Yuxarı

Sahibkarları taleyin ümidinə buraxan sığorta sistemi

Sahibkarları taleyin ümidinə buraxan sığorta sistemi

Sahibkarları taleyin ümidinə buraxan sığorta sistemi

"Dünyanın heç bir ölkəsində təbii, yaxud texniki səbəblərdən baş verən fəlakətlərdə əhalinin əmlakına dəyən zərəri dövlətin ödəməsi halı yoxdur”.

Bu fikirləri Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-in yaradılmasının 14 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib. O, son vaxtlar aktuallaşan obyekt və mülklərin fövqəladə hallara qarşı sığortalanması məsələsinə də toxunub. 

Nazir qeyd edib ki, müxtəlif fəlakətlər, o cümlədən yanğın, zəlzələ, sel və s. nəticəsində dəymiş ziyanın əvəzinin dövlət tərəfindən ödənilməsi yalnız Azərbaycanda baş tutan və digər ölkələrdə analoqu olmayan bir reallıqdır. Bu isə ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü humanist siyasətin daha bir təzahürüdür.

Kəmaləddin Heydərov bildirib ki, ticarət mərkəzi tikilir, şərait yaradılır, amma onun sığorta məsələsinə diqqətsiz yanaşılır: "Haqsız olaraq dövlətdən kompensasiya istəyirlər. Qanunvericilikdə hər bir şey öz əksini tapıb. Ona görə də bu sahədə FHN-in və bilavasitə bu işlərlə məşğul olan dövlət qurumlarının fəaliyyəti artmalıdır. Bizim cəsur yanğınsöndürənlərimizin apardığı işlər sayəsində insan itkisi baş verməyib. Amma mülklərə zərər dəyib, yanıb. Bu sığorta mədəniyyətini mənimsətsək, gələcəkdə bu problemlər olmaz. Heç kim heç nədən sığortalanmayıb. Əhali diqqətli olmalıdır".

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı Cebhe.info-ya açıqlamasında deyib ki, əksər məsələlərdə FHN-nin işi onu qane etməsə də, amma bu açıqlamada Kəmaləddin Heydərova haqq verib: "Hələ "Diqlas” Ticarət Mərkəzi yananda belə bir açıqlama verdim ki, bəli, ölkə başçısı humanistlik edib orada çalışan insanlara kompensasiya verdi. Amma əslində, bu, olmamalı idi. Bunun səbəbi o deyil ki, insanlara yardım etmək lazım deyil. Sadəcə olaraq, insanlarımız düşünürlər ki, nəsə baş versə, dövlət kompensasiya ödəyəcək. "Diqlas”da baş vermiş yanğından sonra həmin sahibkarların bir qismini fəaliyyətlərini davam etdirmək üçün başqa bir yerə köçürdülər. Qəribədir ki, onlar həmin yerdə də sığortalanmayıblar. Görünür, onlar gözləyir ki, növbəti fövqəladə hal baş versə, dövlət onlara yenə də kompensasiya ödəyəcək.

Müəyyən vaxtlarda ölkələrdə zəlzələ, sel, vulkan, qasırğa və daşqın kimi ciddi təbii fəlakətlər ola bilər. Belə olan hallarda sığorta şirkətləri bu işin qarşısında aciz qala bilərlər. Bu zaman dövlətin müdaxiləsi lazım gələ bilər. Amma yanğın zamanı xüsusilə özəl sahibkarlıq subyektlərinə dəyən zərərin dövlət tərəfindən ödənilməsi qəbuledilməzdir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə "İcbari sığortalar haqqında” Qanununun tətbiqinə dair fərman 2011-ci ildə imzalanıb. Dövlət bu qanunla yükü sığorta şirkətlərinin çiyninə atır ki, büdcəyə əlavə xərc yaranmasın. Təəssüf ki, vəziyyət ürəkaçan deyil”.

Ekspert onu da vurğulayıb ki, Azərbaycanda sahibkarlıq subyektlərinin çalışdığı obyektlər heç bir tələbə cavab vermir: "İlk növbədə onların ciddi yanğın təhlükəsizlik problemləri var. Ümumiyyətlə, iri ticarət obyektlərində olan sahibkarın mağazalarının sığortalanması mümkün deyil. Çünki onların malları, mülkləri, əmtəələri rəsmi uçotdan və rəsmi hesabatdan kənarda qalıb. Onlar sığortalansa belə, sığorta şirkətinə heç bir sənəd təqdim edə bilmirlər ki, həmin mağazadakı malların ümumi dəyəri nə qədərdir. Çünki hər şey rəsmi uçotdan kənardadır. "Binə” və "Sədərək” ticarət mərkəzlərindəki vəziyyət daha çox qorxuludur. "Diqlas”, eləcə də "EuroHome” ticarət mərkəzlərində baş verən yanğını insan tələfatı olmadan ötüşdürdük. Amma arealı geniş olan bu cür yanğın "Binə” və "Sədərək” ticarət mərkəzlərində baş verərsə, yüzlərlə insan tələfatı olmadan ötüşdürmək olmaz. Çünki fövqəladə hadisə zamanı həmin ticarət mərkəzlərinə nə yanğınsöndürən maşınla daxili ola bilər, nə də insanları təxliyə etmək mümkündür. Ümumiyyətlə, insanlarımız bu cür fövqəladə və ekstremal hallara hazır deyil. Bu cür hallarda sığorta sektoru ən hazır olan tərəfdir. Sığorta şirkəti istəyir ki, bütün standartlara cavab verən müəssisədə hər şey rəsmi olsun və oranı sığortalayıb dünya praktikasındakı kimi normal qazanc əldə etsin. Amma bugünkü şəraitdə bu ticarət mərkəzlərinin heç biri sığorta şirkətləri üçün maraqlı deyil.

Çünki o ticarət obyektlərində nə normal yanğın təhlükəsizlik sistemi işləyir, nə də sahibkarlar özləri mallarını necə saxlamaq lazımdır bilmirlər. Bunlar sığorta şirkətləri üçün olduqca böyük riskdir. İlk növbədə FHN çox ciddi yanğın təhlükəsizliyi nəzarət tədbirləri həyata keçirməlidir. Bundan əlavə, həmin obyektlərdəki fəaliyyəti rəsmiləşdirilməlidir. Sahibkarlarla icarədarlar arasında rəsmi müqavilələr imzalanmalıdır, onların bütün mal və mülkləri bu hesabatda öz əksini tapmalıdır. Bütün bu tədbirlərdən sonra sığorta şirkətlərinin həmin obyekt və müəssisələri sığortalaması çox asandır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları