel hasilat həcmini aşağı salmaq bazarın tənzimlənməsi baxımından Azərbaycana xeyirdir”.

Səyad Həsənli

 





Həftənin ən çox oxunanları