Yuxarı

Obyektlərin sığorta yolunu nə kəsir?

Obyektlərin sığorta yolunu nə kəsir?

Obyektlərin sığorta yolunu nə kəsir?

Azərbaycanda sığorta sahəsində mövcud olan problemlərin səbəbləri çoxşaxəlidir. 

Bəzən mütəxəssislər sığorta sektorunun inkişaf etməməsini əhalinin inamsız yanaşması ilə əlaqələndirirlər. Amma bunun əksi olan hallar da az müşahidə olunmur. Vətəndaş daşınmaz və daşınar əmlakını sığortalatdırmaq istəyir, amma sığorta şirkətləri bundan imtina edir.

"Binə" ticarət mərkəzində bir neçə mağazası olan sahibkar Bəhruz Məmmədov FED.az-a bildirib ki, obyektlərini sığortalamaq üçün "Atəşgah" da daxil olmaqla bir neçə sığorta şirkətlərinə müraciət edib, onlar isə bundan imtina edib: "Sığorta şirkətləri bildirdi ki, mənim obyektlərimi sığorta etməyəcəklər. "Azsığorta" əsas kimi onu gətirir ki, "Binə" ticarət mərkəzi riskli məkandır. Onlar deyir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) buranı təhvil almayıb, ona görə də sığortalaya bilmərik”. Sahibkar bildirib ki, digər şirkətlərdən isə heç bir əsas gətirilmədən sığortadan etməkdən imtina olunub.

Sahibkarın sözlərinə görə, adlarını qeyd etdiyi sığorta şirkətlərinə hələ "Eurohome" ticarət mərkəzində yanğın baş verməmişdən əvvəl müraciət edib: "Sədərək" ticarət mərkəzində çalışan yoldaşlar var, onlar öz dükanlarını sığortalatdırıblar. "Binə" ticarət mərkəzi yeni tikiləndə bir-iki sığorta şirkəti gəlib sığorta xidmətlərini təklif edirdilər. Amma sonradan onlar da yoxa çıxdılar. "Binə"də bir neçə dəfə yanğın olub. Fikrimcə, sığorta şirkətləri də ona görə sığortalamırlar". İş adamı bildirib ki, bəzi sığorta şirkətləri mərkəzdəki mağazaları sığorta edirlər, amma bu yalnız yanğına aiddir, subasmadan sığorta etmirlər. 

Qeyd edək ki, bu, sığorta şirkətlərinin "Sədərək" və "Binə" ticarət mərkəzindəki obyektlərini sığortalamaqdan imtinası ilə bağlı yeganə fakt deyil. Fövqalədə Hallar Nazirliyinin obyektləri istismara almaması, onların riskli zona kimi tanınmsına əsas verir. Nəticədə isə ziyan sahibkarlara dəyir. Baxmayaraq ki, ticarət mərkəzində obyekti olan kiçik sahibkarlar arenda haqqını və digər xərcləri vaxtlı-vaxtında ödəyir və bütövlükdə Mərkəzin təhlükəsizlik sistemini qurmaq onun səlahiyyətində deyil, ziyan birinci növbədə ona dəyir. 

Böyük ticarət mərkəzləri olan "Diqlas”-da, "Eurohome”-da baş verən yanğınlar zamanı da obyektlərin sığortalı olmadığı üzə çıxardı. Eyni zamanda bu və ya digər hadisələr zamanı ticarət mərkəzlərinin sığorta tələblərinə uyğun olmadığı da məlum olur. 

Sual yaranır ki, həmin obyektlər niyə standarta cavab vermir? Standarta cavab vermirsə, niyə sökülmür və ya onların qarşısında bu şərtlərə uyğunlaşmaq tələbi qoyulmur?

Qeyd edək ki, suallara cavab almaq üçün Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz baş tutmadı. "Kasko.az” online sığorta platformasının təsisçisi, sığorta eksperti Nizami Mənsimov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, obyektin sığortalanması üçün hansısa standartlar mövcud deyil:

"Sadəcə olaraq, burada nəzərdə tutulur ki, hər hansı bir obyekt təyinatı üzrə istifadə olunmalıdır və orada bütün texniki təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Bu halda, sığorta şirkətləri onu sığortalayır ki, hər hansı fors-major durum - təbii fəlakət və ya "sığorta fəaliyyəti haqqında” qanunvericilikdə nəzərdə tutulan sığorta hadisəsi baş verərsə, sığorta şirkəti dəyən zərəri qarşılasın. Bəzi obyektlərin  sığortalanmasından imtina olunmasına gəlincə, demək lazımdır ki, ilk növbədə ticarət mərkəzlərində yanğın təhlükəsizliyi təmin olunmalıdır, orda təxliyyə planı, yanğınsöndürən maşınların girişi üçün imkanlar yaradılmalıdır”.

Mütəxəssis deyir ki, hər hansı sığorta şirkətinin əməkdaşı obyektin təyinatı üzrə fəaliyyət göstərmədiyini, məhsulların saxlanma şəraitinə uyğun olmayaraq saxlanıldığını, adi bir səbəbdən yanğın təhlükəsinin baş verə biləcəyini görən zaman haqlı olaraq bu obyekti sığortalamaqdan imtina edir: 

"Və ya tövsiyə olunur ki, çatışmazlıq aradan qaldırılsın. Əks halda, hadisə qaçılmazdır. Bütün risklər nəzərə alındıqda və sığorta şirkəti aşağı qiymət qoyduqda isə müştəri onunla razılaşmayacaq”.

Nizami Mənsimov onu da qeyd etdi ki, sığorta üçün texniki təhlükəsizlik məsələrindən başqa sənədlərin qaydasında olması da vacibdir: 

"Əmlakın qaimə fakturası, mühasibat sənədləri sığorta işçisinə təqdim edilməlidir. Sığorta işçisi də bu zaman giriş və çıxışa əsasən, mal qalığının nə qədər olduğunu müəyyən edir. Və tutaq ki, 100 min manatlıq mal qalığı varsa, əmlakı sığortalaya bilir. Bir sıra hallarda həm səndələrin, həm saxlanma şəraitinin, həm də digər məsələlərin hamısı mövcud olmur. Təəssüflər olsun ki, yalnız "Binə” və "Sədərək”-də deyil, əksər  ticarət obyektlərində bunlar yoxdur”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları