Yuxarı

Pensiya sistemində yenilik: Özəl fondlar nə zaman yaranacaq?

Pensiya sistemində yenilik: Özəl fondlar nə zaman yaranacaq?

Pensiya sistemində yenilik: Özəl fondlar nə zaman yaranacaq?

Bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanda hələ ki, özəl pensiya fondları yoxdur. 

Özəl pensiya fondları yaradılması məsələsi zaman-zaman hökumət rəsmiləri, eləcə də müstəqil ekspertlər tərəfindən müzakirə olunub. Hətta deputatlar qeyri-dövlət pensiya fondları ilə bağlı qanun layihəsinin hazır olduğunu da bəyan etmişdi.

Qeyd edək ki, qeyri-dövlət təqaüd fondları sosial-sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurumdur. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər əldə edir. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir. Bu cür fondlar vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən hələ 2008-ci il dekabrın 30-da təsdiqlənən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair dövlət Proqramı"nın bəndlərindən biri məhz qeyri-dövlət pensiya fondlarının inkişafı ilə bağlıdır.

Maraqlıdır, Azərbaycanda özəl pensiya fondları yaradılmasının mane olan səbəblər nədir?

İqtisadçı-alim Cümşüd Nuriyev "Cümhuriyət” qəzetinə özəl pensiya fondları yaranmasını gecikdirən səbəblərdən danışıb:

"Bu günə qədər keçmiş Azərbaycan hökuməti fərman və sərəncamları lazımi səviyyədə yerinə yetirə bilmədiyi üçün bu məsələlər açıq qalıb. Qanunverici orqanı olan Milli Məclis bu layihəni hazırlayıb ortaya çıxarmalı idi. Hətta bu qanun layihəsini ictimai müzakirəyə də çıxarmaq olardı. Milli Məclisin ən böyük faciəsi ondan ibarətdir ki, onlar yuxarıdan təqdim olunan qanunları gözləyir. Çox az hallarda özləri qanunvericilik təşəbbüsü ilə çıxış edirdilər. Nə Milli Məclis bu təşəbbüslə çıxış etdi, nə də hökumət 2009-2015-ci illərdə nəzərdə tutulan sığorta-pensiya sisteminin inkişafına dair dövlət Proqramı icrasını yerinə yetirdi. İndi də gec deyil. Azərbaycanda artıq pensiya siyasəti formalaşıb, oturuşmuş siyasətə çevrilib. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işin öhdəsindən gələ bilər. Maliyyə və İqtisadiyyat nazirliklərinin birgə iştirakı ilə qeyri-dövlət pensiya fondlarının yaradılmasına nail ola bilərlər.

Azərbaycanda iri şirkətlər var ki, onlar Pensiya Fonduna böyük məbləğdə vəsait ödəyirlər. Onlar həmin vəsaitləri qanunvericiliyə uyğun olaraq öz işçiləri üçün ayıra bilərlər. Onsuz da bu şirkətlər özəldir. Hesab edirəm ki, pilot layihə kimi "Azərsun”, SOCAR kimi iri şirkətlər bu mexanizmi tətbiq edə bilərlər. Bu şirkətlər öz nəzdində özəl pensiya fondu yaradaraq dövlətə ödədikləri bütün sığortalar və köçürmələri məhz həmin fonda köçürürlər. Onlar pensiyaya çıxanlara ödənişlə bərabər, orada toplanmış vəsaitlərdən yenidən sərmayə kimi istifadə edə də bilərlər. Beləliklə də əldə olunan dividentlərdən növbəti illərdə təqaüdə çıxanlara daha yüksək pensiya verə bilərlər. İnkişaf etmiş ölkələrdə bu cür sosial modellər var. Ən yaxşı nümunə kimi Norveç, Yaponiya və Almaniyanın modelindən istifadə etmək olar. Çünki 2020-ci ildə Azərbaycanda hər nəfərə düşən ümumi daxili məhsul 15-17 min dollar olacaq ki, bu da ölkəyə iqtisadi cəhətdən inkişaf etmiş dövlət statusu qazandıracaq. Ona görə də nə qədər gec deyil, müvafiq dövlət qurumları ilə sahibkarlar arasında razılaşma olmalıdır”.

Analitik hesab edir ki, yeni parlament qeyri-dövlət pensiya fondlarının yaranması məsələsini qanunvericilik təşəbbüsü ilə gündəmə gətirməlidir: 

"Çünki pensiyaçıların hamısını təmin etmək dövlət üçün ağır yükdür. Amma bu fondların yaranması dövlətin bir növ tədricən yükünü azaldır. Hər il 3-5 faiz olsa da, 10 ildən sonra dövlətin yükü 20-25 faiz azalar. Dövlət buradan əldə etdiyi vəsaitləri sosial rifah səviyyəsinin yüksəldilməsinə, əlillərə və əhalinin həssas qrupuna daxil olan digər şəxslərə daha yüksək təqaüd ödəyə bilər”.

Cümşüd Nuriyev onu da qeyd edib ki, Azərbaycanda holdinq səviyyəsində10-na yaxın şirkət var: 

"Holdinq o deməkdir ki, onun sığorta və bank sistemi var. Bank və sığorta sistemi olan özəl şirkətlər bunu kütləvi yox, pilot layihə kimi həyata keçirə bilərlər. Necə ki, icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə hissə-hissə başlanacaq, buna da həmin cür yanaşsalar uğurlu olar. Hətta şirkətlər tədricən tibbi sığortanın bir hissəsini öz üzərlərinə götürə bilərlər, yəni öz işçilərini özləri təmin edə bilərlər. Hər şeyi dövlətin üzərinə atırlar. Dövlət də bu siyasəti bir nazirliklə həyata keçirə bilmir, sonda günahkar olur. Cəmiyyətlə dövlət arasında ictimai qaydalara pozulmağa başlayır. Nəticədə cəmiyyətin dövlətdən narazılığı artır ki, bu da siyasi sabitliyin pozulmasına gətirib çıxarır. Yaxşı olar ki, dövlət tədricən öz yükünü azaltsın. Bu, həm vergi, həm sığorta, həm pensiya, həm də sahibkarlıq siyasəti ilə bağlıdır. Dünyanın əsas inkişaf etmiş kapitalist ölkələrində bu cür metodlardan istifadə olunur. Nədən bu metoddan keçmiş MDB məkanında birinci biz yararlanmayaq?! Sovet sistemindən çıxmış ölkələr artıq buna keçiblər. Azərbaycan da buna keçə bilər, buna bizim intellektimiz də, savadımız da, iradəmiz də çatır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları