Yuxarı

Azərbaycanda investisiyalar azalır - NİYƏ?

Azərbaycanda investisiyalar azalır - NİYƏ?

Azərbaycanda investisiyalar azalır - NİYƏ?

Dövlət rəsmiləri gələn ilin büdcəsinin sosial yönümlü olduğunu bildirib. 

Buna baxmayaraq, Dövlət Statistika Komitəsinin mütəmadi olaraq açıqladığı rəqəmlərdə əks tendensiya müşahidə olunmaqdadır. Belə ki, Komitənin açıqlamasına görə, 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 786,9 milyon manat vəsait yönəldilib. Bu, isə ötən ilin eyni dövrü ilə müqayisədə 0.9% azdır.

Sərf edilmiş vəsaitin 67,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 65,7 faizi məhsul istehsalı sahələrinə, 24,9 faizi xidmət sahələrinə, 9,4 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,5 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,0 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,9 faiz təşkil edib. 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 899,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz az vəsait yönəlib.

İqtisadi və sosial sahələrinin inkişafına yönəldilən investisiyalar niyə azalır? 

İqtisadçı ekspert Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 2020-ci il büdcə xərclərinin təxminən 42-44 faizinin, yəni 10 milyard manatdan çox olan məbləği xüsusilə sosial layihələr üçün nəzərdə tutulub:

"Bu, ötən illərdəki rəqəmlərlə müqayisədə azalma deməkdir. Nəzərə almaq lazımdır ki, gələn il ölkədə iqtisadi artım 3,6 faiz proqnozlaşdırılır. 2020-ci ildə əsas kapitala investisiya qoyuluşunun həcmi 18,3-18,5 milyard proqnozlaşdırılır. Lakin təəssüf ki, gələn ilin dövlət büdcəsində təhsil, səhiyyə, pensiya və müavinətlərin ödənilməsi, eyni zamanda digər sosial layihələrin həyata keçirilməsi üçün proqnozlaşdırılan maliyyə cari illə müqayisədə heç də yüksək deyil. Əgər bu investisiyaların həcmi cari ildə 7, 7 milyard idisə, bu il rəsmi açıqlamada 10,6 milyard manatın qeyri-neft sektoruna yönəlməsi nəzərdə tutulursa,  bu heç də o demək deyil, bu investisiya yalnız sosial sahəni əhatə edəcək. Hökumət nümayəndələri 2020-ci il büdcəsinin daha çox sosial yönümlü olduğunu bildirirlər. Amma təəssüf ki, bu proqnozların real olmadığını rəqəmlərlə sübut edə bilirik”. 

Gələn il pensiya yaş həddinin artırılmasının nəzərdə tutulduğunu qeyd edən iqtisadçının sözlərinə görə, 2020-ci il də növbəti mərhələ olaraq pensiya və müavinətlərin artırılması üçün nəzərdə tutulan maliyyə 2019-cu illə müqayisədə heç də yüksək deyil:

"Cari illə müqayisədə dövlət büdcəsindən sosial siyasət və vətəndaşların rifah səviyyəsinin yaxşlaşdırılması ilə bağlı rəqəmlərdə 7-10 faizlik geriləmə müşahidə olunur. Bəzi analitiklərin açıqlamasından aydın olur ki, ölkənin investisiya siyasətində, neft qiymətlərinin tərəddüdü, daxili və xarici maliyyə imkanlar nəzərə alınır. Bütün hallarda Azərbaycanın valyuta ehtiyatları və həyata keçirdiyi administrativ maliyyə siyasəti nəzərə alınaraq ölkəmizdə sosial siyasət daha dayanıqlı formada həyata keçirilə bilər. Bunun proqram halında, mərhələli şəkildə həyata keçirilməsinə Azərbaycanın bu günki  durumu buna imkan verir”.

İqtisadçı təəssüflə qeyd etdiyini bildirdi ki, 2020-ci ildə ölkənin sosial-iqtisadi siyasətinin həyata keçirilməsi üçün nəzərdə tutulan xərclər cari ildən bir qədər aşağıdır. 

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları