Yuxarı

Banklar əhalini sürətlə borclandırır

Banklar əhalini sürətlə borclandırır


Vüsalə Əhmədova: "Vətəndaşlar banklara aldığı evin dəyərindən dəfələrlə yüksək faiz ödəməyə məcburdur”


İlin əvvəlindən kredit qoyuluşları 16.1 faiz artıb ki, bu da əsasən ev təsərrüfatlarına kreditlərin (əsasən, istehlak kreditləri) 21 faiz artmasından irəli gəlib. Bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir. Cəmi kredit portfelində ev təsərrüfatlarına kreditlərin payı 50.4 faizə çatıb.
Qeyd edək ki, Mərkəzi Bankın cari ilin oktyabr ayının sonunda açıqladığı hesabata görə, Azərbaycan bankları tərəfindən 9,1 milyon manat məbləğində ipoteka krediti verilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə azdır. Hesabata əsasən, oktyabr ayında banklar tərəfindən verilən kreditlərin təkrar maliyyələşməsinin həcmi 19 milyon manat təşkil edib. İpoteka və Kredit Zəmanət Fondunun səlahiyyətli bankları tərəfindən verilən kreditlərin orta aylıq məbləği oktyabrda 50,5 min manata bərabər olub ki, bu da Fondun fəaliyyəti dövründə ən yüksək göstərici olub. Ötən ilin oktyabrında bu rəqəm 48,3 min manat təşkil etmişdi. Kreditin verilməsinin ortalama müddəti 281 ay təşkil edib ki, bu da 2018-ci ilin oktyabr ayı ilə müqayisədə dəyişməz qalıb. Orta illik faiz dərəcəsi 6,48 faiz (ötən ilin oktyabrında 6,57 faiz), orta aylıq ödəmə 354,1 manat (ötən ilin oktyabrında 342,3 faiz) təşkil edib.
AMB-nın bəyanatından və təqdim etdiyi hesabatdan göründüyü kimi Azərbaycanda istehlak kreditləri sürətlə artıb. Amma ipoteka kreditlərində azalma qeydə alınıb. Biznes kreditləri də kifayət qədər deyil.
Hazırda sahibkarlıq subyektlərinin kreditləşməsi ilə bağlı ciddi problemlər var. Banklar daha çox istehlak kreditləri verməyə maraq göstərir. Beynəlxalq standartlara görə, ümumi kredit portfelinin 20 faizə qədərinin istehlak kreditləri olması normal qəbul edilir. Azərbaycanda isə ümumi kredit portfelinin təxminən yarısını istehlak kreditləri təşkil edir. Xarici ölkələrdəki banklardan fərqli olaraq Azərbaycan bankları istehlak kreditləri verməkdə daha çox maraqlıdır. Real sektora kreditlərin az verilməsinin fərqli səbəbləri var. Əsas amil kimi kommersiya banklarının qısa zamanda daha çox gəlir əldə etməyə çalışması göstərilir.
İqtisadçı-ekspert Vüsalə Əhmədova "Cümhuriyət” qəzetinə bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin maliyyələşdirilməsinə 2006-cı ildən başlanılıb: "Hazırda ipoteka kreditləri üzrə İpoteka və Kredit Zəmanət Fondu 24 müvəkkil bankla əməkdaşlıq edir. Fondun məlumatına görə, 2006-2019-cu illər ərzində qurumun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1.375.754.594 manatı keçib. Fondun xətti ilə bu günədək say etibarilə 27.677 ədəd ipoteka kreditinin verildiyi deyilir. Kreditlərin 380,3 milyon manatdan çox hissəsini güzəştli şərtlərlə verilmiş ipoteka kreditləri təşkil edib. Kredit götürənlərin iş yerlərinə görə pay bölgüsünə nəzər salsaq, onların 21 faizi hərbi sahədə, 20 faizi bank və sığorta qurumlarında, 13 faizi energetika sektorunda, 9 faizi hüquq-mühafizə orqanlarında, 4 faizi yerli və xarici dövlət qurumlarında çalışanlardır. Güzəştli şərtlərlə ipoteka krediti alanların isə 73,7 faizini hərbi qulluqçular, 11,8 faizini dövlət qulluqçuları təşkil edir”.
Analitik Azərbaycanda ipoteka kreditləri ilə bağlı vəziyyət hələ ki, ürəkaçan səviyyədə olmadığını deyib: "İllik faiz dərəcələrinin yüksək olması kreditin aylıq məbləğinin haradasa orta aylıq əmək haqqına bərabər olmasına və hətta ondan da yüksək olmasına gətirib çıxarır. Kredit faizlərinin yüksək olmasından əlavə, şərtlər də kifayət qədər ağırdır. Məsələn, ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın aylıq məcmu gəlirinin 70 faizdən çox ola bilməz; aylıq ödənişlərin həcmi ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizdən az götürülə bilməz; borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır; daşınmaz əmlak, ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır; ipoteka krediti almaq istəyən şəxsin gecikmiş cari kredit öhdəlikləri olmamalıdır və s.
İpoteka krediti götürənlərin aylıq gəlirinə nəzər salsaq görərik ki, onların 51 faizinin məvacibi 1101 manatdan yüksəkdir, 17 faizinin maaşı 701-900 manat, 16 faizinin 901-1100 manat, 12 faizinin 501-700 manat arasında dəyişir. Rəqəmlərdən də göründüyü kimi, göstərilən məvaciblər ölkədəki orta aylıq əmək haqqını kifayət qədər üstələyir. Orta və aşağı gəlir qrupundan olan insanların ipoteka kreditlərindən faydalanmaları üçün loyal ipoteka siyasətinin həyata keçirilməsi vacibdir”.
Vüsalə Əhmədova hesab edir ki, ölkədə büdcə vasitəsilə sosial ipoteka kreditlərinin verilməsi mexanizmi təkmilləşdirilməlidir: "Avropa Birliyi ölkələrindəki ipoteka kredit faizlərinə nəzər salsaq görərik ki, bu ölkələrdəki faizlər daha çox simvolik xarakter daşıyır. Avropa ölkələri, əsasən, sosial ipoteka modelini mənimsəyib desək, yanılmarıq. İpoteka faizləri burada bazar qanunları ilə tənzimlənir və əsasən 5 faizdən yüksək olmur. Məsələn, Almaniyada illik ipoteka kredit faizləri 0,90 faizlə 1,99 faiz arasında dəyişir. Müqayisəli olaraq ifadə etsək, bizim aylıq banklara ödədiyimiz ipoteka kreditinin faizi, Almaniyada illik ödənilən faiz məbləğindən daha yüksəkdir. Bu ölkədə kredit faizləri yalnız o halda yüksəldilir ki, evi alan 10 faiz və ya 20 faiz həcmində ilkin ödəniş həyata keçirmir və ya yaşamaq üçün alınan ev sahibkarlıq məqsədləri üçün istifadə edilir. Yenə də belə kredit faizləri Azərbaycanda olduğundan yüksək olmur. Almaniyada mənzillərin qiymətləri isə şəhərə, səmtə və mənzilin şəraitinə görə 50 min avro ilə 1 milyon 500 min avro arasında dəyişməkdədir. Frankfurt, Münxen ve Hamburq kimi şəhərlər bahalı şəhərlər sayılırlar. Köhnə kömür mədənlərinin yerləşdiyi Duyburq, Leverkusen və Gelzenkirxen kimi şəhərlərdə mənzillər daha ucuzdur. Əgər Almaniyada ipoteka ilə 200 min avro dəyərində bir mənzil alsanız, banklar illik 0,90 faiz, ən çox halda isə 1,48 faizlə kredit verəcək. Kreditin aylıq ödənişləri isə 150 avro, ən yüksək halda 246 avro təşkil edəcək. Mənzil üçün ilkin ödəniş etsəniz bu məbləğ daha da az ola bilər. Kreditin 25 illik olduğunu nəzərə alsaq, müddətin sonunda alman vətəndaşı evin dəyərindən əlavə olaraq banka 45 min avro ödəmiş olur.
Düşünək ki, həmin məbləğə Azərbaycanda ipoteka krediti ilə ev alınıb. Vətəndaşımız ən yaxşı halda illik 8 faizlə banka hər ay 2.542 manat ödəməlidir. Müddətin sonunda isə evin dəyərindən əlavə olaraq banka 762.920 manat ödəmiş olacaq. Beləcə, vətəndaşlarımız banklara aldıqları evin dəyəri ilə eyni məbləğdə və əksər hallarda da evin dəyərindən dəfələrlə yüksək faiz ödəmək məcburiyyətində qalırlar. Bundan əlavə, mənzillərin hazırkı bazar qiymətləri də ölkənin mövcud iqtisadi vəziyyətini əks etdirmir.
Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency) "The World Factbook” ölkə sıralamasında illik 14 faizlik ipoteka faiz dərəcəsi ilə Azərbaycan 184 ölkə arasında 136-cı sırada yer alır. Hətta Slovakiya (3,9%), Malta (4,18%), Latviya (4,5%), Çexiya (4,5%) və Estoniya (5,1%) kimi ölkələrdə illik ipoteka faiz dərəcələri Azərbaycanda olduğundan dəfələrlə aşağıdır. İllik 1,48 faizlə Yaponiya və Almaniya siyahıya liderlik edirlər. Bu səbəbdən də, istər Avropa ölkələrində, istərsə də Yaponiyada, eləcə də ABŞ-da satılan evlərin 90 faizdən çoxu ipoteka krediti vasitəsilə alınır”.
Yeganə Oqtayqızı