Yuxarı

İllik inflyasiya göstəriciləri: Sərhəd bölgələri Bakını niyə qabaqlayır?

İllik inflyasiya göstəriciləri: Sərhəd bölgələri Bakını niyə qabaqlayır?

İllik inflyasiya göstəriciləri: Sərhəd bölgələri Bakını niyə qabaqlayır?

Azərbaycanın iqtisadi rayonlarında bu ilin yanvar-noyabr ayları üzrə illik inflyasiya səviyyəsi açıqlanıb. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ən yüksək illik inflyasiya 4,6 faiz olmaqla Quba-Xaçmaz və Lənkəran iqtisadi rayonlarında qeydə alınıb. Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artıb. Bakı şəhərində isə illik inflyasiya 2,9 faiz təşkil edib. 

Maraqlıdır, iqtisadi rayonları üzrə illik inflyasiya səviyyəsi nəyə əsasən müəyyən olunur? Ümumiyyətlə, bu rəqəmləri dünya praktikası ilə müqayisədə necə qiymətləndirmək olar?

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında, iqtisadi rayonları üzrə illik inflyasiya səviyyəsini dünya praktikası ilə müqayisə etməyi düzgün hesab etmədiyini deyib:

"İnflyasiya səviyyəsinin ölçülmə qaydaları var. Bu qaydalar əsasında mal və xidmətlərin qiymətlərində baş verən dəyişikliklərin həm istehsal, həm də istehlak indeksinin ümumi nəticələri olaraq ortaya çıxır. Ola bilər ki, Azərbaycanda hesablamalar aparılarkən məlumatların müəyyən qədər aşınması olsun. Çünki biz bunu makro göstəricilərdə hər zaman müşahidə edirik. Ölkəmizdə statistika nisbətən siyasiləşmiş statistikadır. Yəqin ki, daha dəqiq hesablamaların aparılması üçün müvafiq qurumların, o cümlədən Dövlət Statistika Komitəsinin resursu da çatışmır. Bu baxımdan bir sıra hallarda daha fərqli qiymətləndirmələr aparılır. Bu istiqamətdə ortaya müəyyən nöqsanlar çıxa bilər”.

Analitik təqdim olunan rəqəmlərin tam olaraq Azərbaycanın real vəziyyətini əks etdirdiyini deməyin çətin olduğunu da qeyd edib: 

"Bunun üçün əlavə qiymətləndirmələr, hesablamalar, eləcə də monitorinqlərin aparılmasına ehtiyac var. Amma təcrübə onu deməyə əsas verir ki, böyük ehtimalla bu hesablamalarda da hər zamanki kimi nisbi yanaşma tətbiq olunub”.

Ölkə ilə müqayisədə Quba-Xaçmaz və Lənkəran rayonlarında inflyasiyanın nisbətən daha yüksək olmasına gəlincə, ekspert bunun bir neçə səbəbinin olduğunu bildirib: 

"Bu rayonların ortaq nöqtəsi həm cənub, həm də şimal tərəfdən sərhədlərə yaxın olmasıdır. Digər ortaq nöqtə kimi turizm zonası olması əsas götürülə bilər. Bilirik ki, mövsüm dövrü yeni başa çatmaqdadır. Bu baxımdan bu bölgələrdə turistlərin sayı nisbətən çox olub ki, bu da mal və xidmətlərə tələbi artırıb. Nəticədə qiymətlərin digər passiv bölgələrlə müqayisədə nisbətən daha yüksək sürətlə artmasının müəyyən iqtisadi izahı ola bilər”. 

#

İqtisadi rayonlar

 İllik inflyasiya, %

Aylıq inflyasiya, %

1

Quba-Xaçmaz

4,6

0,5

2

Lənkəran

4,6

0,3

3

Şəki-Zaqatala

4,0

0,4

4

Yuxarı Qarabağ

3,9

0,9

5

Abşeron

3,5

0,6

6

Aran

3,4

0,5

7

Dağlıq Şirvan

3,3

0,3

8

Gəncə-Qazax

3,2

0,3

9

Naxçıvan

2,1

0,2

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları