Vüqar
Bayramov: "Hökumət qeyri-neft sektorunda büdcə gəlirlərinin payının 60 faizə çatdırılmasına nail olmalıdır”
Milli
Məclisdə büdcə müzakirələri başa çatdı və 2020-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat
məbləğində təsdiq olundu. Bu da 2019-cu ilin
təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7
faiz çoxdur. Büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10 milyard 536
milyon 500 min manat) 43 faiz, neft
gəlirləri (13 milyard 947 milyon 500 min manat, o cümlədən Dövlət Neft
Fondundan transfer 11 milyard 767 milyon 500 min manat) isə 57 faiz təşkil
edəcək.
Qeyd edək
ki, 2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft
gəlirləri cari ilə nisbətən 1 milyard 68 milyon 800 min manat və ya 11,3 faiz
çoxdur. 2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1 milyard 133 milyon 700 min
manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən
888 milyon 300 min manat və ya 43,9 faiz azdır.
Büdcə xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi
çəkisi 40,7 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz-bəndi
və ya 2 milyard 664 milyon 200 min manat çoxdur.
Göründüyü
kimi, dövlət büdcəsinin neft gəlirlərindən asılılığı
ciddi şəkildə qalmaqdadır.
Ümumilikdə illər üzrə statistik məlumatları təhlil etdikdə, transfertlərdə artım tempi müşahidə olunur. Məsələn, 10 il öncə Neft
Fondundan Dövlət büdcəsinə transfertlər 40 faiz civarında
idisə, indi bu 48 faizdir. Halbuki hökumətin hədəfi
büdcədə qeyri-neft sektorunun payını artırmaq, büdcənin
neftdən asılılığını azaltmaq idi.
2015-ci
il devalvasiyalarında sonra hökumət qeyri-neft sektorunun inkişafında
daha inamlı mövqe sərgilədi. Lakin son illər neftin qiyməti qalxandan sonra,
hökumət yenidən arxayınlaşdı. Dövlət
büdcəsinə əsasən, vergilər və gömrük daxilolmaları
hesabına vəsait yığılır ki, bu vəsaiti
də qeyri-neft sektoru kimi göstərmək istəyirlər. Nəticədə qeyri-neft sektoru
inkişaf etdirilə bilmədi.
Maraqlıdır, Azərbaycanın
yaxın illərdə neft asılılığı nə
qədər azala bilər?
İqtisadçı-alim
Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, 2020-ci ilin
dövlət büdcəsində büdcə gəlirlərinin formalaşmasında neft sektoru yenə aparıcı olaraq qalacaq: "Büdcə gəlirlərinin 56 faizdən çoxu
neft gəlirlərinin, təxminən 43 faizdən yuxarısı isə
qeyri-neft sektorunun payına düşəcək.
Praktik olaraq neft sektoru yenə də növbəti ilin dövlət büdcəsində dominant
sahə olaraq qalmaqdadır. Baxmayaraq ki, 2019-cu illə
müqayisədə büdcə gəlirlərində neft sektorunun payı faiz
etibarilə azalıb, amma yenə
də neft iqtisadiyyatda üstün rol oynayır. Ümumiyyətlə,
öncədən proqnozlaşdırmışdıq ki, qısa zamanda neft sektorunun ümumi fiskal
gəlirlərinin payını kəskin
azaltmaq mümkündür. Çünki Azərbaycan enerji ölkəsi olduğu
üçün neft satışından əldə olunan gəlirlər növbəti
dövrlərdə də aparıcı olacaq. Digər tərəfdən
büdcə gəlirlərində neft sektorunun payı, həm
də Dövlət Neft Fondunun transfertləri hesabına
formalaşır. Transfertlər həm də Azərbaycan üçün valyutaya
olan tələbin ödənilməsi baxımından vacibdir. Əgər
Dövlət Neft Fondundan nisbətən az vəsait transfert olunarsa, bu, valyutaya olan
tələbin ödənilməsində çətinlik yarada bilər. Bu baxımdan
balansın qorunub saxlanması, həm də valyutaya olan tələbin
ödənilməsi baxımdan vacibdir. Əsas hədəf ondan
ibarətdir ki, fiskal gəlirlərdə qeyri-neft sektorunun payının artmasına nail olmaq mümkün olsun. Bunun üçün Azərbaycan
ixracatında da qeyri-neft sektorunun payının paralel olaraq
artırılmasına ehtiyac var. Əgər ixracatda qeyri-neft sektorunun
payında kəskin artımlar
olmazsa, fiskal artımlar valyutaya olan tələbin
ödənilməsində çətinlik yarada bilər”.
Analitik onu
da qeyd edib ki, hazırda Azərbaycanın ümumi ixracatında qeyri-neft sektorunun payı təxminən
11 faizdir: "Təbii ki, indiki halda, ümumi ixracatda qeyri-neft sektorunun payının 30 faizə qədər çatdırılmasına
ehtiyac var. Bu halda, fiskal gəlirlərin formalaşmasında qeyri-neft
sektorunun payının artmasını müşahidə edə bilərik. Büdcə gəlirləri üçün 2025-ci
ilə qədər olan dövrdə qeyri-neft sektorunun payının
artırılması hədəfdir. Xüsusən yaxın 3
ildə hökumət qeyri-neft sektorunda büdcə gəlirlərinin payının 60 faizə çatdırılmasına nail olmağa
çalışmalıdır. Qeyri-neft ixracatının ümumi ixracatda payının sözügedən
müddətdə 30 faizə çatırılmasına ehtiyac var ki, bu
həm valyutaya olan tələbin ödənilməsində çətinlik yaratmasın, həm gəlirlərin formalaşmasında, həm də ümumi ixracatda
qeyri-neft sektorunun payının artmasına və
neftdən asılılığın aradan qaldırılmasına gətirib
çıxarsın”.
"Strateji Yol Xəritəsində 2020-ci ildə qeyri-neft sektorunun payının kəskin artırılması proqnozlaşdırılmır”
Vüqar
Bayramovun sözlərinə görə, Strateji Yol Xəritəsində 2020-ci ildə qeyri-neft
sektorunun ümumi makroiqtisadi göstəricilərdə payının kəskin
artması, dəyişdirilməsi nəzərdə tutulmayıb: "Strateji Yol Xəritəsində qeyri-neft sektorunun payının dəyişdirilməsi 2020-ci ildən sonrakı dövrə hədəflənib. Güman edirəm ki, sözdə Strateji Yol
Xəritəsindəki hədəflərə diqqət yetirsək, 2020-ci ilədək qeyri-neft sektorunun
payının kəskin artırılması
proqnozlaşdırılmır. Çünki enerjisi ölkəsi olan Azərbaycanda qısa zamanda qeyri-neft sektorunun makroiqtisadi göstəricilərinin
payının kəskin artırılması
praktik olaraq çətindir. Ona görə də hökumət üçün hədəf 2025-ci
ilədək makroiqtisadi göstəricilərdə qeyri-neft sektorunun payının bəlli həddə qədər yüksəlməsinə nail olmaq olmalıdır”.
Yeganə
Oqtayqızı